Modern.az

Təzminat davası - şərəf və ləyaqətin qiyməti...

Təzminat davası - şərəf və ləyaqətin qiyməti...

Qarabağ

6 İyun 2012, 19:44

Xalid Ağalıyev: “Bizdə bu mübahisələri ədalətli şəkildə araşdıran məhkəmə təcrübəsi yoxdur”

Bakı Metropolitenin rəisi Tağı Əhmədovun şərəf və ləyaqətin alçaldılması iddiası ilə “Azadlıq” qəzetinə 200 min manat təzminat davası açması mətbuatda haqlı etiraza səbəb oldu.

Məsələyə münasibət bildirən Media Hüququ İnstitutunun (MHİ) koordinatoru Xalid Ağaliyev Modern.az-a deyib Azərbaycan məhkəmələrində təzminat davalarına baxılması proseduru  problemlidir:
”Təxminən iki eyni hadisə ola bilər ki, məsələn, mən də iddia edim ki, mənim şərəf və ləyaqətim aşağılanıb, sizin də? Təxminən haqqımızda eyni iddia irəli sürülür. Biz məhkəməyə müraciət edirik. Məhkəmə mənim iddiama görə, qarşı tərəfi 100 min manat cərimələyir, lakin sizin iddiyaya əsasən, 1000 manat cərimə kəsir. Problem də bundadır. Əslində belə iddiaların, şərtlərin olmasında qeyri-adi bir şey yoxdur”.

X. Ağaliyev deyir ki, bizdə bu mübahisələri ədalətli şəkildə araşdıracaq  məhkəmə təcrübəsi yoxdur. O, Tağı Əhmədovun iddiasına da münasibət bildirib:
“Metroda gediş haqların qaldırılması əksər qəzetlərdə, ümumiyyətlə mediada müzakirə obyekti oldu. Metrodan milyonlarla insan istifadə etdiyinə görə, 5 qəpik məsələsi haqlı olaraq gündəmə gəldi. Medianın bunu müzakirə etməsi normal bir haldır. Vətəndaşlara qarşı kütləvi olaraq təhlükə yarananda media səsini çıxartmalı, müzakirələr aparmalıdır. Lakin bu məsələ ölkə mətbuatı gündəmindən düşmədiyi bir halda metropoliten rəhbərliyi o müzakirələrə aydınlıq gətirən bir açıqlama vermədi. Belə olan şəraitdə hansısa jurnalistin o 5 qəpikləri metropoliten rəhbərliyi tərəfindən mənimsəməsini fərziyyə olaraq yazması çox normal haldır, çünki metropoliten buna şərh verməyib, münasibət bildirməyib.  Media da bunun səbəbini arayıb, axtarıb və o qənaətə gəlib ki, metropoliten necə deyərlər, bu pulları yeyəcək”.
 
Onun sözlərinə görə, MHİ-nin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi məhz bu arqumentlərə söykənir: “Bakı Metropoliteni mediaya qapalı qaldı, bu məsələnin necə həll olunacağı barədə açıqlama vermədi. Biz də bu iddia ilə Yasamal Məhkəməsinə  etiraz ərizəsi təqdim etdik ki, açıqlama olmadığı halda, jurnalistin bu fərziyyə ilə çıxışı qəbulediləndir. Etirazda da xahiş etmişik ki, bu, nəzərə alınsın.  Biz əminik ki, bu davanı jurnalistin xeyirinə həll edəcəyik, qanun bizim tərəfimizdədir. Əks təqdirdə,  jurnalistin razılığı ilə axıra kimi hara lazımdırsa, müracət edib, onun hüquqlarının bərpasına çalışacağıq”.

Xalid Ağalıyev bildirib ki, MHİ davamlı olaraq, şərəf və ləyaqətin qorunması və digər hallarla bağlı media işçilərinə maarifləndirmə xarakterli treninqlər keçir.
”Jurnalistərimizin peşəkarlıq problemləri olmadığından, belə ciddi  treninqlərə də xüsusi ehtiyac yoxdur. Sadəcə təlimləri yeni başlayanlara keçirik ki, onlar daha hazırlıqlı olsunlar. Əslində dövlət qurumları mediaya açıq olsalar, belə hallar daha az olar”.

 Elçin AĞAYEV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu