Modern.az

Kamran Bağırovun ailəsi Avstraliyaya köçüb, oğlu orada vəfat edib

Kamran Bağırovun ailəsi Avstraliyaya köçüb, oğlu orada vəfat edib

Reportaj

20 İyun 2012, 16:30


Modern.az
saytı Azərbaycanın sabiq rəhbəri, 1982-1988-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi işləmiş Kamran Bağırovun ailəsi ilə bağlı araşdırma apararkən, yeni məlumatlar öyrənib. Məlum olub ki, sabiq rəhbərin ailəsi uzun illərdir Azərbaycanın hüdudlarından çox-çox uzaqda yaşayır.

Bu barədə Modern.az-a vaxtilə mərhum Kamran Bağırovla dostluq etmiş Azərbaycanın sabiq Baş prokuroru Murad Babayev məlumat verib.
Öyrəndik ki, Kamran Bağırovun həyat yoldaşı Tatyana Alekseyevna Bağırova artıq 8 ildir ki, Azərbaycandan xaricə köçüb. T.Bağırova Bakıdan köçərkən, buradakı evini də satıb və Avstraliyaya - oğlunun yanına gedib.

Modern.az-ın araşdırmasına görə, Kamran Bağırov Azərbaycanda vəzifədən gedəndən sonra onun oğlu Teymur Bağırov Avstraliyaya köçüb, orada mənzil alıb, özünə iş qurub.

Kamran Bağırov 25 oktyabr 2000-ci il (67 yaşında) dünyasını dəyişəndən bir neçə il sonra mərhumun həyat yoldaşı Tatyana xanım da Azərbaycanda qalmaq istəməyib, oğlunun yanına köçüb. Lakin Avstraliyada yaşayan Bağırovlar ailəsi bədbəxt hadisəylə üzləşib. Belə ki, 2011-ci ilin dekabrın 1-də Kamran Bağırovun oğlu Teymur Bağırov öz işini yerinə yetirərkən ayağı sürüşüb və laboratoriya üçün analiz götürdüyü göldə batıb. Mərhum, ixtisasca bioloq işləyirmiş. Teymur Bağırov 19 ilə yaxın imiş ki, Avstraliyada yaşayırmış...

Teymur Bağırov Kamran Bağırovun yeganə övladı olub. Onun həyat yoldaşı milliyətcə ukraynalıdır və bu nikahdan ailənin üç qız övladı dünyaya gəlib.
Mərhum Kamran Bağırovun həyat yoldaşı Tatyana Bağırova hazırda Avstraliyada nəvələri və gəlini ilə birgə yaşayır.

Xatırladaq ki, Kamran Bağırov Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982-1988) olub. O, 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində orta ranqlı vəzifədə çalışdıqdan sonra, 1974-cü ildə  Sumqayıt şəhər komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilib.
1982-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birici katibi postuna əyləşib. 1988-ci ilin əvvəlində ermənilər Qarabağda aktivləşərək separatçılıq hərəkatına başlayanda K.Bağırov demək olar ki, vəziyyətdən hər hansı bir çıxış yolu tapa bilmədi. SSRİ rəhbərliyi Azərbaycandakı hakimiyyətsizliyi görərək onu dəyişdirmək qərarına gəldi. Bu hadisə 1988-ci ilin mayında baş verdi. Bağırovu çıxarıb əvəzinə Əbdürrəhman Vəzirovu gətirdilər.
 
Sonradan Kamran Bağırovu Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri təyin etdilər və o, bir müddət bu vəzifədə çalışdı.

Sabiq rəhbər 25 oktyabr 2000-ci ildə 67 yaşında dünyasını dəyişib.

Aygün Nizamiqızı
Adəm Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI