Modern.az saytında 16.06.2012-ci il tarixində dərc olunan “Telefon abunəçiləri “Azercell”dən imtina edirlər” adlı məqalədə yer alan fikirlərlə Azercell Telekom MMC razılaşmadığını bəyan edib.
Bununla bağlı Azercell Telekom-un mətbuat xidmətindən saytımıza daxil olan məktubda belə bir məzmunda məqalənin dərc olunmasından təəssüfləndiklərini vurğulayıblar.
Qarşı tərəfin mövqeyi kimi Azercell Telekom-un məktubunu olduğu kimi dərc edirik. Məktubda qeyd edilib:
“Məlum olduğu kimi, Azercell şirkəti Azərbaycanda ən çox abunəçisi olan mobil operatordur. 2011-ci ilin nəticələrina görə, Azercell-in Azərbaycanın mobil rabitə bazarındakı payı 55 %, abunəçilərinin sayı isə 4 milyon 220 min nəfər təşkil edib. Azercell şirkətinin abunəçilərinin sayı yarandığı tarixdən bu günədək yalnız artmışdır.
Qeyd edilən məqalə müəllifinin “Azərcell”in şərtləri, abunəçilərinə təklif etdiyi paketlər onların imkanları ilə üst-üstə düşmədiyindən insanlar daha sərfəli mobil operatora keçirlər” cümləsi heç bir tənqidə dözmür. 10-12 nəfər arasında keçirilən sorğuya əsasən hər hansı operatorun abunəçi sayında dəyişiklik tendensiyaları barədə fikir yürütmək heç bir statistik prinsiplərə əsaslanmır və oxucuda düzgün olmayan təəssürat yaradır.
Azercell-in MediaCell paketi ilə əlaqədar müəllifin gəldiyi nəticə də reallığı əks etdirmir. Bu tarif paketi 2011-ci ildə istifadəyə verilib və onun məqsədi kommersiyadan daha çox, Azərbaycan mediasına rabitə və internet dəstəyi vermək olub. İstifadəyə verildiyi gündən tarif paketi jurnalistlər arasında böyük marağa səbəb olub və istifadəçilərinin sayında bu günədək azalma müşahidə edilməyib.
Yuxarıda yazılanları Azercell Telekom-un mövqeyi kimi qəbul edib, bu məktubu www.modern.az portalınızda yerləşdirməyi və gələcəkdə Azercell-in adı hallanan və onun mövqeyinə toxunan yazılar dərc olunmamışdan əvvəl şirkətimizin mövqeyini öyrənməyi xahiş edirik”.