Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclis sədri Sahibə Qafarovanın Türkiyə səfərini yüksək qiymətləndirib.
Şamil Ayrım Modern.az-a bildirib ki, hər iki ölkənin rəsmiləri ilk səfərlərini hər zaman həm Azərbaycana, həm də Türkiyəyə ediblər:
“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Hörmətli prezidentimiz İlham Əliyev də son açıqlamalarında bu barədə fikirlərini bildirib. Türkiyənin prezidenti, Türkiyə Böyük Millət Məclisinin sədri də ilk səfərini Azərbaycana edib. Eyni zamanda, İlham Əliyev də prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə edib”.
Şamil Ayrımın sözlərinə görə, Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanın Türkiyə səfəri qürurvericidir:
“Təəssüf ki, Azərbaycanda son seçimlərdən sonra pandemiya dünyanı bürüdü və ölkələr sərhədləri bağlamaq məcburiyyətində qaldılar. Bu səbəbdən də Azərbaycan Milli Məclisinin yeni sədri Sahibə Qafarovanın Türkiyəyə səfəri olmamışdı. Nəhayət ki, bu ziyarət gerçəkləşir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər yüksək səviyyədə davam edir. Milli Məclis sədrinin Türkiyəyə bir qrup millət vəkilləri ilə səfər etməsi çox müsbət haldır. Biz də böyük sevgiylə onları qarşılayacağıq. Hər görüşdən sonra müsbət nəticələr ortaya çıxır. Bu səfərdən məmnun olduğumu söyləmək istəyirəm. Çünki həm Türkiyə-Azərbaycan parlmentlərarası dostluq qrupunun rəhbəriyəm, həm də kökləri Azərbaycana söykənən millət vəkiliyəm. Bu cür ziyarətlər bizi sevindirir”.
TBMM-nin deputatı bu səfərin iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyini də qeyd edib:
“Azərbaycan müstəqilliyini yenicə əldə etmişdi. Mən də millət vəkili idim. Mərhum Heydər Əliyevlə görüşdük. Görüş zamanı belə bir söz işlətdi: “Türkiyə ilə Azərbaycan parlamentləri arasında görüşləri sürətləndirin, tez tez gedib-gəlin ki, bir-birinizi daha yaxından tanıyın. Arada 70 illik boşluq olub”. Şükürlər olsun ki, 70 il ərzində Azərbaycan türklülüyündən, inancından əl çəkmədi. Cənubi Qafqazın parlayan ölkəsi olan Azərbaycanın inkişafını yaxından izləyirik. Eyni zamanda, hər iki ölkənin bir arada olmasını həzm edə bilməyənlər də var. Amma Azərbaycan və Türkiyə olaraq həmişə sülhün yanında olmuşuq. Milli Məclisin hörmətli sədri Sahibə Qafarovanın da bu ziyarəti hər iki ölkənin inkişafına və yaxınlığına müsbət təsir edəcək. Azərbaycan parlamentinin hər bir üzvü öz vətənlərinə xoş gəlir. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!”.