Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçirilə görüşü başa çatıb. Modern.az-ın məlumatına görə, bu haqda ATƏT məlumat yayıb. Bildirilib ki, Fransada baş tutan görüşdə XİN rəhbərləri ilə yanaşı görüşdə ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Jak For, Robert Bradtke və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
Paris görüşündə xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər. Görüşün sonunda həmsədrlər bəyanatla çıxış edərək görüşün əhəmiyyətindən danışıblar.
ATƏT-in yaydığı məlumatda qeyd edilir ki, həmsədrlər nazirlərlə Dağlıq Qarabağ münaqişənin nizamlanması yollarını, həmçinin humanitar sahədə əlaqələrin inkişafı ilə bağlı gələcək işləri və atəşkəs rejiminin pozulmasının araşdırılması üçün mexanizmin yaradılmasını, o cümlədən tarixi və mədəni əhəmiyyətli obyektlərin qorunmasını müzakirə ediblər.
Qeyd edək ki, həmsədrlər növbəti addım kimi, regiona yaxın həftələr ərzində gələcəklər.
Modern.az