Modern.az

Azərbaycanlıların erməni gəlini - “Övladlarımı atıb gedə bilməzdim”

Azərbaycanlıların erməni gəlini - “Övladlarımı atıb gedə bilməzdim”

Reportaj

15 İyun 2012, 19:33

Adını və soyadını dəyişib Bakıda yaşayan erməni qadın danışır…

Bu gün Bakıda minlərlə erməni yaşayır. Bəzi məlmatlarda Bakı şəhərində 20 mindən, digər məlumatlarda isə bundan da çox – 30-40 min erməninin yaşadığı bildirilir. Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda etiraf ediblər. Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Onlar adlarını dəyişiblər və səndədə azərbaycanlı kimi gedirlər. Ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayan ermənilər də az deyil. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu sirr deyil. Modern.az saytı bir neçə dəfə bu istiqamətdə araşdırmalar aparıb və hətta təpkilərlə üzləşmişik.

Həmsöhbətimiz də ad və soyadını dəyişmiş və yəqin ki çoxlarının azərbaycanlı kimi tanıdığı erməni qadınıdır..

Zoya Atakişiyeva adlı erməni əsilli bu qadını müsahibə verməyə razı salana kimi tökmədiyim dil, geymədiyim don qalmadı. Nəhayət səbrimin bitməyinə bir damla qalmışdı ki, razı oldu…  
Özümə də çox maraqlı idi onun həyatı… Hələ mən məktəbli idim, anam tez-tez öz gəncliyindən danışanda bu xatirələrin içində Zoya Atakişiyevanın 1980-cı ildə kəndə necə gəlin gəlməsindən, azərbaycanlılar arasında necə baş çıxarmasından da söz açardı… Xatırlayıram ki, anam deyirdi Zoya gəlin gələndə erməni-azərbaycanlı  müharibəsi başlamamışdı. Bu gün pis səslənsə də, o vaxtlar bu iki millət arasında keçmişdə olanlara bağmayaraq, isti münasibətlər mövcud imiş. Qohum ailələr bir-birinə gedib-gəlirmişlər… Nə isə, keçək mətləbə...

Həmsöhbətimiz erməni soylu, özünün deməsinə görə isə Azərbaycan ruhlu (o özünü belə təqdim etdi -A.T) Zoya Atakişiyevadır. Əslində isə onun adı Naira Postandjyandır. 1960-cı ildə Ermənistanda - Dzoraqyuxda anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. Zoya Atakişiyeva qarşımıza o qədər şəkil tökdü ki... Uşaqlığından ta indiyədək olan ömrü sanki qarşımızda dəftər səhifələri kimi vərəqləndi...
30 ildir azərbaycanlılar arasında yaşayır, deyir ruhu, varlığı başdan-ayağa dəyişib.

Zoya Atakişiyeva necə “azərbaycanlı” oldu?!

“Gənc qız idim, iş axtarırdım. Rəfiqəm mənə iş tapdı. Səhəri gün birlikdə getdik. Məni işə bir aylıq təcrübəçi kimi götürdülər. Şərtimiz belə oldu ki, işim onları qane etsə, əməkdaşlıq edəcəklər. Müəsissənin rəhbəri ucaboy, gözəl qamətli  azərbaycanlı gənc oğlan idi. Özümü elə itirmişdim ki, oğlana özüm də bilmədən, “əmi” deyə, müraciət etmişdim. O çox yaraşıqlı idi. İşçilərinin əksəriyyəti gənc xanımlar olduğundan, özündən xəbərsiz onun uğrunda rəqabət gedirdi. Sonradan tale elə gətirdi ki, bizim münasibətimiz yarandı və o məhz mənimlə ailə qurdu”.

Beləcə azərbaycanlı Zakirlə ailə quran gənc erməni qızı Qərbi Azərbaycanın Amasya rayonun Quzu kəndinə gəlin köçür. Həmkəndlilərindən eşitmişəm ki, Zoya ailə həyatının ilk illərində adından yaxşı mənada söz etdirib, kənddə hamı onun ağıllı, təmizkar, böyük-kiçik yeri bilən, Azərbaycan ənənələrini yerinə yetirən bir gəlin olmasından danışırmış.

Bu ailə məlum Qarabağ hadisələrinə qədər söz-söhbətsiz yaşayıb, övladları da  doğulub, erməni qadını azərbaycanlı kişidən üç uşaq dünyaya gətirib. Deyir ki, o uşaqlarını azərbaycanlı ruhunda böyüdüb, boya-başa çatdırıb.
Sonra müharibə başlayır və... bəzi erməni gəlinlərin əksinə olaraq, Zoya Ataşkişiyeva ailəsini tək buraxmır. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya başlayanda o da əri və övladları ilə birgə Azərbaycana gəlir.

O vaxtdan Zoya Atakişiyeva ata-anasından, bacı-qardaşından ayrı düşür və bir daha onları görmür. İndi deyir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə hər dəfə televiziyadan görüb-eşidəndə onlara lənət yağdırır... Deyir o çoxdan özünü azərbaycanlı sayır.

Zoya Atakişiyeva söhbət zamanı həyəcansız danışa bilmirdi, aradabir qəhərsilənir, ağlayırdı...

- Eh, bilmirəm nə deyim... Bəlkə də məni düz başa düşməzlər, amma əzizlərimdən gənc yaşımdan ayrı düşməyim ürəyimin başını yandırır. İki millət arasındakı bu qan-qada qəlbimi göynədir, tüstüm təpəmdən çıxır. Doğmalarımız xatırlamaq çox ağırdı mənim üçün...

- Azərbaycanlı ilə ailə qurmağa peşman deyilsiniz ki?

- Əsla! Qətiyyən! Allah eləməsin. Allah peşman eləməsin. Nə yaxşı ki, Azərbaycandayam. Allah hamının balasını saxlasın, iki oğlum, bir qızım var. Hamısı da ailəlidir. Dörd nəvəm var. Onlar mənim dünyamdır. Övladlarımdan şirindilər mənə. Axə necə peşman olaram? Allah mənə belə gözəl paylar verib. Hər an şükr edirəm yaradana. Mən azərbaycanlıyam və Azərbaycanı sevirəm. Düzdür, Ermənistanda qalan doğmalarımı da görmək istəyirəm, ancaq heç bir zaman ora qayıtmaq istəmirəm. Televizya kanallarında onların törətdikləri pislikləri görəndə, az qalıram gedim qanımı dəyişdirim. Çox utanıram çox... Nə az, nə çox düz 25 il o millətlə ünsiyyətdə olmuşam, üzləri qara olsun...

- Övladlarınıza Azərbaycan adları vermisiniz?

- Əlbəttə... Mənim öz ata-baba adım çoxdan yadımdan çıxıb. O ki, qala, övladlarıma o əcaib adları qoyum. Allah ağlımı almayıb ki, şükür!

- Bəs özünüz adınızı nə vaxt dəyişdiniz, ailə qurandan  sonra yoxsa məlum hadisələr başlayanda?

- Mənə bu adı atam kimi güvəndiyim, anam kimi sığındığım sirdaşım, yoldaşım, qadaşım, bacım bir sözlə, hər şeyim olan həyat yoldaşım verib.
Nişanlı idik, şəhərə gəzməyə getmişdik. O, mənə böyük bir dovşan aldı. O gündən məni “zayçik” deyə çağırdı. Daha sonra ailə qurduq, rəhmətlik qaynanam bir dəfə oğluna dedi ki, “a bala, gəlinə “zayçik” demə, ayıbdır. Qonum-qonşu deyər ki, gəlinə heyvan adı qoyub çağırırlar. Həmin gündən yoldaşım mənə Zoya deməyə başladı və bu günə kimi adım belə qaldı.

- Bu neçə illər ərzində Ermənistanda yaşayan qohumlarınızla əlaqə  qurmağa cəhd etmisinizmi?

- Yox desəm, yalan olar. Təzə-təzə qarışıqlıq düşən vaxtlar idi. Çox ora-bura müraciət etdim, ancaq alınmadı. Getsəydim, gərək bir də qayıtmayaydım, o da mümkün olan bir iş deyildi, ailəmi və övladlarımı atıb gedə bilməzdim. Beləcə, çox illər ötdü və hər şey dəyişdi. Artıq mən nənəyəm, ömrümü-günümü ailəmə qurban verdim və verəcəyəm də...

- Ermənilər Azərbaycanın ərazi bütövlüyünə təcavüz ediblər, torpaqlarımızın 20%-i işğal olunub. Bütün bu hadisələr hamı kimi, sizin də gözləriniz önündə baş verib. Bu gün də Azərbaycan xalqı ermənilərə lənət yağdırır. Siz bu kimi fikirləri eşidəndə, özünüzü necə hiss edirsiniz?

- Mən dedim axı ki, mənim haqqımda danışanda, erməni sözünü işlətmə. Mən Azərbaycan vətəndaşıyam və azərbaycanlıyam (bu yerdə həmsöhbətim çox əsəbləşdi-A.T.). 

- Siz burada yaşadığınız üçünmü, özünüzü azərbaycanlı adlandırırsınız, yoxsa, bu içinizdən gələn bir hisdir?!

- Ay bala, mən kimdən qorxacam ki, Allahdan başqa heç kəsdən qorxmuram. Birdəki niyə qorxmalıyam? Mən Azərbaycanı sevirəm və qəbul edirəm. Bu xalqda ayrı bir dahilik, ayrı bir istilik var. Kim necə fikirləşir, fikirləşsin, mən Azərbaycanı sevirəm və mən azərbaycanlıyam. Bu fikirləri nə yaltaqlıq, nə də kiminsə gözünə girmək üçün deyirəm.
Mənim sevdiklərim onsuz da məni tanıyır və Azərbaycanı necə sevdiyimi bilirlər. Buna görə də onlar məni azərbaycanlı kimi qəbul ediblər. Son olaraq onu da qeyd edim, mən çox xoşbəxtəm ki, mənim taleyim belə gətirib. Mən çox şanslıyam ki, bu gün Azərbaycandayam...                                                                 

Aysel Talıblı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi