Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ailəsinə qarşı edilən haqsızlıqla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun Modern.az-a verdiyi məlumata görə, səslənən iddiaların heç bir əsası yoxdur:
“İlk növbədə onu qeyd edim ki, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması prosesi rayon İcra Hakimiyyətlərinin sərəncamları ilə yaradılmış Dövlət Torpaqayırma komissiyaları tərəfindən həyata keçirilib. Dövlət Torpaqayırma komissiyaları rayonda olan torpaq mülkiyyətçilərinin mülkiyyət sənədləri əsasında tikinti altına düşən torpaqların geri alınması və kompensasiya üçün qiymətləndirmə işlərini yerinə yetirir. O zaman adıçəkilən şəxsin heç bir iddiası olmayıb və onun tərəfindən həmin komissiyaya heç bir sənəd təqdim olunmayıb. Yəni nə icarə, nə də onların üzərində olan mülkiyyət forması haqqında sənədlərin heç biri olmayıb.
Ərizəçi Kürdoğlu Əsgərov ümumilikdə üç iddia ilə çıxış edir. Guya “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən Daşkəsən rayonunun Quytul bələdiyyəsi Dilqəm Əsgərova 15 il müddətinə 4.5 hektar bağ sahəsini icarəyə verib. İdda edib ki, 2002-ci il mayın 25-də bağlanan torpaq icarəsi müqaviləsinə əsasən, bu bağ sahəsində 70 ədəd qoz ağacları olub. Bu, ağ yalandır. Çünki tərəfimizdən Daşkəsən rayon Zəylik bələdiyyəsinə müraciət olunub. Adı çəkilən bələdiyyə Dilqəm Əsgərovun adına heç bir icarə müqaviləsinin olmaması barədə arayış verib.
Ümumilikdə rayon İcra Hakimiyyətinin tərkibində daim fəaliyyət göstərən razılaşma və qiymətləndirmə Komissiyası 12 mart 2009-cu il tarixli aktı ilə obyektin tikintisi altına düşən Daşkəsən rayon Zəylik bələdiyyəsinin mülkiyyətində olan torpaqlara (örüş sahəsi) dəyən ziyanın ümumi dəyəri hesablanıb. 2010-cu il avqustun 20-də Zəylik bələdiyyəsinin bank hesabına torpaqların geri alınması üçün vəsait köçürülüb”.
Qurum rəsmisi deyib ki, tikinti altına düşən torpaq sahələrinə görə kompensasiya 2010-cu ildə ödənilib:
“Amma buna baxmayaraq, 4 il keçəndən sonra, yəni 2014-cü ildə Dilqəm Əsgərovun müraciəti ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Daşkəsən rayon Zəylik bələdiyyəsinə müraciət olunub. Müraciətimizə cavab olaraq Zəylik bələdiyyəsi 2014-cü ildə 23 nömrəli arayışla Şəmkirçay su anbarının altına düşən 4.5 hektar ərazinin bələdiyyəyə məxsus olduğunu bildirib. Həmçinin, Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Dilqəm Əsgərova Zəylik bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsinin icarəyə verilməməsi və belə bir icarə müqaviləsinin mövcud olmadığı da öz əksini tapıb.
İkinci iddia isə “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən rayonun Nərimanlı bələdiyyəsinin Dilqəm Əsgərova 15 il müddətinə icarəyə verdiyi 30 hektar torpaq sahəsi ilə bağlıdır. 2002-ci il yanvarın 3-də bağlanan 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, həmin ərazidə 692 ədəd meyvə ağacı bəndin subasar hissəsində qaldığı üçün kompensasiya tələb olunur.
Şəmkir rayon İcra Hakimiyyətinin sərəncamı ilə təşkil olunmuş Torpaqayırma Komissiyası 2009-cu il aprelin 29-da verilmiş aktla tikinti altına Nərimanlı kənd bələdiyyəsinin 369.52 hektar torpaq sahəsi və 749 ədəd meyvə ağacı düşdüyü müəyyən edilib. Bu məqsədlə də Nərimanlı kənd bələdiyyəsinin bank hesabına vəsait köçürülüb.
Araşdırma nəticəsində Nərimanlı bələdiyyəsinin 2014-cu il noyabrın 19-da 22 nömrəli məktubu ilə müəyyən olunub ki, Əsgərov Dilqəm Qardaşxan oğlu ilə heç bir icarə müqaviləsi bağlanmayıb. Nərimanlı bələdiyyəsinin 8 iyul 2010-cu il qərarına əsasən, vətəndaşlarla bağlanmış uzunmüddətli müqavilələr etibarsız hesab edilib.
Üçüncü iddiada isə Şəmkir rayonunun Yuxarı Çaykənd inzibati bələdiyyəsinin Dilqəm Əsgərova 10 il müddətinə icarəyə verdiyi 1 hektar torpaq sahəsinə kompensasiya tələb olunur. Yuxarı Çaykənd kənd təsərrüfatı istehsal kooperativi ilə birgə imzaladığı 1992-ci ilin dekabr və 1996-cı il 18 noyabr müqaviləsinə əsasən, iki dəfə 5 il müddətinə 1 hektar torpaq icarəyə götürülüb”.
D.Şərifov qeyd edib ki, Şəmkir rayonunun Yuxarı Çaykənd bələdiyyəsindən 10 il müddətinə (1992-2001-ci il) icarəyə götürdüyü 1 hektar torpaq sahəsinin imzalanmış müqavilələrə əsasən, 2001-ci ildə müddəti bitdiyindən etibarsız hesab olunur:
““Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına Yuxarı Çaykənd bələdiyyəsinin 85.50 hektar torpaq sahəsi düşür. Onun 14.0 hektarı əkin, 71.40 hektarı örüş və 0.10 hektarı şərti yararsız olmaqla Çaykənd bələdiyyəsinin təqdim etdiyi bank hesabına kompensasiya ödənilib.
Yəni Əsgərov Dilqəm Qardaşxan oğlunun icarəyə götürdüyü 1 hektar torpaq sahəsinin sənədləri ərizəçi və yaxud Yuxarı Çaykənd bələdiyyəsi tərəfindən torpaqayırma komissiyasına təqdim olunmadığından kompensasiya ödənilməyib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlirik ki, Dilqəm Əsgərovun icarəyə götürdüyü torpaqlarda mülkiyyət hüququna dair hüquqi sənəd yoxdur və eyni zamanda bələdiyyələrlə imzaladığı icarə müqavilələri də öz təsdiqini tapmamışdı. Buna görə də səslənən iddialar əsassızdır.
Ümumilikdə “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” tikintisi altına 1 019.84 hektar torpaq sahəsi düşmüşdür, həmin torpaq sahələrində 20 182 ədəd müxtəlif növ meyvə ağacları, heyvandarlıq təsərrüfatı və yaşayış sahəsi düşüb ki, qiymətləndiricinin hesabatına əsasən göstərilən mülkiyyətə dəyən zərər üçün hesablanmış kompensasiya məbləği ödənilib”.
Xatırladaq ki, K.Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, ailəsinin və qohumlarının Azərbaycanda da hüquqları bəzi məmurlar tərəfindən ciddi şəkildə pozulmaqdadır:
“Atam 2001-2002-ci illərdə ailəmizin dolanışığı üçün Şəmkir və Daşkəsən rayonları ərazisində Bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürmüşdü. İcarə müqaviləsi hazırda mənim əlimdədir. Şəmkir rayonu ərazisində tikilən Seyfəli dəryaçası adlanan su anbarı bizim istifadəmizdə olan bağ sahəsinin də ərazisinə düşdü. Həmin sahədə 70 ədəd qoz ağacı, 692 ədəd isə digər meyvə ağacları suyun altında qaldı. Mütəxəssislərin hesablamalarına görə bizə dəyən zərərin miqdarı 1549860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Lakin bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait bizə ödənilməyib”.