Modern.az

“Azərbaycan Xəzər dənizində heç nə edə bilməz” – Ekspert rəyi

“Azərbaycan Xəzər dənizində heç nə edə bilməz” – Ekspert rəyi

19 İyun 2012, 16:51

“Xəzər dənizində yaranan problemlərin kökündə siyasi maraqlar dayanır”

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov son günlər Azərbaycanla Türkmənistan arasında Xəzər dənizi ilə bağlı yaranan problemlərin əsas səbəblərini Modern.az-a açıqlayıb. R.Məmmədov qeyd edib ki, ölkələr arasında yaşanan anlaşılmazlığın kökündə siyasi ambisiyalar durur.

“Xəzər dənizi ilə bağlı anlaşılmazlığın əsas səbəbi siyasi anlam kəsb edir. Xəzər dənizində hüquqi anlaşma baş verərsə hər hansı münaqişə üçün baza qalmır. Nə qədər ki, Xəzər dənizində sərhədləri müəyyən edilməyəcək, bu problem də mövcud olacaq. Təbii ki, bu gün Azərbaycanın Türkmənistan və İranla ərazi problemi var. Bu ərazinin bölünməsində qeyri-müəyyənlik mövcuddur. Bu baxımdan bu problemləri aradan qaldırmaq üçün gündəmdə real imkanlar olmalıdır. İndiki durumda bu imkanlar yoxdur”, – deyə ekspert bildirib.

R.Məmmədovun sözlərinə görə, hazırda Türkmənistanla Azərbaycan arasında mövcud olan Xəzərin sərhəd problemi həll edilə bilməz. Ekspertin fikrincə, buna səbəb mühüm siyasi mühitin formalaşmamasıdır: “Türkmənistan hər gün yeni ərazi iddiaları irəli sürür. Odur ki, hər iki dövlətin ambisiyaları bu gün Xəzər dənizində sülh və dinc yaşamağa maneçilik törədir. Bunun qarşısının alınması üçün mütləq mənada qarşılıqlı anlaşma əsasında narazılıq aradan qaldırılmalıdır.

İlk növbədə Rusiya Xəzər dənizi bu durumdan narazıdır. Ona görə biz istəsək də, istəməsək də vəziyyət ondan xəbər verir ki, Xəzər dənizi ilə bağlı problemlər mövcuddur. Azərbaycan bu problemin aradan qaldırılması üçün heç nə edə bilməz. Sadəcə olaraq siyasi şərait yetişməlidir. Hazırkı durumda belə mühit formalaşmayıb”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi dünən Türkmənistanın Azərbaycandakı səfirini çağıraraq məsələ ilə bağlı öz iradlarını bildirib. 2008-ci ildə Azərbaycan və Türkmənistan prezidentləri arasında əldə olunmuş razılaşmada göstərilib ki, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Lakin  bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən “Kəpəz” yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilib. Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqazidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi