Biri aranın sakitləşməsini gözləyir, digəri kitabçanı hələ tapmayıb, üçüncü də heç vaxt yığıcı olmayıb
Budur, artıq iki həftədən çoxdur ki, sovet dövründən qalmış əmanətlər qaytarılır. Uzun müddət bu əmanətlərin yolunu səbirsizliklə gözləyən vətəndaşlar indi gecə-gündüz demədən pullarını almaq üçün növbə tutmalı olurlar. Amma cəmiyyətdə kifayət qədər nüfuzlu, pul sarıdan korluq çəkməyən insanlar da var ki, onlar da vaxtilə, əllərinə pul düşdükcə banka yatırıblar. Maraqlıdır, maddi vəziyyəti normal olan millət vəkilləri necə, onların da bankda əmanətləri varmı, bu əmanətlərin alınmasına səy göstərirlərmi?
Modern.az deputatlar arasında sorğu aparıb.
Vahid Əhmədov vaxtilə banka əmanət qoyub. Millət vəkilinin bankda 8 min pulu var. Əmanətini almaq üçün hələ ki, banka müraciət etmədiyini deyən deputat aranın sakitləşməsini, növbələrin azalmasını gözləyir. Bundan sonra əmanətini almaq üçün banka üz tutacaq.
Aqil Abbasın isə bankda pulu yoxdur. O vaxt maddi imkanının aşağı olduğunun deyən millət vəkili əlavə pulunun olmadığını və ona görə də banka pul qoymadığını deyir: “Vaxtilə kirayə qalırdım. Pulu güclə çatdırırdım. Ona görə də əlavə pulum olmayıb ki, əmanət qoyum. Amma o vaxtı atam banka adımıza müəyyən qədər pul yatırıb. Döyüşlər vaxtı Ağdamda evimiz yandı. Sənədlərdə evimizdə qaldı. Əmanətlərin sənədi itdiyindən heç bununla maraqlanmıram. Tapılsa belə, heç əziyyətinə dəyməz. Amma məlumatlar arxivdə olsa, yəqin ki, bacılarım alacaq”.
Yığıcılıq edib banka pul qoymayan millət vəkili Nizami Cəfərov da bankda əmanətinin olmadığını deyir: “Bizim ailənin pulu olmayıb ki, banka əmanət yatırsın. Ümumiyyətlə, ailəmiz heç vaxt yığıcı olmayıb. Əlimizə pul düşən kimi xərcləmişik. Ona görə də bankda əmanətimiz yoxdur”.
İlyas İsmayılov da həmkarı Nizami Cəfərovdan fərqlənmir. Onun da bankda əmanəti yoxdur: “Mənim bankda şəxsi əmanətim olmayıb. Amma həyat yoldaşımın var. Məbləği bilməsəm də, vəsaiti götürmək fikrindəyik”.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə vaxtilə banka 350 rubl əmanət qoyub. Əmanətinin hələ almadığını deyən millət vəkili aranın seyrəlməsini gözləyir: “Gözləyirəm ara bir az sakitləşsin. Ondan sonra əmanətimi alacam. Pulu isə imkansız birinə bağışlayacam”.
Fazil Mustafa vaxtilə valideyininin onun adına banka əmanət qoyduğunu deyir. Amma əmanət kitabçasını tapa bilmədiyindən məbləğin nə qədər olmasından xəbərsizdir: “Sənədi tapan kimi əmanətimi almaq üçün banka müarciət edəcəm. İndiki dövrdə dövlətin verdiyi puldan imtina etmək olmaz”.
Başı elmi işlərinə qarışan millət vəkili Yaqub Mahmudovun da bankda əmanəti yoxdur. Daim işlə məşğul olduğunu deyən deputat banka heç vaxt əmanət qoymadığını deyir: “Mənim ən böyük əmanətin xalqımız mənə verdiyi qiymətdir”.
Gültəkin Ələsgər