Modern.az

Şair Qabilin oğlu: “Atam sonuncu şeirini Hacıbala Abutalıbova həsr etmişdi...” - SÖHBƏT+FOTOLAR

Şair Qabilin oğlu: “Atam sonuncu şeirini Hacıbala Abutalıbova həsr etmişdi...” - SÖHBƏT+FOTOLAR

8 İyun 2012, 16:55

“Adı Həmid, yaxud soyadı Həmidov olanlara 1 “şirvan” pul verirdi”

Qabil poeziyasından söz düşəndə qeyri-ixtiyarı olaraq “Səhv düşəndə” şeirini xatırlayıram. Məktəb illərində  bu şeiri sevimli ədəbiyyat müəllimim Nəsrulla müəllim dönə-dönə oxutdurub oğlanları əsl ciddi və mərd ruhda yetişməsinə çalışırdı. Təəssüf ki, onun şagirdlərinə demək istədiyi fikri illər sonra başa düşdüm. Cəmiyyətdə şairin həmin şeirdə təsvir etdiyi hər cür ağır  əziyyətə qatlaşan qadınları və  qabiliyyətli, amma özünü əziyyətə verməyən kişi tiplərini  gördükcə.

Şairin özü də vaxtilə bu şeirinin yaddaşlarda qalacağını duyub yazmışdı: “Qabil də yeri səhv düşənləri yazdı, qızılgül satan qeyrətsiz yekəpəri yazdı”.

Modern.az saytı tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj-layihəni davam etdirir. Bu dəfə sizləri məhrum şair Qabillə bağlı xatirələrlə tanış edirik...

Oğlu jurnalist Mahir Qabiloğlu öz cəsarətli və səmimi fikirləri ilə seçilən şair Qabil və ata Qabil  haqqında söhbət etdik.  Zahirən ciddi görünən, ancaq xaraktercə zarafatcıl olan “şair Qabil” deyəndə əlində təsbehi, başında qaragül papağı olan nurani bir sima canlanır göz önündə.

Mahir QAbiloğlu deyir ki, digər yazıçıların evdə iş otağı necə olubsa, atasının da otağı o cür sadə və  adi olub.  1955-ci ildən ömrünün sonunacan 28 kvadratmetrlik ikiotaqli evdə yaşayıb. Sonradan  Heydər Əliyev şairə mənzil bağışlasa da, o, həmin evi oğluna hədiyyə edib. “Evin hər otağında 2 kitab rəfi var idi. Hamısı da dolu. Atam əsasən iş otağına çox da önəm vermirdi. Harda ilhamı gəlirdi elə oradaca yazırdı. Kağız tapmayanda salfet üzərində qeyd edirdi. Yaradıcılıq evlərində - Pitsunda, Peredelkino - yazmağı xoşlayardı. Dayımın Buzovnadakı evində “Nəsimi” poemasının böyük hissəsini yazmışdı. Qeyri-adi bir şərait onu yazmağa daha çox  ruhlandıdrırdı”, – deyə Mahir Qabiloğlu söhbətə başlayır.


Otaq səliqə-sahmanlıdır. Rəflərdəki kitablar da olduğu kimi qorunub saxlanır. Dünyasını dəyişəndən sonra isə bəzi əşyaları Nizami adına Ədəbiyyat Muzeyinə təhvil verilib.

“Ədəbiyyata təsadüfi düşənləri tənqid qamçılayırdı.... ”

Yalanı, ikiüzlülüyü xoşlamayan şair Qabil ədəbiyyatda da istedada önəm verirdi. Vay o gündən ki, qarşısındakının qabiliyyəti onu qane etməsin. “Ədəbiyyata təsadüfi düşənləri tənqid etmirdi, qamçılayırdı. Şeirlərə qarşı tələbkar idi. Bir dəfə onun yanına gəlmiş gənc şairlərdən birinin şeirini oxuyur. Birinci şeirə baxan kimi deyir “bu heç”, ikincisi iki misra oxuyur deyir “bezdarnı”. Bütün şeirləri “brak” eləyir. Gənc şair isə deyir ki, Qabil müəllim, bildim e pisdir, axı siz şeirləri axıracan oxumadınız. Axıracan oxusaydınız, məni yandırmazdı. Atam isə cavabında:

– A bala, yeməyin dadına baxanda onun dadlı-dadsız olduğunu bilmək üçün xörəyi axıracan yeyirsən? Bir qaşıq bəsdir  edir də...” – deyir.


Mahir Qabiloğlunun sözlərinə görə, evləri daim qonaqlı-qaralı olub. Şairin dostları və həmkarlarından Salam Qədirzadə, Xəlil Rza, Əliağa Kürçaylı, İsmayıl Şıxlı, Əmir Mustafayev, Teymur Məmmədov və digər yazıçılar  daim onların evinə gedib-gəliblər. Dostları ilə zarafatları da olub, incikləri də. Hətta şair Qabil bu münasibətlə qələmə sarılıb onlara şeirlə də cavab verib. Həcv yazdığı vaxtlar da olurdu. Onlar arasında bəzi bu cür şeirlərin yaranma tarixçəsi də maraq doğurur. “Bəzən o dərəcəyə çatırdı ki, həcv də yazırdı. Bəzilərini çap da etdirirdi. Məsələn, qonşumuz Əmir Mustafayevə, şair Vaqif Bəhmənliyə yazdığı həcvləri çap da etdirmişdi. İsmət Qayıbov erməni əsirini dindirmə zamanı hirslənib “boyunu yerə soxum”, – demişdi. Televiziyada göstərilən bu məqam onu əsəbləşdirmişdi və “Baş prokuror belə söz işlətməməlidir”, – deyə ona bir şeirlə məktub ünvanlamışdı. Səhəri gün İsmət Qayıbov evə zəng etdi. İradları qəbul edəndən sonra atam bu həcvi nəinki çap etmədi, cırıb atdı. Nəbi Xəzriyə də yazdığı həcvləri özünə oxuyub cırıb atmışdı. Nəriman Həsənzadəyə yazdığı giley dolu məktub isə indi yeganə çap olunmayan yazısı kimi arxivdə yatır. Nəriman müəllim “Ədəbiyyat və İncəsənət” qəzetinin redaktoru kimi yazısını verməmişdi çapa. Yazı dilimizlə bağlı idi. Uman yerdən küsərlər”.

“Bəxtiyar Vahabzadə danışığıma görə atama irad tutdu”

Mahir bəy deyir ki, atası ilə bağlı yaddaqalan yumoristik hadisələri 2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” adlı kitabda nəşr etdirib. Bu gün də söhbət düşəndə həmin əhvalatlar xatırlanır, üzlərə təbəssüm qonur. Həmsöhbətim onlardan bir neçə məqamı bölüşdü.

– Ad günüm idi. Həmin gün işdə – AzTV-də xəbərlərin axşam buraxılışında növbətçi idim. İcazə alıb evə gəldim. Bir də gördüm, iş yoldaşlarım zəng edib deyir ki, gəlmişik səni təbrik edək, evnizi tanımırıq, onları qarşıladım. Süfrə arxasına keçdik. İş yoldaşım Azad Müzəffərli başladı daınşmağa. Hər cümlənin əvvəlində və axırında elə “ağsaqqal” sözü işlədirdi. Xəbəri də yox idi ki, atamın bu sözdən zəhləsi gedir. Axırda atam dözmədi:

– Ay oğul, mənim adım Qabildir. Mənə ağsaqqal demə, bildin?

Azad isə cavabında “baş üstə, ağsaqqal!”  deyə bilmişdi.


Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 5-ci kursunda oxuyanda diplom rəhbərim qonşumuz şair Bəxtiyar Vahabzadə, mövzu isə “İsmayıl Şıxlının tənqidi yaradıcılığı” idi. Diplom komissiyasının rəhbəri qonşumuz Qasım Qasımzadə, kafedra müdürümüz qonşumuz İsa Hüseynovun bacanağı Cəlal Abdullayev idi. Bir dəfə atam Bəxtiyar Vahabzadə ilə söhbət edirdilər. Yaxınlaşıb dedim ki, papa, Bəxtiyar əmiyə sözüm var. Peşman oldum, sözümə. Düşdü, atamın üstünə ki, “Qabil, bu nə deməkdir, “papa” nədir, sənin oğlun belə deyəndən sonra onda qaşqalarından nə gözləyək”. Atama mənim danışığıma görə irad tutdu. Atam da zarafata salıb demişdi ki, “papa” rus sözü deyil a, uşaq fransızca danışır.” Diplom rəhbərimə dedim ki, axşam sizə gəlmək istəyirəm. Atam da, Bəxtiyar müəllim də çox təccübləndilər. “Bu nə rəsmiyyətdir, gəlirsən gəl də”. Biləndə ki, diplom işinə görədir, soruşanda ki, “mövzuyla bağlı nə yazım?” Dedi ki, a bala, get, yaz”. Özləri söhbətlərinə davam elədilər. Bu cavab məni açmadı. Durdum durduğum yerdə. Gördülər ki, getməmişəm, bu dəfə atam dilləndi. “Sənə deyir ki, get yaz da...” Sonradan bu sözlərin mənasını anladım. Yəni atan şair Qabil, diplom rəhbərin Bəxtiyar Vahabzadə, mövzun kirvən İsmayıl Şıxlı, komissiya sədri Qasım Qasımzadə, kafedra müdirin də Cəlal müəllim. Day işıqforun bütün işıqları yaşıldır da.              

“Şillə vurduğuna peşman oldu”


Mahir Qabiloğlu ailədə evin tək uşağı olub. Özünün dediyinə görə, tərbiyəsi ilə daha çox anası məşğul olsa da, nizam-intizamına atası da diqqət yetirib. Hər addımı ailədə nəzarətdə olub”. Saat 6-da evə gəlsəydim vay-şivən qopurdu. İstər orta məktəbdə, istərsə də ali məktəbdə. Bircə onu deyirdi ki, nə qiymət alırsan al, fərqi yoxdur, başında bir şey olsun. Əsas qiymət deyil. Günlərin bir günü gəldi ki, çağırış vərəqi gəlib, gedirsən əsgərliyə, borcunu ver qayıt. İnanmazdım ki, məni 2 il gözündən uzağa buraxacaq...”.

Qayğısız uşaqlıq illərini xatırlayan Mahir Qabiloğlu atasının ona daim diqqətindən fəxarətlə danışır. Atasının onu maşına otuzdurub məcburi Azərbaycanın rayonlarını, Abşeronu qarışbaqarış gəzdirməsi bu gün də onun hafizəsində uşaqlığın ən şirin xatirələrindən biri kimi qalır. Uşaq ikən çox gəzməyi sevməsə belə.

Atasından uşaq ikən yediyi sillənin səbəbini də təbəssümlə yada salır: “Bir dəfə həyətdə maşını yuyacaqdım. Dedi ki, qarajın qabağından ver krantın qabağına. Mən də oturdum sükan arxasına. On metr getməmiş sürtdüm Zeynal Xəlilin qarajına. Çox yox, bircə dənə şillə vurdu. Peşman oldu. Axı taqsır özündəydi. 15 yaşında uşağa da maşın verərlər? ”.

– Zahirən bir qədər ciddi və tələbkar biri təsir bağışlayırdı. Bəs həyatda əslində xarakteri necə idi? 

– Azad insan idi. 1979-cu ildən 2007-ci ilədək heç yanda işləmədi. Zəngli saatla yuxudan durmadı, müdiri olmadı. Ürəyi nə istədi, onu da elədi. Sözü üzə dedi. Heç kimin paxıllığın da çəkmədi. Nə ad var idi, hamısına da layiq görüldü. Bu baxımdan çox oxşamaq istərdim ona. Çalışıram da. Amma belə bir misal var e, mənim ayaqqabımı geyə bilərsən, amma mənim kimi gəzə bilməzsən. Çox sevirdi zarafatı. Daha çox buna ərk deyərdilər. Gedirdi nə isə bir qonorarın almağa, pulu alanda deyirdi ki, ABV. Kassir də qalırdı ki, bunu doluyur, nədir. Bir də təkrar edirdi ABV. Sonra da açıqlamasını verirdi: Allah Bərəkət Versin”.

“Bəs bilmirsən ki, şairə sataşmaq olmaz?”        

Xalq onu təkcə poeziyasına görə deyil, həm də onun səmimiliyinə görə sevirdi. Hətta bir zamanlar “Parni İz Baku” KVN teatrının şairi parodiya etməsi uzun müddət dillərdən düşmədi. Bəs görəsən şair bu parodiyanı necə qarşılayıb? Oğlu bu barədə bunları dedi:

– Onun yaradıcılığında parodiya olunmalı daha çox məqamlar var idi. Maraqlı adam idi. Bəhram Bağırzadə sonradan soruşmuşdu fikrini. Sərt cavab verməmişdi. Lakin Bəhram deyəndə ki, sizin parodiyadan sonra 4-5 il səsim batıb. Zarafatla cavab vermişdi ki, bəs bilmirsən ki, şairə sataşmaq olmaz...

Ailədə onun şeirlərini ömür-gün yoldaşı da oxuyub.  Ancaq sevgi dolu misralara qısqanclıqla yanaşdığı vaxtlar da olub.“Anam gizlincə oxuyurdu. Ancaq “Həzin nəğmələr” silsiləsindən yazdığı şeirlərə qısqanclıqla yanaşıb. Şairlər axı ilham pərilərini həm də gözəllərdə görürlər...” – deyib həmsöhbətim gülür...

Şairin yazdığı son şeirlə maraqlanıram. Məlum olur ki, şairin qələmindən çıxan son şeir  hər nə qədər maraqlı da olsa, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ithaf edilib.

Bugün Bakı şəhərinin
Pərvanəsi Hacıbala.
Abadlığın gözəlliyin
Divanəsi Hacıbala.
İşindədir, gücündədir,
Yorulmayır.
Acı dildən qanadları
Qırılmayır.
Bakı meri
Sadə, həlim Hacıbala.
Beş-onuna xoşa gəlməz,
Camaata xoşagəlim Hacıbala. 


“İçəndə “çiyninizdə gedim” deyirdi”

Şairin yeyib-içməyi xüsusilə də içməyi xoşlaması heç kimə sirr deyildi. Odur ki, Şamaxıdan olan dostları arada 10-15 litrlik şərab hədiyyəsi gətirirmişlər. Şairin oğlu atasının bu vərdişi ilə bağlı maraqlı bir hadisəni danşır: “Atam dayılarımla yeyib içəndə hey deyirdi: “Çiyninizdə gedim”. Onlar da həmən cavab verirdilər. “Allah eləməsin, ay Qabil”. Hər dəfə bu hal təkrarlanardı. Axırda dözməyib deyərdi: “Ay balam, mən demirəm, çiyninizdə o dünyaya gedim. Ölməyə hazırlaşmıram. Deyirəm ki, o qədər yeyim-içim ki, ayaq üstündə dayana bilməyim. Məni çiyninizdə evə aparasız”.

Həkimlər şairə içkinin ürəyinə ziyan olduğunu desələr də, buna əhəmiyyət vermirdi. Ömrünün son çağlarında şair daha kövrəkləşmiş, həssas olmuşdu. Nəvələrinə daha çox vaxt ayırırdı. Birinə anasının, birinə də həyat yoldaşının adını qoymuşdu – Suğra və Bəyim. Son arzusu onların elçilərini qəbul etmək idi.  “Küçədə nəzir paylaya-paylaya gedirdi. Son vaxtlar bir şakəri də var idi. Kim desəydi ki, adım Həmiddir, ya familiyam Həmidovdur, çıxarıb 1 “şirvan” verirdi həmin adama. Niyəsini bilmirəm, soruşmayın. Ciddi nəzarətim altında idi. Mən evdə olmayanda nəvələrini yola gətirirdi ki, şam yeməyinə bir rumka araq süzüb gətirsinlər. Onlar da arağın rumkasını 100 dollara satırdılar yazıq kişiyə”.

2007-ci ilin bir yaz günü aprelin 3-də şair gözlərini əbədi həyata yumdu. Ailəsinə və yaxınlarına verilən təsəllilər də şairi sevənləri və onun yoxluğunu ovuda bilmirdi.

“Bir təsəlli ilə razı deyiləm...”

“Başsağlığına gələnlərin hərəsindən bir təsəlli eşidirdim: “Kişi kimi yaşadı”, “Nəyə layiq idi hər şeyi aldı: dövlət mükafatı, əməkdar incəsənət xadimi, xalq şairi, Şöhrət ordeni, İstiqlal ordeni”, “Xalqın məhəbbətini qazandı”, “81 yaş – təki biz də o qədər yaşayaq”. Bütün təsəllilərlə razıyam, axırıncıdan başqa. Çünki sənətkarın yaşı anadan olduğu gündən yox, ədəbiyyata gəldiyi gündən hesablanır. 1944-cü il aprelin 3-də “Ədəbiyyat” qəzetində çap olunan “Gəl, baharım!” adlı şerlə ədəbiyyata gəlmişdi. 2007-ci il aprelin 3-ü gecə saat 12-də də rəhmətə getdi.  81 yaş. Bəlkə də böyük yaşdır. Amma mənə, onu sevənlərə təsəlli üçün çox azdır...”.

Şair haqq dünyasında olsa da, bu gün də dostları ailəsi ilə hal əhval tutanlar var. “Hal-əhval tuturlar.  “Hay verirlər...” Bir də ki, “Öldün qurtardı”. Bu onun öz sözüydü. “Bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı”. Bu da atalar sözüdür. Anara münasibəti yaxşı yox, əla idi. Nə biləydi ki, öləndən sonra Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Elçin Əfəndiyev onun xatirəsinə bu qədər laqeyd olacaqlar. Xırdalamaq istəməzdim”, – deyib Mahir Qabiloğlu söhbətə son qoydu...

...Bir dəfə Yardımlıya gedəndə Odrağan yoxuşuna çıxan kimi şair Qabil maşını bir qocaman ağacın yanında saxlatdırır. Onun kölgəsində həmsöhbətimin bacanağı Rəfaillə “zakuska” edirlər və şair həmin ağaca “Yaşılbəy” adını verir. Bir müddət sonra isə söhbət düşəndə şair həmin gün xəyalına gələn və gizlətdiyi bir fikri ifadə edir: “Bilirsən o ağacın yanında maşını niyə saxlatdırdım? Vaxt olacaq, mən dünyada olmayacağam. Sən isə hər dəfə rayona gedəndə o yoxuşu qalxanda “Yaşılbəy”i görəcəksən. Görəndə də mən yada düşəcəyəm...”.

 
                                              




Əfsanə BAYRAMQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi