Azərbaycan Milli Məclisi uşaq pornoqrafiyasını yayanlara qarşı cəza nəzərdə tutan maddənin Cinayət Məcəlləsinə əlavə edilməsi məsələsini nəzərdən keçirir. Məsələ parlament komitələrində müzakirədən keçib.
Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlamaq, əldə etmə, yaxud saxlama səkkiz min manatdan 10 min manatadək cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrumedilmə ilə cəzalandırılacaq.
Bu, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” və “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunlara təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna 171-1 maddənin əlavə edilməsi təklif olunur ki, burada da eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, həmçinin xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, o cümlədən yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi qoyulmuş şəxslər, yaxud yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan, təhsil, tərbiyə, tibbi və digər müəssisənin müəllimi, yaxud digər işçisi tərəfindən törədildikdə, təqsirkar üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulduğu göstərilir.