“Baş Prokurorluğun xaricdə ölkəmizə, dövlətçiliyimizə qarşı çağırışlar edən şəxslərlə bağlı addımını dəstəkləyirəm. Hesab edirəm ki, bu insanların fəaliyyəti təkcə qanuna, dövlətçilik əleyhinə deyil, həm də milli əxlaqımıza zidddir”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev bildirib.
Deputat deyib ki, onlar öz hərəkətlərilə milli-mənəvi dəyərlərimizi ayaqlar altına atırlar:
“Onların tutduğu yol gənc nəslin vətənpərvərlik ruhuna, tərbiyəsinə, dövlətə, dövlətçiliyə, rəhbər şəxslərə münasibətdə bağışlanmaz bir mövqedir. Təbii ki, bu “fəaliyyət”də cinayət əməli var. Onların fəaliyyətində bir neçə maddə ilə cinayət əməli axtarmaq olar. Onlar təkcə dövlətə və rəhbər şəxslərə qarşı təhqiramiz ifadələr işlətmir, eyni zamanda Azərbaycanın dövlət quruluşunu zorla devirməyə çağırışlar edirlər, əməllərində vətənə xəyanət, erməni işğalçılarına dəstək meylləri var. Heç şübhəsiz ki, hər kəs öz fəaliyyətinə və fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır və bu səbədən də Azərbaycanın Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar. Mən çox arzu edərdim ki, Baş Prokurorluq, eləcə də hüquq-mühafizə orqanlarının bu addımı davamlı xarakter alsın və son məntiqə uyğun qərarla nəticələnsin. O insanlar Azərbaycana gətirilsin və bizim qanunlarımız çərçivəsində qanunzidd hərəkətlərinə görə cavab versinlər”.
Deputat deyib ki, həmin şəxslərin müxtəlif ölkələrəin xüsusi xidmət orqanları, erməni lobbisi, eyni zamanda Azərbaycan iqtidarının ifşa olunmuş üzvlərilə bağlılığı araşdırılmalıdır:
“Mən çox istəyərdim ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və digər qurumlar bu məsələnin kökünü araşdırsınlar. Bu insanlara maliyyə dəstəyi haradan verilir, onlara siyasi-ideoloji dəstək kimlər tərəfindən göstərilir, fəaliyyətlərini kimlər stimullaşdırır? Araşdırılmalıdır ki, Azərbaycanda bunlar təkcə müxalifət partiyaları iləmi əməkdaşlıq ediblər, yoxsa iqtidarda müxtəlif mövqe tutmuş, vəzifələrindən kənarlaşdırılan, ifşa olunan və ifşa olunmaqda da davam edənlərləmi əlaqədədirlər, kimdir onları idarə dən əl?
Bütün bu sualların cavablandırılması və məntiqi nəticə üçün araşdırmalar davamlı olmalıdır. Biz bilməliyik ki, bu böyük xəyanətkarlıq çetesinin arxasında dayanan qüvvələr kimlərdir. Heç də sirr deyil ki, digər ölkələrin də xüsusi xidmət orqanları, o cümlədən düşmən erməni lobbisi də onlara həm maliyyə, həm də ideoloji dəstək veriblər. Çox arzu edərdim ki, bu proses daha da genişləsin. İctimaiyyət tərəfindən, müxtəlif təşkilatlarda və müxtəlif səviyyələrdə ətraflı müzakirə olunsun. Onları müdafiə etməyə qalxa biləcək bəzi dırnaqarası hüquq müdafiə təşkilatları, cəmiyyətlərinə də ictimaiyyətin təpkisi bəlli olsun. Hər kəs öz yerində otursun. Azərbaycan hüquqi dövlətdir. Hər kəs öz hərəkətlərinə bu qanunlar çərçivəsində cavab verməlidir”.
Baş prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub:
İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.
Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
“Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”,-rəsmi məlumatda bildirilib.