Ali təhsil müəssisələrinin magistraturalarına proqram seçimi sabah başa çatır. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidməti məlumat verib. TQDK-dan bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına 4 mart 2012-ci il tarixində keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar. 12 iyun saat 24:00 da magistraturaya proqram seçimi başa çatacaq. Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (həmin proqramların siyahısı “Magistr” jurnalının 2012-ci il 4-cü sayında dərc olunub).
Proqram seçib təsdiq etmiş bakalavrlar 2012-cu il iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.