Kəndli tarlada topladığının pulunu maşın bazarında xərcləyir
Bu gün ölkədə kiminsə yaxşı işi, evi varsa, artıq o maşın haqqında düşünür. Bu baxımdan maşın almaq istəyən hər kəs öncə paytaxtdakı dəbdəbəli, məşhur firmaların avtomobillərinin satıldığı diler salonlarına baş çəkir. Marka və keyfiyyət, həmçinin qiymət cibə uyğun olmayanda isə üz tuturlar maşın bazarlarına. Ölkədəki ən böyük maşın bazarı isə Badamdar qəsəbəsindəki Bakı Avtomobil Satış Mərkəzidir (BASM).
Biz maşın almasaq da, bazarın vəziyyətini, satış səviyyəsini və qiymətləri öyrənməyə çalışdıq.
Bazara aparan yol elə bazarı xatırladırdı. Belə ki, yollarda düzülən maşın alverçiləri satılan maşını elə qapının ağzındaca “qapazlamağa” çalışırdılar.
Əgər orada razılıq əldə olunurdusa, maşın bazara daxil olmadan satılırdı.
Bazardan kənar alverdən ayrılıb BASM-ə daxil olduq. Oradaca öyrəndik ki, bazar iki yerə ayrılıb. Bu maşın şəhərciyinin də “varlı” və “kasıb” sakinləri var. Bazarın sağ tərəfində Rusiya istehsalı olan maşınlar, sol tərəfində isə yeni və az işlənmiş xarici maşınlar satılır.
Bazara daxil olub maşın alverçisi axtarırdıq ki, bazarın ümumi vəziyyəti haqqında bizə məlumat versin. İfşa olacaqlarından qorxan “maşın fırıldaqçıları” alverçi olduğu halda da bunu danır və danışmaq istəmirdilər. Daha sonra maşın alverçisi kimi göstərilən şəxs bizə şikayət etməyə başladı. Hətta bizi rüşvət alıb içəri girməkdə suçladı. Deyir, pul alıb girirsiz və onlara sərf edən formada yazırsız. Ona anlada bildik ki, elə olsaydı, bazar müdiriyyətinin dediyi kimi yazardıq, day sizin yanınıza niyə gəlirdik? Özünü qaçqın kimi qələmə verən həmin şəxs bazardakı gündəlik yer pulunun 10 manat olmasında şikayətləndi. Deyir, bu qiymət çox bahadır. Baxmayaraq ki, özü satışa qiyməti 20 000 dollar civarında olan Nissan (X-Trail)-I satışa çıxarıb.
2012-ci ilin istehsalı olan “VAZ-2107” 7500 manata satılır...
Nəhayət, bizə lazım olan adamı tapa bildik. 10 ildir maşın alveri ilə məşğul olan Rəşad Kərimov son vaxtlar daha çox “VAZ-2107”, “Mercedes” və furqonlu “Opel” kimi maşınların satıldığını deyir.
Alverçi daha çox sovet maşınlarına üstünlük verildiyi üçün köhnə maşınların qiymətində bir az qalxmaların olduğunu dedi. Onun sözlərinə görə, bu qalxma elə də təsirli deyil və 5 il bundan qabaq 1988-1989-cu illərin maşınları hansı qiymətə satılırdısa, indi də eyni qiymətdir.
“Alınan maşınlarda daha çox ağ və açıq gümüşü rənglərə üstünlük verilir. İndi sovet maşınlarına taksi işləmək üçün icazə verilmədiyi üçün, daha çox xarici maşınlar satılır. Elə maşın var ki, bir həftəyə, elə maşında var ki, bir aya satılır. Vəziyyət çox mürəkkəbdir. Alıcılıq qabiliyyəti çox aşağı düşüb. Yay fəsli ilə əlaqədar olaraq kondisionerli və avtomat qutulu maşınlara üstünlük verilir. Təzə maşına nisbətdə ili köhnə maşınlar daha yaxşı satılır”.
Alıcı deyir ki, ona verdiyim pula gedib “Mercedes” alaram”. İşlənmiş təzə maşına daha çox üstünlük verilir.
“Naxçıvan seriyası olan maşınları alan yoxdur...”
Alıcıların yoxluğundan şikayət edən alverçi, bunun səbəbinin böhranla bağlı olduğunu deyir. Deyir, camaatda pul yoxdu və maşın alanda ancaq kredit sistemi ilə alır (Maraqlıdır, pulu olmayan maşın alar?). Bundan başqa, alverçi Naxçıvan seriyalı maşınların satılmadığını deyir. “Arada söhbət gəzir ki, bu gün-sabah etibarnamələrin müddəti bir il olacaq. Ona görə də o seriyadan olan maşını almaq istəmir, deyir ki, kimdir gedib Naxçıvandan etibarnamə alan... Elə burdan olsun, burdan alım. Naxçıvana gedib-gəlmək 200-300 manat xərc tələb edir”.
Söhbəti bitirərkən alverçi Rəşad Kərimovun maşınına alıcı yaxınlaşır.
Bizdə söhbətə qoşuluruq. Alıcı Namiq Nəsirov kreditlə satılan sovet maşını almaq istəyir. Üzərində 1000 manat pul olduğunu deyən alıcı, kreditin qiymətin razılaşmağa çalışır. Biz isə sağollaşıb “varlı” maşınların dayandığı şəhərciyə yaxınlaşırıq.
SOCAR-ın işçisi əlavə pul qazanmaq üçün maşın alveri edir...
Xarici maşınların alqı-satqısı ilə məşğul olan Altay Sadıqov şəkilinin çəkilməyini istəmədi. Bunu isə neft şirkətində işləməsi ilə bağlı olduğunu dedi. Deyir, baxan var, birdən tanıyarlar ayıbdır. Onun sözlərinə görə, əvvəlki aylara nisbətən indi maşın alveri zəifdir. Çünki əvvəlkinə nisbətən Gürcüstandan maşın gətirənlərin sayı artıb. Düzdür, son vaxtlar alıcılıq qabiliyyəti bir balaca yaxşılaşıb ki, bu da rayonlarda yay mövsümündə aqrar məhsulların satışından gəlir əldə etməsi ilə bağlıdır. “Kənd camaatı bazarda qazandığını maşın bazarında xərcləyir”.
Adını verməyən digər bir şəxs də bizimlə öz fikirlərini bölüşmək qərarına gəldi. O, “Opel Astra”nı satıb və ya barter edib “Mercedes” markalı ortabab bir maşın almaq niyyətində olduğunu dedi. Təbii ki, bu arada bazar haqqında da bir-iki kəlmə deməyi unutmadı.
“Alıcıların arasında daha çox rayon adamlarına təsadüf olunur. Əksəriyyət isə maşın almaq fikrinə düşürsə, gedib Gürcüstandan alır. Bahalı maşın bazarda satılmır. Bahalı maşın daha çox salonlarda satılır. Bura orta təbəqə üçün nəzərdə tutulur. 11-15 min dollar arasında qiyməti olan maşınlar satılır. Daha çox gümüşü rəngə üstünlük verilir. Prestijli maşınlar bu rəngdə olur. Çünki bu rəngdə maşını təmiz saxlamaq daha rahatdı, nəinki digər rənglərdə”.
Satış haqqında danışan alverçi əvvəllər 1996-97-ci illərin modeli olan maşınların daha çox satıldığını deyir. İndi isə yeni maşınlara daha çox üstünlük verilir. “Ən çox 1999, 2000 və 2001-ci illərin maşınları daha çox satılır. Onlarında qiyməti 12 000 və 13 000 dollar arasında dəyişir”.
Onunla sağollaşıb maşın alıcısına yaxınlaşırıq.
Alıcı təzə maşın istəyir...
Maşın alıcısı Xəyal Nəbiyev daha çox xarici maşınlarla maraqlanır. O, ili təzə olan “Mercedes”lərə üstünlük verdiyini və 2004-2005-ci illərin modelini almaq niyyətində olduğunu dedi.
“Köhnə maşın istəmirəm. Çünki özümdə köhnə marka “Audi” var və onu sata bilmirəm. İstəyirəm qiyməti 20 000 dollar qiymətində olan, 2004-2005-ci ilin “Mercedes”in alım”.
Söhbətimizi bitirib daxilində 10 000 minə yaxın maşın olan Bakı Avtomobil Satış Mərkəzindən maşınsız geri qayıdırıq...
Anar Kəlbiyev
Elçin Ağayev