Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov şəhid ailələrinə başsağlığı verib. Bu barədə Modern.az-a DQİDK-dən məlumat verilib. Komitə sədri Elşad İskəndərov iyunun 5-də Ermənistanın təxribatçı qrupunun Qazax rayonu ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girmək cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin - Əliyev Amil Novruz oğlu, Əzizov Xalid Mətləb oğlu, Bağırov Vahid İntiqam oğlu, Ataşlı Zülfüqar Vəli oğlu, İsmayılov Elçin Əlövsət oğlu - ailələrinə başsağlığı teleqramı göndərib.
Başsağlığında bildirilir:
”Xalqımız tarix boyu çox müsibətlər görüb, ağrılı-acılı günlər yaşayıb. Lakin Vətən torpağının hər qarışının, hər daşının düşməndən qorunması igid Azərbaycan oğullarının dönməzliyi, mübarizliyi sayəsində mümkün olub. Şəhid oğullarımızla təkcə ailələri deyil, bütün Azərbaycan xalqı qürur duyur”.
Şəhidliyin uca məqamından bəhs edən Dövlət Komitəsinin sədrinin teleqramında qeyd olunur ki, bu cür Vətən övladlarının keçdiyi şəhidlik məktəbini özünə örnək alan bütün gənclərimiz Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmr etdiyi anda Vətənimizin müdafiəsi, işğal olunmuş torpaqlarımızın azadlığı naminə səfərbər olub, hər an canlarını fəda etməyə hazır olduqlarını nümayiş etdirəcəklər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qurumun regional şöbələrinə şəhid ailələrini ziyarət edərək qayğıları ilə maraqlanaraq, bu məqamda onlara hərtərəfli dəstək olmaq tapşırılıb.
Modern.az