Modern.az

Eyforiya, yoxsa letargiya...?

Eyforiya, yoxsa letargiya...?

9 İyun 2012, 10:28

Mənşəcə müsəlman Lorinin müsəlman ölkəsində “Eyforiya”  mahnısını oxuması təsadüfi deyil…
…Eyforiya insanın səbəbsiz şən olmağı deməkdir…

Məmləkətimizdə birinci terminin mənasını bilənlər indiyə qədər az idisə, indən belə yəqin ki, bir az çoxalacaq… Əslində biz çox  adın, çox şeyin mənasını, mahiyyətini anlamırıq və təəssüf ki, çoxumuz anlamağa da çalışmırıq…

Adətən “həzz”, “uymaq” mənasında anlaşılan “eyforiya” termini politologiya, psixiatriya və narkologiyada geniş izahlara malikdir.  İnternet ensiklopediyası “Vikipediya”da oxuyuruq: Eyforiya – insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixatriyada eyforiya hər zaman patoloji(normal olmayan hal-S.L.) məna daşıyır və çox vaxt orqanik beyin fəlci xəstəliyinin ilk əlamətidir... İnsanın səbəbsiz şən olmağı deməkdir. Çünki eyforiya zamanı  məmnuniyyət duyğusu şüur məhrumluğuna  və kədər, yaxud təlaş duymamağa söykənir... Qandakı spirtin miqdarı ilə əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qanda 50-100 mq spirt olur. Ayrıca morfin, mereidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər...”

Insanı asanlıqla idarə etməyin ən optimal yollarından biri  də onu eyforiyaya, yəni onun gerçək vəziyyəti ilə uyğun olmayan bir həzz vəziyyətinə qapdırmaqdır. Bu halda olan insanın başına nə oyun açsan da, xəbəri olmayacaq... Dünyanı Allahın əlindən almağa mənasız cəhdlər edən sionist-masonlar  insan kütlələrini yönləndirmək üçün bu vasitədən də yararlanırlar... Düşmənlər ilk növbədə müsəlman və türk ölkələri kimi həssas nöqtələri uydurmağa çalışırlar... “Biz onları elə işğal etməliyik ki, xəbərləri olmasın” Bu fikir, səhv etmirəmsə, ABŞ-in eks-prezidenti ata Buşa məxsusdur...   

“Gözəl” işdi; müsəlman-türk ölkəsində mənşəcə müsəlman olan müğənninin, özü də xanım müğənninin ifasında “Eyforiya” mahnısı...   

Mahnının sözlərini təbii ki, yalnız ingilis dilini babat bilənlər başa düşür... Amma musiqi, müğənninin geyim, davranış və rəqsləri onun mahiyyətini dinləyiciyə şüuraltı da olsa, təlqin edir.  Daha aydın olması üçün mahnının tanınmış yazar Günel Mövludun  tərcüməsində bir neçə bəndinii diqqətinizə çatdırıram:

“Axı niyə, axı niyə? Yaşadığımız sonuncu an əbədi olmasın?

Bu axşam,  bu axşam bu qapı əbədilik açılacaq...

Yox, başladığını yarımçıq buraxma,

Getmə, mən səninlə nəfəs alıram...

İlahi, bu nə həzzdi?!

Bundan sonra ancaq səninlə mən

Göylərə(4 dəfə) uçuruq...

Əbədilik, həmişəlik...

Biz burda ancaq bizim olan kainatdayıq-

qadağaların olmadığı və sevginin hər şeydən əvvəl olduğu bir yerdə...

Biz azadıq...

Durmadan ucalaraq biz İlahiyə çatmağın bir addımlığındayıq...”

Özünüz düşünün; hansı andan, hansı yarımçıq işdən, hansı həzdən söhbət gedir... Tamamilə müsəlmanlığa zidd olan bir düşüncə və həyat tərzi təlqin edilir bu əcnəbi mahnıda... Əsl İslam dünyadan tam təcrid olunmağı – tərkidünyalığı bəyənmir. Bu dünyada qadağaların olmadığı məkan yoxdur, dünyəvi qadağalar da olmasa da,  Allaha iman gətirmiş ayıq insan üçün həmişə və hər yerdə ilk növbədə Quranın qoyduğu qadağalar, qanunlar var... İnşallah, yalnız cənnət əhli üçün qadağalar olmayacaq... Bu dünyada ola-ola “qadağaların olmadığı və sevginin hər şeydən əvvəl olduğu bir yer” bulmaq yalnız dumanlanmış, alkoqolik, narkoman beyninin məhsuludur... Bu dünyada yaşaya-yaşaya “azad” olub “ucalaraq İlahinin bir addımlığına çatmaq” da xəstə bir təxəyyülün məhsuludur...

Asanlıqla anlaşılır ki, bu mahnının sözləri də, musiqisi kimi dinləyiciyə azadlığı, sevgini, İlahiyə çatmağın yolunu yanlış formada təlqin etmək məqsədi daşıyır... Lorin özü də deyir ki, rəqsimin mənası azadlıqdır...

“Avroviziya” ərəfəsində və sonra özünü Azərbaycandakı rejimə müxalifətdə hesab edən orta və gənc nəsil arasında bir Lorin “eyforiyası” yaşanır... “Kişinin qızına halaldı, gəldi, Bakını gəzdi, hakimiyyət barədə həqiqətləri söylədi, sonra da oxuyub birinci yer tutdu... O, özü İsveç kimi azad ölkədə yaşayır, azadlığın nə olduğunu bilir...”

Lorinin Azərbaycanda insan haqlarının pozulmasından, qadınlara, uşaqlara, qocalara qarşı polis və məmur özbaşınalığından narahat olaraq buna etiraz etməsi ilk baxışdan təqdirolunası haldı... Maraqlıdır ki, sonra da əcnəbi müğənni öz mahnısında bizə azadlığın mahiyyətini və yerini göstərir: azadlıq bildiyini etmək və dünya həzləri ilə yaşamaqdı... Nədən azadlığın necə və harada olduğunu bizə Lorinlər, Obamalar, Klintonlar və s. göstərməlidir?.. Məgər Allaha, onun Kitabına inanmırıq? Qurandan, onu bizə çatdıran Peyğəmbərimizdən, Həzrət Əlidən(ə.s.), imamlarımızdan doğru yol göstərənimiz varmı? Dünyəvi azadlıq uğrunda mübarizəmizin Oğuz xandan, Metedən, Atilladan, Cavanşirdən, Səttarxandan, Rəsulzadədən parlaq idealları varmı?..

 Gör şüurlarda manipulyasiyanın, çaşdırmanın, aldanışın yoluna bax; mənşəcə müsəlman olan Obamanı prezident seçdirib müsəlman-türk dünyasının diktatura rejimlərində yaşayan qismi üçün “azadlıq, demokratiya ümidgahı” edirlər, mərakeşli müsəlman qızı Lorin vasitəsi ilə də  azadlığın nə olduğunu başa saldırırlar...

Doğrudur, Azərbaycan sakinlərinin bəlkə də çox hissəsi nə Obama, nə də Lorinlə maraqlanır... Amma maraqlanmamaq da ayıq olmamağın bir növüdür...

Ölkə əhlini ayıqlığına görə təsnifatlandırsaq, təxminən belə bir mənzərə alınar.  Zənnimcə, xalqın bir xeylisi ayıqdı, yəni cahandakı və yurddakı proseslərə qismən də olsa, ayıq nəzərlərlə baxa bilir, haqqı və nahaqqı seçə bilirlər. Amma düşüncədə ayıq olub da haqqı dərk edənlər görək əməllərində haqqın tərəfindədirlər, yoxsa nahaqqın?.. Nə yazıqlar ki, QORXU və EHTİYACIN hökm sürdüyü bir məmləkətdə Haqqın tərəfində qalıb mübarizə aparanlar da azdır. Amma ən acınacaqlısı odur ki, özünü hakimiyyətə qarşı mübarizənin ön cərgələrində hiss edənlərin çoxu da özləri  bilmədən EYFORİYAYA qapılıblar, yəni aldanıblar. Niyə aldanıblar? Ona görə ki, 20 ilə yaxındı “bu hakimiyyət çürüyüb!”, “biz hakimiyyətə gəlirik!”, “iqtidar başını itirib!” hayqıran, xüsusilə, qeyri-legitim adlandırdıqları iqtidarın keçirdiyi saxta seçkilərə qatılaraq seçki öncələri sirk klounları kimi qızışmış şəkildə arenaya atılan “müxalifət” adlı marionet qrupların əlində alət olduqlarını bilmirlər... Ona görə ki, həmin “müxalifət”in  hakimiyyətlə işbirliyində olub onların parası hesabına atılıb-düşdüyünün fərqində deyillər... Çünki mədəniyyətdən, demokratiyadan danışıb dünyanın hər tərəfində müsəlmanların başına od yağdıran çoxüzlü Qərbin Azərbaycanda hakimiyyəti devirəcəyinə sadəlöhvcəsinə inanırlar...  Elə həmin gənclərin “Avroviziya”da  Azərbaycanın qələbəsini bir “müstəqil türk-müsəlman ölkəsinin böyük uğuru” sanaraq ürəkdən sevinən və həmin tədbirin ölkəmizdə keçirilməsini alqışlayan hissəsi də EYFORİYAdadır... Sözsüz ki, belə gənclərin böyük bir kəsimi siyasi proseslərə qatılmayan bitərəflərin, bir qismi də iqtidarmeyillilərin payına düşür... Beləliklə, belə nəticəyə gəlmək olar ki, eyforiyaya qapılanların əksəriyyəti yeniyetmə və gənclərdir... Bu təbiidir. Nədən ki insan bu yaşlarda daha çılğın, daha emosional, daha hissiyyatlı və özünə qapılan olur... İkincisi də alkoqol və ya narkotik qəbul edib sözün əsl mənasında eyforiyaya qapılanların da çoxu bu yaşdadır... Ancaq bu o demək deyil ki, orta və yaşlı nəsil nümayəndələri eyforiyaya qapılmırlar...

Eh... Düşmənlərimiz müsəlmanları, türkləri, o cümlədən Azərbaycan xalqını uydurmaq üçün tarixən bütün vasitələrdən istifadə edib və etməkdədir; manipulyasiya (çaşdırma), hipnoz, illüziya, musiqi, şeir, serial... Gənclərin başını “Avrovoziya” ilə aldadanlar orta və yaşlı nəslin başını da muğamla, sazla qatırlar... Deyim böyüklər nə cür qapılırlar eyforiyaya? Yeniyetmə Elməddin gözəl bir muğam oxuyur, sən də qabağında pürrəngi çay  bu uşaqdakı səsə məəttəl qala-qala qapılırsan xəyallara, özünü Cıdır düzündə, İsa bulağında hiss edirsən; hər şey yaxşı olacaq... tezliklə Şuşada, Laçında, Ağdamda olacağıq... Və yaxud Bakının zahiri gözəlliyi, xüsusən gecələr, hipnoza meyilli insanları  illüziyaya qapdırmaq üçün  çox gözəl vasitədir. Çıxırsan bulvara, Avropanın iysiz, amma görüntüsü gözəl güllərinə baxırsan, şəhərin, teleqüllənin rəngbərəng işıqlarını görürsən və özünü xöşbəxt hiss edirsən, halbuki, dədə-baba ocağın, qəbirlərin erməni əlində, cibində də siçanlar oynayır...

Məmləkətin ayıq hissəsinin bir qismi  var ki, onlar haqsızlıqla mübarizədə nəsə edə bilərlər, amma etmək istəmirlər, yaxud qorxurlar... Kütləyə qarışıb axınla getməyi üstün tuturlar... Bir qismi də var ki,   haqq uğrunda canlarından keçməyə hazırdırlar, amma mübarizə aparmaq üçün maddi imkanları çox məhduddur.  Buna baxmayaraq onlar ümumi axına təslim olmayıb bacardıqları qədər axına qarşı üzürlər... Bax, bunların mübarizəsi türk-müsəlman düşmənlərinin parası hesabına “müxalifət” cildinə girib meydanlarda “azadlıq”, “demokratiya” bağıranların fəaliyyətindən qat-qat üstündür...

Beləliklə, ölkədə çoxluq ayıq olsa da, eyforiyaya qapılanları ayıltmağa cəhd edənlər çox az olduğundan məmləkət bütövlükdə eyforiyaya qapılmış hesab olunur və düşmənlərimiz bildiklərini edirlər. Uymuş millət buna qarşı nəsə adekvat tədbirlər görə bilərmi?..

Sonda belə bir nəticəyə gəlmək olar ki, əslində Azərbaycan bütövlükdə eyforiya yox, onun əksi olan letargiya halındadır.  Tibdə “letargiya yuxusu” deyilən bir xəstəlik halı var... Tam yorulub əldən düşmə, isteriya və güclü həyəcanlanma zamanı baş verə bilir... Eyforiya qısamüddətli olursa, letargiya halı bir neçə saatdan bir neçə ilədək, hətta bəzən 20 ildən çox(!) davam edə bilir...

1988-1993-cü illərdə “azadlıq”, “demokratiya”, “müstəqillik”, “millətçilik”, “türkçülük” eyforiyasına qapdırılmış Azərbaycan 19 il əvvəl, 1993-cü ilin  4 iyunundan başlayaraq letargiya yuxusuna verilməyə başladı... Hələki biz qara işçi kimi lazımıq deyə, tam ölməyimizi istəmirlər, arabir burnumuza neft qoxusu verib oyadıb bu səfər müxtəlif yollarla eyforiyaya qapdırırlar. Məsələn, deyirlər ki, sən milyonlarla barel neft istehsal edib satan  müstəqil bir ölkənin xoşbəxt vətəndaşısan. Və yaxud deyirlər ki, ayıl ey türk oğlu, Lissabon sammitində qalib gəldik və Şuşaya, Laçına, Kəlbəcərə... doğru daha bir addım irəlilədik... Yaxud, “urra, Azərbaycan  Avropa Şurasına daxil oldu, tezliklə torpaqları azad edəcəyi!..” “Urra, Bakı-Ceyhan neft kəmərini çəkib qurtardıq, süd gölündə üzəcəyik!..” “Eşq olsun Azərbaycana, Pekin olimpiadasında neçə yarışda qalib gəldi, inşallaah, Qarabağda da qalib gələcəyik!..”, “Urra! Urra! “Avroviziya”da qalib gəldik, 2012-ci ildə Bakıda keçiriləcək! Ermənilər yanıb tökülür!..” və s. və i.a.  Bizi eyforiyaya qapdıran axırıncı  iki əsas xəbər  isə bunlar idi; “Azərbaycan xarici siyasətinin böyük uğuru: ölkəmiz may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək...” və “Azərbaycan ”Avroviziya”nı yüksək səviyyədə, möhtəşəm şəraitdə keçirdi, bütün dünya bizə heyran qaldı!..”.
 Və nəhayət, 2012-ci il iyunun 5-i – ermənilər dövlət(!) sərhəddində diversiya törədərək 5 əsgərimizi şəhid etdilər... Amma bu xəbəri eşidəndə biz eyforiyada yox, letargiya yuxusunda idik... Çünki  öz dilimizdə zorla kəkələyərək Mirzə Fətəlinin Müsyo Jordanını xatırladan xarici işlər vəzirimizin rusca(!) “təntənəli” etiraz çıxışından və Müdafiə Nazirliyi mətbuat xidmətinin romantik bəyanatından  savayı bu boyda müstəqil(!) ölkədən bir reaksiya gəlmədi... Bizə çatmır ki, bizi “Avroviziya” eyforiyasına qapdıran da, erməniləri üstümüzə qısqırdıb əsgərlərimizi şəhid etdirən də,  Lorini bura gətirdib, “müxalifət”ə dəstək verdirib hakimiyyəti söydürən də  eyni güclərdi...  Bir-iki gün də ABŞ eyforiyasına qapıldıq: ”Görürsüz, Hillari Kilinton bura gələn kimi Rusiya erməniləri qızışdırıb vəziyyəti gərginləşdirdi...Yox, bu dəfə Amerika bir  iş görəcək...”

 Beş əsgərimiz şəhid olan gün və sonrakı günlər neçə toyumuzda atəşfəşanlıqdan, partapartdan qulaq tutulurdu... Yəqin ki, həmin toyların iştirakçılarından heç biri həmin beş şəhid haqqında, Qarabağ haqqında düşünmürdü... Haram qazanclar, haram yemək və içkilər bizi gah eyforiya, gah letargiya halına salır...

Demirəm ki, mən hamıdan günahsız və ayığam, hamıdan mübarizəm, bu halların heç birinə düşə bilmərəm... Azərbaycanda səmimi mübarizə aparıb mitinqlərdə döyülən, həbs edilib aylarla, illərlə zindanlarda yatan insanlar var, Allah hamısına kömək olsun, qapılarını açsın... Söhbət ondan gedir ki, mümkün qədər ayıq olasan və kiminsə sənin enerjindən, qeyrətindən, cəsarətindən sui-istifadə edib düşmən dəyirmanına su tökməsinə şərait yaratmayasan...

Onsuz da Həzrət Əli(ə.s.) demiş, biz insanlar hamımız yatmışıq, inşallah, öləndə ayılacağıq...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU