Etibar Əliyev: “Gündəlik satışından əldə edilən gəlir kimin cibinə gedir?”
Xeyli vaxtdır ki, məktəbli gündəliklərindəki reklamlar müzakirə olunur. Reklamın məktəbli kitabçasında qanunazidd olduğu haqda iddialar səslənsə də, artıq bu vəsait şagirdlərə satılıb. Bu məsələyə münasibət bildirən təhsil naziri Misir Mərdanov gündəliklərdə olan reklamların şagirdlərin fikirlərini yayındırmayacağına əmin olduğunu qeyd edib. Nazir bu gündəlikləri özlərinin nəşr etdiklərini və digər ölkələrdə olduğu kimi gündəliklərdə reklamın olmasını müsbət qiymətləndirib.
Bəs ekspertlər nə fikirdədir? Artıq şagirdlərə satılan kitabçada reklamın olması düzgündürmü?
Modern.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki, məktəbli gündəliklərində qəti surətdə reklam olmaz. Keçmiş nazir reklamların televiziya və qəzetlərə verilməsinin daha məqsədə uyğun olduğunu deyib.
Təhsil üzrə ekspert Etibar Əliyev orta məktəb gündəliyində reklamın olmasını dünya təcrübəsində yolverilməz bir hal olduğunu deyib. Onun sözlərinə görə, burada gündəliyi çap edən və onu təqdim edənlərin başqa bir maraqları var: “Məktəbli kitabçasında reklam kommersiya xarakteri daşıyır. Dünya təcrübəsində hansısa bir kitabın və yaxud da tədris vəsaitində reklam ola bilməz.
Gündəliklərin satılması məsələsinə toxunan ekspert bu məsələni dəfələrlə qaldırdıqlarını deyib: “Məktəbli kitabçası həddən artıq baha qiymətə və dərs ilinin sonunda satılır. Bu insanların nə marağı var ki, bunu tədris ilinin sonunda satırlar!? Heç kimə qayimə verilmir və vergi tutulmur. Kitabça 1 milyon 200 min şagirdə vergisiz və qayiməsiz satılır. Rayon təhsil şöbələrinə tapşırılır ki, sizin məktəbdə filan qədər uşaq təhsil alır və gəlin bu qədər gündəlik aparın. Gələndə də nağd pulla gəlin. Pulların bir hissəsi nəşriyyata, qalan hissəsi isə məmur ciblərinə gedir. Neçə illərdir bu prosesə heç kim münasibət bildirmir”.
Anar Kəlbiyev