“Bənövşəyi taksilərdən” sonra indi də evimizə yük taksiləri çağıra bilərik. Belə ki, bir neçə gündür ki, şəhərimizdə üzərində “Yük taksi”, “10 kq 10AZN-dən” yazılmış yük maşınlarına rast gəlsəniz, təəccüblənməyin. Çünki artıq bir zənglə öz evindən ölkənin istənilən nöqtəsinə yükü daşıya bilərik. Yəni pulumuza minnət. Bəs bu maşınlar nə vaxtdan fəaliyyət göstərir?
Modern.az-a yeni yaradılmış şirkətin rəhbəri Rauf Qafarlı ilə əlaqə saxladı. Onun sözlərinə görə, yük taksiləri respublika ərazisində artıq 1 aydır ki, fəaliyyət göstərir. R.Qafarlı bildirib ki, şirkətin nəqliyyat vasitələri ölkə daxilində istənilən yerə yük daşıyır.
“Bunun üçün sadəcə bizə, 166-ya zəng edib çağırmaq lazımdır”.
Şirkət rəhbəri əlavə edib ki, yeni xidmətə böyük tələbat var. “Buna görə də biz bu xidməti yaratmağa qərar verdik”.
Sevinc İltifatqızı