“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq Türkmanlarından ibarət nümayəndə heyətinin üzvləri Quba rayonuna səfər ediblər. Öncə Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abdinovun müşayəti ilə Quba şəhərində həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olan, qonaqlar tarixi Quba şəhər camisi və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Quba əhalisini erməni-daşnak hərbi birləşmələrinin soyqırımından xilas etdikdən sonra xalqı salamlamaq üçün eyvanına çıxdığı tarixi evi ziyarət ediblər. Daha sonra onlar Quba Soyqırım Məzarlığında olublar.
Millət vəkili, Qənirə Paşayeva qonaqlara Quba Soyqırımı məzarlığı haqqında məlumat verərək, 1918-ci il martın sonunda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar, soyqırımlar və onun acı nəticələri barədə danışıb.
“Günahsız insanların, özəlliklə körpə uşaqların, qadınların, yaşlı insanların işgəncələrlə öldürülməsini, məsələn, insanların başlarına mismar çalınaraq, yaxud küt alətlərlə qətlə yetirildiyini, qətliam qurbanlarının toplu halda su quyusuna doldurularaq üstlərinin qapadıldığını düşünmək belə ağırdır.Quba Soyqırımı Məzarlığı ermənilərin Azərbaycan xalqına tək XX əsrin sonlarında deyil, həm də əvvəllərində soyqırım törətdiyini bir daha sübut edir.”
İraqlı soydaşlarımızın Quba Soyqırım Məzarlığını ziyarətinin önəminə toxunan deputat həqiqətlərimizin bütün Türk Dünyasında bilinməsinin qaçınılmaz olduğunu vurğulayıb.
“Bura təşrif buyuran İraqlı soydaşlarımız sıradan insanlar deyil, hər biri cəmiyyət içində nüfuz sahibi olan ictimai-siyasi xadim, ədib, sənət nümayəndəsi, media nümayəndələridir. Belə bir heyət ilə Quba Soyqırım Məzarlığını ziyarət etməyimizdə məqsədimiz ilk öncə, İraqda yaşayan 3 milyon soydaşımızın ermənilərin tarixən Azərbaycan türklərinə qarşı soyqırım siyasəti yürütməsi barədə daha geniş məlumatlandırmaq və həmin soydaşlarımızın da öz növbəsində, İraq ictimaiyyətinin diqqətinə Azərbaycan, Qarabağ həqiqətlərini çatdırması, ermənilərin Azərbaycan xalqına soyqırım siyasəti yürütməsini davam etdirməsi, Ermənistanın işğalı altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə daha geniş məlumat verməyə çalışmasıdır”.
İraq –Türkman nümayəndə heyətinin üzvlərindən tanınmış ictimai-siyasi xadim, ədib Fövzi Əkrəm Tərzioğlu, dr. Mustafa Ziya, dr. Şəmsəddin Kuzəçi, Türkmaneli İşbirliyi və Kültür Vəqfi başqanı Fatih Türkcan, “Türkmaneli” TV-nin Xəbər müdiri Ali Kasapoğlu öz təəssüratlarını bölüşərək bənzəri soyqrım aktlarının Kərkük insanının da başına gəldiyini, o cümlədən XX yüzilin əvvəllərində məhz ermənilər tərəfindən türklərə qarşı qətliamların, soyqırımların törədildiyini, dərdimizin, üzüntümüzün, tarixi həqiqətlərimizin oxşar və əsasən eyni olduğunu bildirmişlər. İraqlı soydaşlarımız şahidi olduqları mənzərəni, əldə etdikləri tarixi bilgiləri öz qurumlarında, sözlərinin eşidildiyi hər yerdə anlatmağa çalışacaqlarını vurğulayıblar.
Daha sonra millət vəkili Qənirə Paşayeva və İraq-Türkman nümayəndə heyətinin üzvləri yerli mətbuat və milli televiziya kanallarının bölgə təmsilçilərinin suallarını cavablandııblar.
Qeyd edək ki, ziyarətdən sonra keçirilən görüşdə İraq-Türkman nümayəndə heyəti adından Quba rayon İcra Hakimiyyəti başçısına xatirə plaketi təqdim edilib.
|
|
Modern.az