“Həmişə ictimai həyatda fəal olmuşam”
Millət vəkilinin müsahibəsini oxuculara təqdim edirik. Bu gün müsahibimizin 45 yaşı tamam olur.
– Kamilə xanım, ad günü müsahibəsi vermək insanda daha xoş ovqat yaratmırmı? Nə vaxtsa, ad gününüzdə müsahibə vermisinizmi?
– Düzü, heç vaxt ad günlərimdə müsahibə verməmişəm. Yalan deyə bilmərəm. Mən yaşımı gizlətməyi xoşlamıram. Çox vaxt qadınlar deyirlər ki, yaşı deməzlər. Mənə elə gəlir ki, yaş insanın tərcümeyi-halıdır. Allah bizə o qədər ömür versin ki, elə yaşımızın üstünə yaş gəlsin. 45 yaşım olur. Ad günü keçirməyi xoşlamıram. Bəlkə də bu, ondan irəli gəlir ki, elə uşaq vaxtından, adətən, qardaşımın ad gününü keçiriblər. Yəni bu, bizdə bir adət-ənənə halını alıb. Evdə valideynlərim bir qazan nəsə bişiriblər, özümüz yığışmışıq. Yəni belə təntənəli surətdə heç vaxt ad günü keçirməmişəm, keçirtməyi də xoşlamıram. Amma yaş özünü göstərir.
– 10-20 il bundan qabaq fikrinizdən keçibmi ki, siz nə vaxtsa deputat ola bilərsiniz?
– Heç vaxt fikirləşməmişəm ki, deputat olacam. Amma məktəb illərindən çox aktiv bir şagird olmuşam. İctimai işlərdə işləməyi, önə çəkilməyi xoşlamışam. Bunu dana bilmərəm. Bizim oxuduğumuz vaxtda, sovet dovründə orta məktəblərdə pioner təşkilatı vardır. Orta məktəbdə pioner təşkilatının sədri olmuşam. Məktəb komsomol komitəsinin katibi olmuşam. Özü də elə-belə işləməmişəm, çox fəal olmuşam. Hər dəfə əldə etdiyim nailiyyətlərə görə, mükafatlanmışam.
– Kommunist Partiyasının üzvü olmusunuz?
– Xeyr, olmamışam. Məktəb pioner təşkilatının sədri olanda, məni yaxşı işimə görə, Krımdakı beynəlxalq yay düşərgəsinə – “Artek”ə göndəriblər. Ondan sonra məktəb komsomol komitəsinin katibi olduğuma, yaxşı fəaliyyətimə görə Nəsimi rayon komsomol komitəsi tərəfindən mükafatladırılmışam. Yollayışla Çexoslavakiyada olmuşam. Məktəbi bitirəndən sonra da universitetin ictimai işlərində fəaliyyət göstərməyə başlamışam. Universitet Tələbə Həmkarlar Komitəsinin əvvəl rəyasət heyətinin üzvü, sonra sədr müavini olmuşam. O vaxt mən “Lenin” təqaüdçüsü idim. Daim məndə ictimai işlərə, dövlət işlərinə maraq olub.
– Hansı universiteti bitirmisiniz?
– Bakı Dövlət Universitetininn biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. “Lenin” təqaüdçüsü olduğuma görə yeganə hal idi ki, o zaman məni Təhsil Nazirliyinin qərarı ilə BDU-da saxladılar. İndi Genetika və təkamül kafedrasının professoruyam. Daim qabağa, önə çəkilmək, ictimai işlərdə, dövlət işlərində işləmək arzum olub. Həmişə istəmişəm ki, addım-addım qabağa gedim, uğurlar əldə edim.
– Kamilə xanım, deputatlıq təşəbbüsü özünüzdən gəldi?
– Mən 25 yaşımda elmlər namizədiliyini müdafiə etmişəm. 30 yaşımda da elmlər doktoru olmuşam. O yaşdan sonra artıq elmdə əldə etdiyimi etmişdim. Ondan sonra fikirləşdim ki, elmi sahədə nailiyyətlərimi əldə etmişəm, bir az da özümü siyasətdə sınayım. Çünki mən elə-belə boş otura bilməzdim. Düzdür, professoram, dərs deyirəm. Amma tək bununla kifayətlənə bilmirdim. Dərsimi deyəndən sonra boş vaxtım qalırdı. Bilmirdim o vaxtı nəyə sərf edim. Ona görə müəyyən vaxtdan sonra belə bir fikrə düşdüm ki, namizədliyimi irəli sürüm. Müstəqil namizəd oldum, Allahın qisməti və bacarığım sayəsində deputat seçildim.
– Rəsmi protokolla nə qədər səs toplamışdınız?
– 10 min.
– Deyirsiniz ki, dərsdən gələndən sonra boş vaxtınız qalırdı. Siz professorsunuz, alimsiniz. Deyirdiniz ki, əvvəllər boş vaxtınız çox idi. Bəs indi seçicilərin problemləri ilə məşğul olmağa vaxtınız olacaq?
– Əlbəttə, müəllimlikdən başqa elə bir işlə məşğul olmurdum. O vaxtı bizdə dərslər bir növbəli idi. Mənim saat 1, 2-yə qədər dərsim qurtarırdı. Ondan sonra da vaxtım çox qalırdı. Ümümiyyətlə, mən vaxtın qədrini bilən adamam. Mənə görə də hər məsələ üçün vaxt bölgüsü var. Bəlkə də elə xoşbəxtliyim ondadır ki, vaxtımı bölüşdürmək qabiliyyətinə malikəm ki, bütün işlərin öhdəsindən gələ bilirəm.
– Seçicilərinizlə təmasınız necədir? Özünüz vaxtaşırı rayona gedirisiniz, yoxsa ordakı köməkçiniz məşğul olur bu işlə?
– Düzdür, köməkçim ordadır. Bəzi məsələləri ona həvalə etmişəm, amma şəxsən xoşuma gəlir ki, özüm onlarla görüşüm, onların problemlərini həll edim. Düzdür, elə problemlər var ki, məktublar əsasında gəlir. Zaqatala-Balakən uzaq rayonlardır, elə olur ki, ora getməyə vaxt olmur. Köməkçimə tapşırıq verirəm ki, problemi öyrən, araşdır, sonra mənə de.
– Zəlzələ bölgəsində nə vaxt olmusunuz?
– Elə zəlzələ vaxtında 2-3 dəfə olmuşam. Axrıncı dəfə səhv etmirəmsə, may ayının 25-də gəldim. Ondan sonra rayonla ancaq əlaqə saxlamışam. İcra başçısı ilə tez-tez əlaqə saxlayıram. Amma may ayında getmişəm, bir-bir ailələrə baş çəkmişəm. Sağ olsun cənab prezidentimiz. Prezidentin məhz ora gəlməsindən sonra da insanlarda çox böyük bir ümüd hissi yarandı.
– Bilirisiniz ki, Sabirabadda sel olandan sonra müəyyən problemlər yaşandı. Bu gunə qədər də davam edir. Hətta kütləvi aksiyalar oldu. Belə bir sindromun Zaqatalada yaşanmaması üçün hansı önləyici tədbirlər görülür, yəni şikayətlər yerlərində araşdırılırmı ki, insanlar narazı qalmasın?
– Əlbəttə, bu sahədə FHN-nin gördüyü işi çox yüksək qiymətləndirirəm. Düzdür, president maliyyə vəsaiti ayırdı, gəlib, göstərişlərini verdi, amma yerlərdə prezidentin göstərişlərini realizə etmək nöqteyi-nəzərindən FHN-nin, xüsusən də də Kəmaləddin Heydərovun rolu böyükdür. Axşam gedirdi, səhər tezdən qayıdıb gəlirdi həmin yerlərə. İndiyənə kimi də mütəmadi olaraq rayonla əlaqədədir. İndi operativ surətdə uçan məktəblərin bərpası gedir ki, sentyabr ayına qədər hazır olsun. Zərərçəkmiş insanların evlərinin də bərpa olunması gedir. Ona görə də insanlarda ruh yüksəkliyi var. Görürlər axı həmin insanlar rayonda gecə-gündüz işlər gedir. Əlbəttə, bu da xalq tərəfindən bəyənilir.
– Sizin qadın deputat həmkarlarınızın hamısı həm də QHT rəhbəridir. Sizdən başqa. Hər hansı bir ictimai birlik yaratmaq fikriniz yoxdur?
– Xeyr, heç bir QHT-də , heç bir ictimai birlikdə fəaliyyət göstərmirəm. Mənim fəaliyyətim elm, təhsil, bir də Milli Məclislə bağlıdır.
– Qadınlar hər zaman gileylənirlər ki, onların irəli getməsinə kişilər əngəl törədir. Sizin deputat həmkarlarınızın çoxu gileylənirlər ki, kişilər istər qanun yaradcılığında, istərsə də qərarların qəbulunda bizim təşəbbüslərimizi buxovlayırlar. Siz necə düşünürsünüz?
– Mən bu fikirlə razı deyiləm. Ümumiyyətlə, biz azərbaycanlıyıq, yəni bizim mentalitetimiz, adət-ənənəmiz, qayda-qanunumuz var. Kişinin kişi yeri, qadının da qadın var. Amma iş fəaliyyətində bunu müqayisə etməzdim. Qadınların fəaliyyəti kişilərdən, yaxud da kişilərin fəaliyyəti qadınlardan yüksəkdir. Hansı işdə olursansa ol, istər qadın, istər kişi həmin işə mütləq məsuliyyətli yanaşmalısan.
– Adətən Azərbaycanda belə bir ənənə var ki, deputatsansa, sənin ailən, həyat yoldaşın, qardaş-bacın, qohumların ya yüksək dövlət qulluğunda işləməlidir, ya da ki yüksək biznes strukturunda olmalıdır...
– Mənim həyat yoldaşım biz ailə quran gündən dövlət qulluqçusudur. Biz ailə qurandan, necə ki, həmin vəzifədə, həmin nazirlikdə işləyirsə, indi də öz yerindədir. Dövlət qulluqçusu vəzifəsində heç bir dəyişiklik olmayıb. Eləcə də bu, tək mənim həyat yoldaşıma yox, qohumlarıma, yaxınlarıma da aiddir. Əvvəllər kim harda işləyibsə, öz vəzifələrində də qalırlar. Vəzifəyə keçən kimi qohum-tanışın vəzifəyə gətrilməsinə yaxşı baxmıram. Əgər bacarığı varsa, həmin adama həmişə yaşıl işıqdır. Həyatımda bunu görmüşəm ki, savadlı, bacarıqlı, qabilliyətli adama, heç bir mane yoxdur. Düzdür insanın həyatında çətinliklər olur. Mən pessimist deyiləm. Optimistəm, çətinlik gördümsə, arxaya çəkilən deyiləm.
– Deputatın əsas funkisyalarından biri qanun yaradıcılığı prosesində iştirak etməkdir. Bu günə qədər olubmi ki, hansısa bir məsələ ilə bağlı bir qanun layihəsi hazırlayıb təqdim etmisiniz?
– Konkret hansısa qanun lahiyəsi hazırlayıb təqdim etməmişəm, amma çox qanun layihəsində dəyişikliklərin olunmasında istər plenar iclasda, xususilə də bizim komitə iclaslarında təkliflərimi irəli sürmüşəm, müstəqil surətdə fikirlərimi bildirmişəm.
– Hansı parlamentlərarası dostluq qrupunun üzvüsünüz?
– Türkiyə, BƏƏ, Litva və Çexiya ilə dostluq qruplarının üzvüyəm.
– Universitetlərdə indi sessiya dövrüdür. Bu dövrdə də həmişə müəyyən narazılıqlar olur. BDU-da vəziyyət necədir? Elə olubmu ki, tələbə zəif olub, amma ürəyiniz yanıb, ona müsbət qiymət yazmısınız?
– Ola bilir. Son zamanlara qədər bizdə imtahanlar şifahi olurdu. Mən 1989-cu ildən BDU-da çalışıram. Olub ki, tələbəni tanımışam ki, bu, çox savadlı tələbədir. Dərs və seminar prosesində mən bu tələbə haqqında fikir formalaşdırmışam. Amma imtahan vaxtı həmin tələbədən istədiyim cavabı ala bilməmişəm. Zəif cavab verib, mən onun dərs prosesindəki cavablarını, tərbiyəsini nəzərə alaraq, müsbət qiymət yazmışam.
- Olubmu ki, yuxarıdan, ətrafınızdakılarından kimsə xahiş edib ki, hər hansı bir tələbəni nəzərə al?
– Çox olub. Universitetdə bir yerdə işlədiyim insanlar öz uşaqlarını, qohum uşaqlarını xahiş edib ki, nəzərə alım. Amma indi BDU-da elə bir vəziyyət var ki, imtahan zamanı kimin işini yoxlamağımızdan xəbərimiz olmur. Bir muəllim dərs deyir, amma imtahan vərəqəsini başqa müəllim yoxlayır. Həm də otaqlarda kameralar var. Bunlardan sonra bizim psixologiyamızda da bir dəyişiklik olub. Biz müəllimlər də rahatlaşmışıq. Biz gedib yoxlayırıq, sonra da real balını yazıb çıxırıq. Universitetdən olan kimsə gəlib bizdən xahiş edəndə o bilir ki, burada vəziyyət necədir. Amma başqa yerdən kimsə xahiş edəndə deyirik ki, biz sizə görə işimizi itirmək istəmirik.
– Sizi ilk təbrik edən kim olub?
– Bu gün səhər tezdən saat 9:30-da deputat yoldaşım Novruz Aslan təbrik edib. Bütün bayramlarda o, həmişə məni təbrik edir. Çox diqqətcil adamdır. Bu müsahibə vasitəsilə də ona minnətdarlığımı bilidirirəm.
– Yubileylərinizi kimlərlə keçirirsiniz? Bu gün hər hansı bir deputat həmkarlarınızı dəvət edəcəksinizmi?
– Xeyr. Baxmayaraq ki, yubileydir. Evdə dar çərçivədə ailəm, anam, uşaqlarım, bacım, qardaşım olacaq.
– Sizi bir daha təbrik edirik, o gün olsun 45 yox, 60 yaşınızda sizdən müsahibə alaq.
– Çox sağ olun. O gun olsun ki, o yaşımda da ilk müsahibəni də elə siz alasınız.
Zülfüqar Hüseynzadə
Nihadə Eyyubova