“Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil”.
Prezident İlham Əliyevin iyulun 30-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı dediyi bu sözlər Ermənistan üçün ciddi mesajdır. Ekspertlər bu fikirdədir. Millət vəkili Hikmət Babaoğlu deyir ki, işğalçı ölkənin baş nazirinin Azərbaycana qarşı hansısa şərtlər irəli sürməsi məhz siyasi təxribat və şantajdır. Onun sözlərinə görə, Azərbaycan prezidenti bu təxribata layiqli cavabı verib.
“Azərbaycan prezidenti Balakənə səfəri zamanı bu təxribata cavab verdi. Dedi ki, Paşinyanın irəli sürdüyü 7 şərtə qarşı bizim bir şərtimiz var – bu da Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasıdır. Azərbaycan prezidenti bunu deyən zaman Ali Baş Komandan kimi öz ordusunun gücünə, öz xalqının dəstəyinə arxalanaraq, beynəlxalq hüquqa söykənərək dedi. Ermənistan baş naziri Nikol Paşinyanın sözləri isə siyasi şantaj və təxribatlardan başqa bir şey deyil”.
Dövlət başçısının çıxışında ikinci mühüm məqam qondarma Dağlıq Qarabağ rejiminin danışıqlara cəlbi ilə bağlı Paşinyanın iddialarına verilən cavabdır. Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan prezidenti bu məsələ ilə bağlı son sözünü söyləyib.
“Prezident bununla da uzun müddətdir davam edən siyasi təxribata qarşı son cavabını verdi – bildirdi ki, həddiniz çatırsa, ağlıq Qarabağın müstəqilliyini tanıyın. Bu fikrin arxasında duran əminlik yenə də Azərbaycan ordusunun gücünü, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsini, beynəlxalq hüququn Azərbaycan tərəfində olduğunu göstərmiş oldu”.
Politoloq Elxan Şahinoğlu da dövlət başçısının bu fikrinin erməni tərəfi üçün ciddi mesaj olduğunu qeyd edir:
“Bu da Paşinyana meydan oxumaq idi. Paşinyandan əvvəlkilər də bunu edə bilmirdilər. Çünki bilirdilər ki, əgər separatçı rejimi tanısalar, bu, müharibənin başlamasına rəvac verəcək. Bizə də elə bu lazımdır. Levon Ter-Petrosyan, Robert Köcəryan, Serj Sarkisyan separatçı rejimi rəsmən tanımaqdan qorxurdular. Paşinyan da bundan çəkinir. Bilir ki, belə olsa, Azərbaycan ordusu dərhal antiterror əməliyyatına başlayacaq. Ermənistanın baş naziri Paşinyan yalançı və iftiraçıdır, belə bir şəxslə danışıqlar aparmağın mənası yoxdur. Dövlət başçısının son açıqlamalarından da bunu anlamaq olar”.
Qeyd edək ki, Balakəndəki çıxışı zamanı prezident İlham Əliyev Azərbaycanın qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmasının mümkünsüz olduğunu bir daha bəyan edib:
“Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır”.
Azərbaycan Prezidenti bildirib ki, “Dağlıq Qarabağ respublikası” yoxdur: “Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.
Prezident İlham Əliyev qeyd edib ki, onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar: “Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir.