İyulun 22-23-də Vyanada keçirilən Avropada miqrasiya mövzusuna həsr olunmuş nazirlər konfransında miqrasiya siyasətinə dair Əlaqələndirmə Platforması təsis edilib.
Modern.az xəbər verir ki, 18 ölkənin Daxili İşlər nazirlərinin və miqrasiya üzrə səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfrans daha çox müzakirə və məlumatlandırma xarakteri daşısa da, gözlənilmədən iştirakçılar belə bir platformanın yaradılmasına razılıq veriblər. Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer konfransın yekunlarına həsr olunmuş brifinqdə bu gözlənilməz irəliləyişdən məmnunluğunu ifadə edib.
Qeyd edilib ki, platformanın məqsədi Avropa İttifaqı və Qərbi Balkan ölkələrində birgə miqrasiya tədbirlərinin səmərəli həyata keçirilməsini təmin etməkdən ibarət olacaq. Bu zaman platforma dörd əsas istiqamətdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməlidir. Həmin istiqamətlər xarici sərhədlərin mühafizəsində əməkdaşlıq, sığınacaq hüququ olmayan qeyri-leqal miqrantların geri göndərilməsi, insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstələrə qarşı mübarizə və sığınacaq müraciətlərinə sürətli və səmərəli baxılmasının təşkilindən ibarət olacaq.
Əlaqələndirmə mərkəzi Avropa İttifaqının yeni bir qurumu və ya agentliyinə çevrilməməli, İttifaq ölkələri ilə Qərbi Balkan ölkələri arasında özünü doğrultmuş fəaliyyətləri konkret sahələrdə koordinasiya etməlidir. Həmçinin diqqətə çatdırılıb ki, payız aylarında keçiriləcək növbəti konfransda bu platformanın operativ fəaliyyətinə dair məsələlər müzakirə olunacaq.