ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentləri pisləyib. Modern.az APA-ya istinadən bildiri ki, dövlət katibi bu mövqeyini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə açıqlayıb.
Elmar Məmmədyarov qeyd edib ki, ABŞ və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qura biliblər. Dövlət katibi Hillari Klintonun səfərinin səmərəli keçdiyini deyən XİN başçısı əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıb: “Münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün bəzi ideyalar səsləndi. Xatırladım ki, iyunun 18-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. Görüşdə Əfqanıstan məsələsi, regional məsələlər də müzakirə olundu. Azərbaycan ABŞ-ın dəstəyini hiss edir”.
Brifinqdə çıxış edən dövlət katibi Hillari Klinton bildirib ki, Azərbaycana yenidən səfər etməkdən məmnundur. O, Azərbaycan prezidenti ilə görüşdə təhlükəsizlik, energetika və demokratik islahatlar mövzusunda müzakirələrin aparıldığını bildirib. Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirən dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını da deyib.
Hillari Klinton qoşunların təmas xəttində baş vermiş son insidentləri pisləyib: “Bu zorakılığa son qoyulmalıdır. Mən Azərbaycan prezidentinə bəyan etdim ki, ABŞ münaqişənin nizamlanması prosesinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır”.
Klinton onu da deyib ki, xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni yanaşma təklif ediləcək.
O, təmas xətində baş verən insidentlərdən təəssüfləndiyini bildirib: “Biz tezliklə sülh əldə olunmasını istəyirik. Paris görüşündə münaqişənin həlli üçün yeni yanaşma təklif edəcəyik. Məsələ həllini tapmalıdır”.
Qeyd edək ki, iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək.