Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Goranboy istiqamətində minaya düşən zabiti İlqar Verdiyev bu gün dünyasını dəyişib.
Modern.az xəbər verir ki, ağır yaralanaraq sağ qolunu itirən İ.Verdiyev hərbi hospitala yerləşdirilmişdi. Məlumatı Mərkəzi Hərbi Kliniki Hospitalından təsdiqləyiblər.
Xatırladaq ki, İ. Verdiyev iyunun 9-dan 10-na keçən gecə minaya düşüb. Əvvəlcə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi Zahir Məmmədov minaya düşüb. Yaralı zabiti götürmək üçün ona yaxınlaşan mühəndis-istehkam bölüyünün komandiri İ. Verdiyev ikinci minanın partlaması nəticəsində yaralanmışdı.
İ.Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb.
2008-ci ildə nazir Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsindən çıxarılıb Goranboyda (Murovdağ) yerləşən hərbi hissəyə bölük komandiri göndərilib.
İxtisasca mühəndis–istehkamçı olan İ.Verdiyev Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini işləyərkən mətbuatla əməkdaşlığına görə müsbət imic qazanmışdı. O, mayor hərbi rütbəsinədək yüksəlmişdi..
Qeyd edək ki, İ.Verdiyev Türkiyə Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı və “Qüsursuz xidmətə görə” üçüncü dərəcə medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Modern.az