Bu gün Modern.az saytına daxil olan məlumata görə, Mingəçevirdə məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli binada çat əmələ gəlib. Əldə etdiyimiz məlumata görə həmin binanı tikən podratçı şirkət, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçiləri hadisə yerində binaya baxış keçiriblər. İşlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov yayılan xəbərin əsası olmadığını deyib. “Bu heç bir əsası olmayan məlumatdır. Orada heç bir çat əmələ gəlməyib. Həmin binanın tikintisi yüksək keyfiyyət və sürətlə davam edir. Məcburi köçkünlər üçün tikilən bina ilə respublikanın ən məşhur, tanınmış şirkətləri məşğul olur. Tezliklə binanın açılışı olacaq və orada heç bir problemin olmadığını hamı görəcək” deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Mingəçevirdə məcburi köçkünlər üçün tikilən yaşayış binasında bir ilə yaxındır iş aparılır. Ancaq həmin çoxmərtəbəli binanın birində çat yaranıb. Tikintiyə məsul olan şirkət bunu gizlətməyə çalışsa da, artıq xəbər işçilər tərəfindən yayılıb. Hazırda ərazidə tikinti işləri dayanıb və əraziyə giriş məhdudlşadırılıb.
Aytən ƏLİYEVA