Rüstəm Xəlilov təmsil etdiyi bölgədə aksiyaların keçirildiyini təkzib edir

Bir neçə gün öncə Sabirabadın Kür daşqınlarından ziyan çəkmiş kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları təbii fəlakət zamanı onlara dəymiş ziyana görə kompensasiyanın tam həcmdə ödənilmədiyini deyiblər. Bundan başqa, yerli sakinlər “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyevin də azadlığa buraxılmasını tələb ediblər.
64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı Rüstəm Xəlilov isə
Modern.az-a açıqlamasında bildirdi ki, təmsil etdiyi bölgədə heç bir aksiya keçirilməyib:
“Onu kim deyirsə, səhv edir. Müəyyən sayda insan icra hakimiyyəti başçısının qəbuluna gələrək müraciət edib. Bu mitinq demək deyil. Bu hadisəni bu qədər şişirtmək nəyə lazımdır?!”
Deputat bütün məsələlərin ölkə başçısının sərəncamına əsasən həll edildiyini deyib. Onun sözlərinə görə, təbii fəlakətə məruz qalmış ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilib:
“Ölkə başçısı əlavə sərəncam imzalayıb. Yenə vəsait ayırıb ki, orada tikinti və bərpa işləri tamamlansın. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ərazidə olub və insanlarla görüşüb. Bütün tədbirlər planlı surətdə həyata keçir”.
Anar Kəlbiyev