Modern.az

Qənirə Paşayeva mükafata layiq görülüb

Qənirə Paşayeva mükafata layiq görülüb

Təhsil

8 İyun 2012, 15:17

Ankarada 10-cu Beynəlxalq Türksoyla İpekyolu Dərgisi tərəfindən “İlin Altın Adamları” mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılanlar arasında millət vəkili Qənirə Paşayeva da var. Millət vəkili Qənirə Paşayeva “Türk dünyasına xidmət mükafatı”na layiq görülüb.

Türkiyə ilə yanaşı, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya başda olmaqla, çoxlu sayda ölkələrdən qonaqların qatıldığı mükafatlandırma mərasimini açan Türksoyla İpekyolu Dərgisi və Proqramı Genel Yayın yönətməni Seyfullah Türksoy bildirmişdi ki, son 10 ildə həyata keçirilən İpekyolu İlin Altın Adamları Mükafatlandırma Mərasimi daha öncə İstanbulda təşkil edilirdi, bu il ilk dəfə olaraq Ankarada gerçəkləşdirilir. S.Türksoy hər il Türkiyədən və digər ölkələrdən dövlət adamlarının, siyasətçilərin, iş adamlarının, sənətçilərinin, aydınların, yazarların iştirakı ilə gerçəkləşən İpekyolu Odül mərasimində bu il də xaricdən qonaqların iştirak etdiyini qeyd etmiş və Türksoyun məqsədinin “Dildə, Fikirdə və İşdə Birlik” fikrini rəhbər tutub uğurlu xidmətləri təşviq etmək olduğunu bildirib.

Mükafatlandırılanlar arasında Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Türkiyənin Mədəniyyət və Turizm naziri Ertuğrul Günay, Makedoniyanın dövlət naziri Hadi Nezir, Avropa Şurasında Türkiyə parlament heyətinin rəhbəri Mövlud Çavuşoğlu, AK Partinin Baş katibi Haluk İpek, TBMM-nin İstanbul millət vəkili İsmail Safi, Rusiya Parlamentinin Başqırdıstandan olan millət vəkili Zöhrə Rəhmatullina, Samsun böyükşehir bələdiyyə sədri Yusuf Ziya Yılmaz, THY yönetim kurulu  başqanı Hamdi Topçu, Tuzla bələdiyyə sədri Şadi Yazıcı, Keçiören bələdiyyə sədri Mustafa AK, Qars bələdiyyə sədri Nevzat Bozkuş və başqaları var. 

Q.Paşayevaya mükafatı təqdim edən AK Partinin Baş katibi, millət vəkili, Türkiyə-Qazaxıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Haluk İpək onun fəaliyyəti ilə xeyli zamandır tanış olduğunu və bu mükafatı almağa haqqı çatan bir millət vəkili, aydın olduğunu deyib. Qənirə Paşayevanın Türk dünyası istiqamətində fəaliyyəti ilə bağlı xoş fikirlərini söyləyən Haluk İpək Azərbaycan haqqında da özünün müsbət fikirlərini qeyd edib.

Mərasimdə çıxış edən millət vəkili bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib və təşkilatçılara təşəkkür edib.

“Mən harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir Türkün vətəni sayılan gözəl Azərbaycan və Azərbaycan xalqının dünyanın bir çox yerlərindən bu mərasimə qatılmış bütün bacı-qardaşlarımıza salam və sevgilərini çatdırıram”.

Deputat bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Eyni zamanda bu gündə özünün bu istiqamətdə fəaliyyəti ilə Türk dünyasına böyük xidmətlər göstərən və bununla da Türk insanına örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını hörmətlə qeyd edərək alır.

Millət vəkili vurğulayıb ki, harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Türk dünyasının güclənməsi, birliyinin, həmrəylinin möhkəmlənməsi üçün yorulmadan çalışmalıdır:

“Bizim birimizin gücümüz və güclənməmiz hamımızın gücü və güclənməsi deməkdir. Türkiyənin gücü və güclənməsi Azərbaycanın və digər türk kökənli dövlətlərimizin və toplumlarımızın gücü və güclənməsi, Azərbaycanın gücü və güclənməsi isə Türkiyənin və digər türk kökənli dövlətimizin və toplumlarımızın gücü və güclənməsi deməkdir.” Q.Paşayeva Azərbaycanın Türk dünyasının güclənməsi, birliyi və bərabərliyi istiqamətində gördüyü işlərdən danışıb.

Mərasimdə deputat mükafatı verən Beynəlxalq Türksoyla İpekyolu Dərgisi təşkilatının Türk dünyasının birliyi və bərabərliyi üçün əlindən gələni etdiyini vurğulayaraq bu mükafatı onların təsis etməyə mənəvi haqlarının olduğunu deyib.

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir