“Azadlıq” radiosunun Azərbaycan xidməti ilə radionun keçmiş əməkdaşı Aygün Muradxanlı arasında məhkəmə çəkişməsi Ali Məhkəməyə çatıb. Bu haqda Modern.az-a A.Muradxanlı məlumat verib.
Onun sözlərinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin Plenumuna şikayət ünvanlayıb:
“İşlə tanış olan bütün hüquqşünaslar mənim “Azadlıq” radiosunda işdən qanunsuz çıxarılmağımı təsdiq edir. Ancaq Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılov heç bir məhkəmə çəkişməsi olmadan “Azadlıq” radiosunun xeyrinə qərar çıxardı. Bu qərardan Apelyasiya Məhkəməsinə şikayət etmişdim. Apelyasiya Məhkəməsi də Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Mən hüquqlarımın qorumaq üçün bütün hüquqi vasitələrdən yararlanacağam. Yaxın günlərdə işə Ali Məhkəmənin Plenumu baxacaq. Mən şikayətimin yenidən araşdırılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılaraq araşdırılmasını tələb edirəm”.
Yada salaq ki, jurnalist Aygün Muradxanlı ona dəyən maddi və mənəvi ziyanın ödənməsi üçün ABŞ-ın “Azad Avropa Azadlıq Radiosu” Korporasiyasından 150 min dollar, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyevdən 150 min dollar təzminat tələb edir.
Modern.az