Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. Modern.az-ın məlumatına görə, Komissiya sədri Məleykə Abbaszadə buraxılış Goranboy, Gəncə, Şəmkir, Qazax və Tovuzda imtahan prosesini müşahidə edib.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin normal qaydada imtahan vermələri üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşmış, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.
İlkin məlumatlara əsasən müxtəlif binalarda 15 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunubdur.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Anar RÜSTƏMOV