Dövlət Televiziyasının Orta Asiya dövlətləri üzrə xüsusi müxbiri Qazaxıstandakı səfirliyimizdən narazıdır
Sumqayıtda doğulmuş Aida Eyvazlı bir neçə il universitetin jurnalistika fakültəsinə yol tapa bilmədiyindən Daşkənddəki Uluqbəy adına olan Dövlət Universitetində təhsil alıb. Sonralar Azərbaycana qayıdıb burada jurnalist kimi fəaliyyəti göstərsə də, tale onu yenidən Orta Asiyaya qaytarıb. Hazırda Aida Eyvazlı Azərbaycan Dövlət Televiziyasının Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəridir.
– Jurnalistikaya gəlişiniz necə olub? Sizi bu sənətə həvəsləndirən nə olub?
– Mən Tanrımdan çox razıyam, gec də olsa məni bütün arzularıma çatdırır. Jurnalistika fakultəsinə daxil olmazdan əvvəl “Azərbaycan gəncləri”, “Sosialist Sumqayıtı” qəzetlərində yazılarım çap olunub. İlk iş yerim isə “Bakı” və “Baku” axşam qəzeti olub. Burada Ağaddin Mansurzadə, Dağbəyi İsmayılov kimi jurnalistlərlə bir sırada çalışmışam. 1985-ci ildə Özbəkistanda Universitetə qəbul olunduğum üçün ora köçmüşəm. “Znamya drujbi” qəzetlərində özbəklər və krım tatarları ilə birlikdə çalışmışam. 1990-cı ildə təhsilimi başa vurdum. Sumqayıta qayıtdım və “168 saat” qəzeti ilə əməkdaşlıq etməyə başladım.
- İlk məqalə və aldığınız məvacibin məbləğini xatırlayırsınızmı?
– İlk məqaləm “Sosialist Sumqayıtı” qəzetində dərc olub. Mənə qonorar yazmışdılar, deyəsən 3 manat 60 qəpik idi. Ovucumun içində bərk-bərk saxladığım pulumu atama vermək istədim. O da pulu öpüb dedi: “Bərəkətli olsun, bala, özün xərclə”.
- Bəs, televiziyada ilk sujetiniz?
– “Space”də 1998-ci ildə bir yanğın hadisəsini çəkmişdim.
– Peşənizlə əlaqədar ilk səhvinizə görə danlanmısınızmı?
– “Panorama” qəzetində işləyəndə bir həmkarımız özünü bilikli göstərirmiş kimi yazımda düzəliş etmişdi. Təhqiqat yazısı idi, Qubaya gedib araşdırıb yazmışdım. Bu yeni əməkdaş isə hadisələrdən xəbəri olmadan, dəxilsiz bir düzəliş etmişdi. Mən də bundan əsəbiləşmişdim, onunla dalaşdım. Dedim ki, ay savadsız, bu ailədə mən olmuşam, sən hardan bilirsən orada nə baş verib?! Səs-küyə rəhmətlik Adil Qaçayoğlu gəldi, məni danladı, çox inçidim. Təxminiən 15 gün sonra, Adil Qaçayoğlu özü gəlib könlümü alıb, üzr istədi. Elə utandım ki... Elə bil ki, nəsə səhv etmişdim. O böyüklükdə jurnalistin məndən üzr istəməsi məni yamanca sıxdı.
– “168 saat”la bağlı xatirələriniz, deyəsən, daha çoxdur?
– 90-cı illlərdə Varisin ərsəyə gətirdiyi “168 saat” qəzetinin ətrafında xeyli gənc toplanmışdı: Faiq, Dilarə, mən və s. Qəzet Sumqayıt Gənclər Təşkilatının təsisçiliyi ilə işıq üzü görürdü. Təsisçinin maraqlarına zidd yazılar yazırdıq. Bundan sonra Sumqayıt Gənclər Təşkilatı ilə məhkəmələrimiz başladı. Qəzeti əlimizdən aldılar. Bu zaman biz Emin Eminbəyliyə müraciət etdik. “7 gün” qəzetinin həftəlik əlavəsi olan “168 saat+” qəzetini eyni kollektivlə nəşrinə başladıq.
– Bu yaxınlarda sizin məşhur çeçen lideri Şamil Basayevlə şəklinizə rast gəldim. Onunla necə müsahibə götürməyiniz maraqlıdır.
– “Panorama” qəzetində işləyirdim. Bir dostum dedi ki, məni Çeçenistana aparıb, Şamil Basayevlə görüşdürə bilər. Baş redaktor Araz Zeynalov da belə yazıların ovçusu idi. Məqsədimi ona deyəndə, əvvəlcə təəccübləndi. Sonra soruşdu ki, “gedib qayıda biləcəksən?!” Dedim ki, “aparan adam etibarlıdır”. İcazə verdi. Bu zaman həm də Space telekanalı ilə də əməkdaşlıq edirdim, TV-nin Sumqayıt və Abşeron zonası üzrə xüsusi müxbiri idim. Operatorum Rauf Quliyev və həmin dostumla birlikdə 1999-cu ilin aprelində maşınla Çeçenistana getdik. Şamil Basayevi vəd olunan yerdə 4 saat gözlədik. Sonra qapıda son model bir mini marşrut avtobusu dayandı. İçəridən düşən saqqalı bir çavan oğlan yaxınlaşıb nə lazım olduğunu soruşdu. Azərbaycandan gəldiyimizi və Şamil Basayevlə görüşmək istədiyimizi bildirdik. Darvazanı göstərib bizi içəri apardı. Evə keçəndə yerdə xeyli silah-sursat gördük. Dedi: “Buyurun, dinləyirəm sizi...” Mənim elə bil ki, bir an nitqim tutuldu. Sən demə, bayaqdan söhbət etdiyim elə Şamil Basayev özü imiş. İsgəndər Həmidovu soruşdu, daha sonra Çövhər Dudayevin qardaşı oğlu Leçi Dudayevlə, Aslan Masxadovla, Cövhər Dudayevin xanımı Ala Dudayeva ilə görüşdük. Dostumuzun işi olduğundan bizi Cövhərqala (Qroznı) şəhərində qoyub qayıtdı. Leçi Dudayev isə bizim üçün şəxsi mühafizə təyin etdi. Yaxşı oğlanlar bizi sərhəddən keçirəndən sonra nə boyda təhlükəni atladığımızı anladıq. Çeçenistanda bir həftə qalıb qayıdanda gördüm ki, “Panorama” qəzetində Elşən Əliyev belə bir yazı verib: “Panorama”nın şir ürəkli jurnalisti Şamil Basayevdən müsahibə alıb”.
– Ümumiyyətlə, hansı məşhurlarla müsahibələriniz olub və onlardan sizin üçün daha maraqlı kimdir?
– Müsahiblərim çox olub. Bu sıraya indi Özbəkistanda səfir işləyən Namiq Abbasov, Şamil Basayev, Leçi Dudayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva, Qazaxıstanın baş naziri Karim Mansimov, dünya şöhrətli yazıçılar Öljas Süleymenov, Çingiz Aytmatovla, Avropa Şurası Parlament Assambleyasının prezidenti, indi isə AŞPA prezidentinin xüsusi nümayəndəsi Mövlud Çavuşoğlu da daxildir. Bilirsiniz bu insanlarla müsahibə alanda gözlərində sözün əsil mənasında səmimilik görmüşəm. Jurnalistin müsahibi səmimi olduqdan sonra söhbəti də, yazı da gözəl alınır. Ən əsası danışdırdığın şəxsi özünə inandırmağı bacarmalı və həmsöhbətinə inanmalısan.
– “Space” işlədiyiniz dövrləri necə xatırlayırsınız?
– “Panoranma” qəzetində işlədiyim vaxt Space-dən də təklif aldım. Ümumiyyətlə, televiziya haqqında heç bir anlayışım yox idi. Mənə ən çox kömək eləyən indi AzərTAc-ın Amerika bürosunun xüsusi müxbiri Şəfəq Mehralıyeva idi. 3 seriyalı “Çeçenlər” filmimi Nadir Bədəlov başa gətirdi.
– Dövlət Televiziyasına sizi gətirən nə oldu?
– Space-dən sonra Lider TV-də Vəli Əkbərin yanına gəldim. Özbəkistanda xüsusi müxbir kimi işləmək istədiyimi dedim. 20 gündən sonra artıq Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir təyinatını aldım. Burada ən çox yadımda qalan “Heydər Əliyev Özbək xalqının ürəyində” adlı sənədli filmim oldu. 2006-ci ilin dekabrına qədər Lider TV-də işlədim. Sonra Faiq Hüsiyevdən Azərbaycan Dövlət Televiziyasının Özbəkistan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri təklifi gəldi.
– Ümumiyyətlə, oralardan reportaj və ya xəbərlər hazırlayıb təqdim etməkdə sizə kömək edilir, yoxsa maneələr də yaradılır?
– Maraqlı sualdır. İlk dəfə Özbəkistanda xarici müxbir kimi fəaliyyətə başlamışam. Təbii ki, ilk əlaqələri yaratmaq, yeni jurnalist dostlar tapmaq xeyli vaxt apardı. Bir məqamı nəzərinizə çatdırım ki, Özbəkistan televiziyası ilə əlaqələr qurmaq bir az çətindir, xüsusi çətinlikləri var. Lakin Qazaxıstanda işlədiyim 4 il müddətində hər zaman Azərbaycan televiziyası ilə Qazaxıstanın KTRK-sı ilə aramızda anlaşma memarandumu imzalandığından işləmək çox asan olub. Çətinliyi ancaq Qazaxıstandakı səfirliyimiz yaradıb. Qalanı isə hər şey jurnalistin çevikliyindən, xəbəri izləyib vaxtında çatdırmasından asılıdır. Aktaudakı Baş konsulluğumuz, Qırğızıstandakı, Tacikistandakı, Özbəkistandakı səfirliyimiz hər zaman məhsuldar işləməyimiz üçün bütün şəraitləri yaradır və hər cür köməklik edirlər. Dövlət əhəmiyyətli tədbirlərimiz olanda internet vasitəsi ilə mənə lazım olan video xəbərləri çevik şəkildə çatdırırlar. Bilirsiniz, səfirliklər dövlətimizin üzüdür. Qırğızıstan, Özbəkistan, Tacikistan səfirliklərimizin, Aktaudakı baş konsulluğumuzun keçirdikləri tədbirlər o qədər yüksək səviyyədə olur ki... Qərib ölkədə belə təqdimatlar insana qürur verir.
– Orta Asiya müxbiri işlədiyiniz zamanlarda, yəqin ki, maraqlı xatirələr yaşamısınız...
– 2005-ci ildə Qazaxıstanda prezident seçkiləri keçirilirdi. Mən də Lider TV-nin xüsusi müxbiri kimi seçki kompaniyasını izləyirdim. Bir azərbaycanlı həmyerlimiz Nursultan Nazarbayev haqqında yazdığı şeirlər kitabını mənə vermişdi ki, seçkidən sonra ona çatdırım. Prezident uğurla seçildi və səhəri günü jurnalistlərlə görüş keçirildi. Mən də Azərbaycan jurnalisti kimi televiziyanın və azərbaycanlıların adından prezidenti təbrik etdim, kitabı ona çatdırdım.
Bir müddət keçəndən sonra, Azərbaycan prezidentinin rəsmi səfəri zamanı mətbuat konfransı keçirilirdi. Mən də ön sıralarda oturmuşdum və prezidentlər oturan kürsüyə baxırdım. Birdən Nursultan Nazarbayevlə nəzərlərimiz toqquşdu. Kefi kök idi, mənə işarə ilə salam verdi. Mən də əlimi sinəmin üstünə qoyub baş əyərək ehtiramımı bildirdim. Deməli, üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, prezident məni yadında saxlamışdı.
– Həmin respublikaların hökümət nümayəndələri ilə görüşüb müsahibələr almaq çətin deyil ki?
– Özbəkistanda bir qayda olaraq, heç bir dövlət məmuru müsahibə vermir. Çox nadir hallarda hansısa tədbirdə bir-iki xoş söz deyirlər. Tacikistan və Qırğızıstanda da səfirliyin yazdığı bir məktub bəs edir ki, məmurlarla müsahibə alasan. Qazaxıstanda da əvvəllər asan idi, indi bir az zaman lazım olur. Ancaq Azərbaycan televiziyasına heç vaxt “yox” demirlər.
– Oradan Azərbaycan necə görsənir?
– Özbəkistandan, Tacikistandan, Qırğızıstandan baxanda Azərbaycan çox inkişaf etmiş ölkə kimi görünür. Qazaxıstandan baxanda isə müqayisə etmək çətin olur. Orada insanlar daha çox əmək haqqı alırlar, əsasən də jurnalistlərin əmək haqları yüksəkdir, ipoteka problemi yoxdur. Bir də ki, Qazaxıstanın sahibkarları istehsal etdiyi kənd təsərrüfatı, gündəlik tələbat mallarını vicdanla hazırlayırlar, vətəndaşı aldatmırlar. Bu barədə maraqlı bir hadisəni danışım: Astanada bir dəfə bir böyük marketdən bazarlıq edirdim. Bir qız kolbasa dolu arabanı piştaxtadan çıxarırdı. Mənim istədiyim kolbasa isə o arabada var idi. Dedi ki, “verə bilmərəm, çünki sabah saxlanma müddəti başa çatır”.
– Bəs Orta Asiya xalqları üçün “Azərbaycan” deyəndə ilk ağla gələn nə olur? Ölkəmiz haqqında nə qədər məlumatlıdırlar?
– İlk ağıllarına gələn Heydər Əliyev və Zeynəb Xanlarovadır. “Eurovision-2012” Mahnı Müsabiqəsindən sonra bu ad da bura əlavə edildi.
– Orada onların mətbəxindən istifadə edirsiniz? Yoxsa öz mətbəximizin yeməklərini hazırlayırsınız?
– 5 il Özbəkistanda oxumuşam. Həmin illərdə bir dəfə də olsun onların mətbəxindən istifadə etməmişdim. Bəlkə də cavan idim, ana yeməklərinin dadından ayrıla bilmirdim. İndi isə təmiz yerdə bişirilibsə, özbək plovunu, mantısını, samsanı çox həvəslə yeyirəm. Qazaxların mətbəxinin əsas yeməyi at əti ilə bişirilən “beşbarmaq”dır. Evdə ancaq öz mətbəximizin yeməklərini bişirirəm. Bütün dostlarım deyir ki, yeməklərim ləzzətli alınır. Əslində, jurnalstikadan sonra, ikinci ən çox bacardığım iş yemək bişirməkdir. Bu yerdə sizə maraqlı bir əhvalat danışım: “168 saat” qəzetində çalışırdıq. Bir yay günü Varis, Faiq və məni “Azərkimya”dan Nabrana göndərdilər. Təzə balıq almışdıq. Varislə Faiq balığa baxa-baxa qaldılar. Baş sındırırdılar ki, balığı necə bişirsinlər. Onlar fikirləşincə, mən ağacların yüngül budaqlarını qırıb, ocağı onlara qalatdırdım və meşədə bir balıq kababı çəkdim. Balığın ilk tikəsini yeyəndən sonra, bir də gördüm ki, Faiq deyir ki, kül sənin ərinin başına, belə kabab bişirən arvadı da boşayarlar?!
– Bakıya dönmək fikriniz var? Bu barədə düşünürsünüz?
– Rəhbərlik nə vaxt məsləhət görsə, əlbəttə, vətənimə canım qurban. Özbəkistan, Tacikistan, Qırğızıstandakı səfirliklərimizdə, Aktaudakı Baş Konsulluğumuzda olarkən insan özünü elə vətəndəki kimi hiss edir.
– Boş vaxtlarınızda nə ilə məşğulsunuz?
– Kitab oxuyuram, internetdə gəzişirəm. Ancaq tənbələm, xatirələrimi, ötən yazılarımı yığıb hazırlamağa vaxt tapmıram.
– Olduğunuz şəhərlərin görməli yerlərini gəzmisiniz? Sizə ən böyük təəssürat yaradan hara olub?
– Özbəkistanın bütün böyük şəhərləri başdan –ayağa heyrətdir. Böyük türk sərkərdəsi Əmir Teymurun Səmərqənddəki məqbərəsini götürək. Bir möhtəşəmlik var ki, bunu ancaq gözlə görmək lazımdır. Bununla da özbəklər bütün dünyaya kimliklərini göstərə bilirlər. Əmir Teymurun məqbərəsini görməyə Səmərqəndə dünyanın hər yerindən ildə 300 mindən çox turist gəlir. Buxarada sufilərinin, nəqşibəndilərin və Şeybanilərin qəbrini də bu sıraya daxil etmək olar.
– Orta Asiyalılardan hansı dilləri bilirsiniz?
– Özbək dilində özbəklərdən yaxşı danışıram, amma qazax dilini öyrənmək çətin oldu.
– Vətəndən uzaqda işləmək sizdə çətinlik yaratmır ki?
– Öz millətimizdən olan, vətəni təmsil edib, lakin vətənin deyil, öz maraqlarını güdən insanlar olmasa, işləmək asandır. Hər şey insanın gücündən, arzusundan asılıdır. Bir də vətəndən uzaqda Azərbaycan adına işləyən adamın gərək əxlaqı, mədəniyyəti, vətən sevgisi olsun, vətənin tarixindən, orada baş verən ictimai-siyasi hadisələrin durumundan xəbərdar olsun. Çətinlik yalnız əziz dostlardan uzun zaman ayrı olmaqda, onların xeyir-şərində yaxından iştirak edə bilməməkdədir.
- Ailəniz barədə də bilmək maraqlıdır, bildiyimizə görə qızınız da Orta Asiyada çalışır...
– Qızım Ləmanın 22 yaşı var. Bir yaş yarımından tək böyütmüşəm. L.Qumilyev adına Qazaxıstan Dövlət Universitetinin hüquqşünaslıq fakültəsini bitirib, Bankokda AİT-də oxuyub. Hazırda Özbəkistandakı səfirliyimizdə ştatdankənar işləyir. Yaxşı yazmaq qabiliyyəti var, ancaq yazmır. Deyir ki, bir ailədə bir nəfər yazar.
Ən Çox sevdiyim ailə şəkili...
Bacım Sevda ilə...
Qızım Ləmanla...
Aytən ƏLİYEVA