Bir müddət öncə rüşvət faktına görə həbs edilən Bakı Dövlət Universitetin sabiq dekan müavini Məhəmməd İmanlının cinayət işi üzrə bir neçə nəfərin də istintaqa cəlb edilərək saxlanması haqda məlumat yayılıb.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlayaraq münasibət öyrənib.
E.Sultanov cinayət işi üzrə istintaqın hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirildiyini və istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb. Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
Anar RÜSTƏMOV