Şirkət sözçüsü: “Sökülmə sonrakı prosesdir”
“Sabunçu rayonu İcra Hakimiyyəti Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyində olan ərazilərdə tikilən 6 mindən çox sənədsiz evlə bağlı hələ də Sabunçu Rayon Məhkəməsinin qərarını gözləyir”. Bu barədə Modern.az-a Sabunçu rayon İcra Hakimiyyətindən məlumat verilib.
İcra hakimiyyəti rəsmisi deyib ki, sökülmə prosesi yalnız məhkəmənin qərarına bağlıdır. “Evlər məhkəmənin qərarından sonra söküləcək. Məhkəmənin qərarı isə müzakirə olunmur. Neft şirkətinin mülkiyyətində olan torpaqlarının üstündə tikilən qanunsuz, sənədsiz evlər neft şirkətinin hüququdur. Onlar iddiaçı kimi bu evləri məhkəməyə veriblər. Nəticəni məhkəmə deyəcək. Qərar olmasa heç bir əməliyyat ola bilməz. Bunun özü də qanun pozuntusudur”.
ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizami Quliyev isə hazırda həmin ərazilərdə yeni evlərin tikilməsinin yolverilməz olduğunu bildirib.
“Söhbət hazırda yaşayış olan evlərin sökülməsindən deyil, qanunsuz tikili olmasından gedir. Sökülmə prosesi sonrakı mərhələdir. İndi əsas məsələ yeni tikililərin qarşısını almaqdır”.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində 6 mindən çox sənədsiz evlə bağlı Dövlət Neft Şirkətinin Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi göndərməsindən artıq bir il keçir.
Şahanə RƏHİMLİ