Vüqar Qədirov: “Qaçqınlar İrəvan sakinlərindən də yaxşı yaşayır, çünki...”
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ölkəmizdə qaçqın və məcburi köçkünlərin yerli əhali ilə müqayisədə daha yaxşı yaşadığını və gəldikləri yeri unutduğuna dair açıqlama verib. Eks-diplomatın sözləri ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Modern.az saytına açıqlamasında bildirib ki, təkcə Ə.Süleymani yox, İranın bir çox radikal qüvvələri Azərbaycana qarşı daim qərəzli mövqe tutublar:
“Azərbaycanın müstəqil bir dövlət olduğunu və getdikcə bütün sahələrdə inkişafını görən İran rəsmiləri həmişə dövlətimizə və xalqımıza qarşı xəbis və çirkin mövqe nümayiş etdiriblər. Bunun da bir səbəbi var, o da 30 milyondan çox soydaşlarımızın fars molla rejimi tərəfindən əsarətdə saxlanması, onlara heç bir insani hüquqların verilməməsidir”, – deyən V.Qədirovun sözlərinə görə, İran Azərbaycanın güclənməsini, işğal olunmuş torpaqların geri qaytarılmasını istəmir və özünü İslam dövləti adlandırmasına baxmayaraq, Ermənistana bütün sahələrdə dəstək verir, Xocalı soyqırımını törədən Serj Sərkisyanı bağrına basır.
“Əfşar Süleymanı bircə onu düz deyir ki, qaçqınların və məcburi köçkünlərin rifah halı getdikcə yaxşılaşır, Çünki Azərbaycan dövləti bütün sahələrdə inkişaf edir. Hətta mən müsahibələrimin birində bildirmişdim ki, Azərbaycanlı məcburi köçkünlər Ermənistanın paytaxtı İrəvan şəhərində yaşayan əhalidən daha yaxşı yaşayır. Azərbaycan bütün sahələrdə inkişafa, Ermənistan isə tamamilə məhvə doğru gedir”.
QHT sədri qeyd edib ki, Əfşar Süleymani kimiləri onu dərk etmir ki, nəinki Azərbaycan xalqı, təkcə qaçqın və məcburi köçkün düşən əhali kifayət edər ki, erməniləri Qarabağdan, digər işğal olunmuş torpaqlarımızdan vurub çıxarsın, hətta Ermənistana kimi gedib çıxsın.
“İran həmişə Azərbaycana qarşı qısqanclıqla yanaşıb və ölkəmizdə daim separatçı fəaliyyətlə məşğul olub. İranın İmam Xomeyni adına İmdad Komitəsi daim məcburi köçkünlər arasında humanitar yardım adı altında radikal dini fanatizmi təbliğ edib. İran Ermənistana dəstək verməsə, Qarabağda bir dənə də erməni qalmaz, acından-susuzluqdan bir gün də orada yaşaya bilməz“, –deyə V.Qədirov vurğulayıb.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Ə.Süleymaninin açıqlamasına şərh vermək istəmədiyini bildirib: “Mən onun sözlərinə şərh vermək istəmirəm. Hərdən onun açıqlamalarına baxıram. O nə danışdığını başa düşmür. Buna görə onun dediklərinə heç bir söz demək istəmirəm”.
Nihadə Eyyubova