Modern.az

İlham Əliyev: “Bağçalardan gələn siqnallar onu göstərir ki, uşaqlar ya ac qalır...”

İlham Əliyev: “Bağçalardan gələn siqnallar onu göstərir ki, uşaqlar ya ac qalır...”

21 İyun 2012, 10:02


İyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransın yekununda çıxış edən ölkə başçısı Bakıda və ətraf qəsəbələrdə quruculuq-abadlıq işləri barədə danışıb.

Prezident deyib ki, görüləcək işlər üçün əsas maliyyə yükü gələn ilə düşəcək:

”Gələn il biz elə etməliyik ki, maliyyə problemlərimiz olmasın. Əgər ölkəmizin ümumi iqtisadi inkişafını biz təmin edə bilsək, - mən buna şübhə etmirəm, - bizdə maliyyə problemi olmayacaqdır. Qarşımızda təkcə bu maliyyədən səmərəli istifadə etmək, işi keyfiyyətlə və vaxtında görmək məsələləri dayanacaqdır. Bu məqsədlərə çatmaq üçün Proqramın icrası ilə bağlı əlaqələndirmə işləri daha da gücləndirilməlidir. Çünki proqramın icrasında həm şəhər və rayon icra orqanları, eyni zamanda, dövlət qurumları fəal iştirak edirlər. Bu qurumlar arasındakı əlaqələndirmə işlərini daha da keyfiyyətli şəkildə təmin etmək üçün böyük diqqət göstərilməlidir”.
 
Prezident deyib ki, Proqramın icrası ilə Bakı Şəhər İcra Hakimiyyəti və İqtisadi İnkişaf Nazirliyi ilk növbədə məşğuldurlar. Əsas məsuliyyət onların üzərinə düşür.

”Nəyə görə mən bunu deyirəm, çünki bəzi hallarda müəyyən işləri bəzi qurumlar görür, ondan sonra başqa qurum gəlir, o işlərin elə bil ki, yenidən görülməsinə səbəb olan addımlar atır. Burada ardıcıllıq əlbəttə ki, gözlənilməlidir. İlk növbədə, yeraltı işlərin görülməsi gündəlikdə olmalıdır. Kanalizasiya, yeraltı su, qaz, elektrik xətlərinin, ondan sonra yolların çəkilişi məsələləri həllini tapmalıdır. Əgər bu ardıcıllıq pozularsa və bu işləri görən qurumlar arasında əlaqələndirmə olmasa, onda biz bir işi iki-üç dəfə görməli olacağıq. Buna isə yol vermək olmaz.
Əlaqələndirmə, ardıcıllıq plan üzrə getməlidir. Bu məsələlərlə bağlı İqtisadi İnkişaf Nazirliyində konkret cədvəl vardır. Hesab edirəm növbəti mərhələdə, - nəzərə alsaq ki, bu gündən başlayaraq gələn ilin sonuna qədər daha da böyük işlər görülməlidir, - əlaqələndirmə işlərinə daha da ciddi diqqət verilməlidir.
Eyni zamanda, nəzarət mexanizmi daha da güclü olmalıdır. İşlərin böyük əksəriyyəti keyfiyyətlə görülür. Ancaq son bir il ərzində - keçən ilin may ayından bu günə qədər keçən dövr ərzində siqnallar gəlmişdir ki, bəzi işlər keyfiyyətsiz görülür. Məktəblər keyfiyyətsiz tikilir. İşlər keyfiyyətsiz görülür. Əlbəttə ki, burada ciddi nəzarət olmalıdır. Keyfiyyətə nəzarət olmasa, bu işin heç bir əhəmiyyəti olmayacaqdır. Biz əlbəttə ki, bütün işləri qısa müddət ərzində görməliyik, ancaq böyük keyfiyyətlə. Ayrılan vəsaitə də qənaətlə yanaşmaq lazımdır. Ən səmərəli yanaşma burada tətbiq edilməlidir. Görüləsi işlər hələ çoxdur”.
 
Prezientin sözlərinə görə, bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqlar verilib.
”Bu layihələr çox böyük vəsait tələb edir. Vəsait də nəzərdə tutulub. Həmçinin Proqrama əlavələr üçün də vəsait nəzərdə tutulub. Beləliklə, maliyyə problemlərimiz yoxdur. Əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir”.

İlham Əliyev deyib ki, qazlaşdırma ilə bağlı Bakıda və ətraf qəsəbələrdə demək olar ki, əsas işlər görülüb.
”Bəzi yerlərdə təzyiqin aşağı səviyyədə olması problemlər yaradır. Amma hesab edirəm ki, bu məsələlər köklü şəkildə öz həllini tapmışdır. Qazlaşdırma təxminən 100 faizə yaxındır. Gələn müddət ərzində qazlaşdırma 100 faiz olmalıdır. Təzyiq də yüksək səviyyədə olmalıdır və heç bir fasilə olmamalıdır.
Elektrik enerjisi ilə təchizatda da heç bir problem yoxdur. Artıq bir neçə ildir ki, bu məsələ öz həllini tapıbdır. Vaxtilə fasilələr də, kəsilmələr də olurdu, bu problem bizi həmişə narahat edirdi. Son illər ərzində tikilmiş yeni stansiyaların fəaliyyətə başlaması, Bakı Elektrik Şəbəkə sisteminin təkmilləşdirilməsi və onun dövlət nəzarətinə qaytarılması nəticəsində bu sahədə də köklü dəyişikliklər baş vermişdir. Beləliklə, Bakı şəhərində və ətraf qəsəbələrdə işıqla problem demək olar ki, yoxdur.
Ancaq bununla bərabər, bəzi küçələrdə işıq dirəkləri yoxdur. İndi mərkəzi küçələrdə hər yerdə gözəl işıq dirəkləri quraşdırılıbdır. Onlar həm yaxşı işıq verir, həm də ki, zövq oxşayır. Amma kənar küçələrin bir çoxunda işıq dirəkləri ümumiyyətlə yoxdur. İşıq xətləri çəkilməyib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin. Tədricən bu işlər görülməyə başlanmışdır. Elə etməliyik ki, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işıq olsun”.

Prezident su və kanalizasiya məsələlərinin həllinin əsas diqqəti cəlb etməli olduğunu vurğulayıb. Deyib ki, Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, Bakının su problemləri köklü şəkildə həll edilsin.
”Biz elə etməliyik ki, Bakı şəhərində və Bakı qəsəbələrində 24 saat keyfiyyətli içməli su olsun. Mən qarşıya belə vəzifə qoymuşam”.

Ölkə başçısı deyib ki, Bakı qəsəbələrində torpaq yolların mövcudluğu, ümumiyyətlə, dözülməzdir. Ona görə su-kanalizasiya layihələri başa çatdıqdan sonra, yaxud da ki, onlarla paralel olaraq qəsəbədaxili yolların hamısı asfaltlanmalıdır, genişləndirilməlidir və rahat şərait yaradılmalıdır.

İlham Əliyev deyib ki, Bakıda metro tikintisi sürətlə gedir, daha da sürətlə getməlidir. Qarşıya vəzifə qoyulub ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatsın.

Bakıda məskunlaşan məcburi köçkünlərdən danışan Prezident deyib: “Biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın”.

Uşaq bağçaları ilə bağlı vəziyyətə toxunan prezident deyib:
“Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək.
Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər”.
Prezident deyib ki, hazırda şəhərin mərkəzindən köhnəlmiş, yararsız vəziyyətdə olan sənaye obyektləri köçürülür, onların yerində ictimai yerlər, parkinqlər yaradılır.

”İndi köçürmələr aparılır. Heydər Əliyev Sarayının arxasındakı yerlər köçürülübdür, bazar qiymətindən artıq səviyyədə kompensasiya da verilibdir. Bunu hamı bilsin. Amma onun yerində nə tikilir?! Deyirdilər ki, buradan əhali köçürülür, bura satılacaqdır, binalar, restoranlar tikiləcəkdir. Orada ikimərtəbəli yeraltı parkinq tikilir, üstü də park, gəzinti zonası, meşə zolaqları olacaqdır. Bu, şəhərimizə hava-su kimi lazımdır. Çünki yaşıllıq, meşə zolaqları azdır. Ona görə köhnəlmiş sənaye obyektlərinin ərazilərində ictimai yerlər – parklar, yeraltı parkinqlər və yaşıllıq zolaqları yaradılır”.

Ölkə başçısı deib ki, şəhərin mərkəzində, ya kənarında kifayət qədər yerlər var ki, hasara alıb saxlayıblar.
”Niyə saxlayırlar?! İndi şəhər inkişaf edir, yollar, yol qovşaqları çəkilməlidir, yeraltı parkinqlər, parklar, yaşıllıq zolaqları tikilməlidir. Ona görə, şəhər meriyası bu məsələlərlə bağlı, əlbəttə ki, qanun çərçivəsində bütün işləri elə görməlidir ki, ilk növbədə Bakı şəhərinin sakinləri o yerlərdən istifadə etsinlər. Biz imkan verə bilmərik ki, şəhərin mərkəzində hektarlarla ərazi hasarlanıb və ora elə ölü vəziyyətdə qalıbdır, insanlar da gəzməyə yer axtarırlar. İndi axşam vaxtlarında bulvarda tərpənməyə imkan yoxdur. Baxmayaraq ki, biz bulvarı genişləndirmişik, dənizə tərəf uzatmışıq, yenə də o qədər insan gəlir ki, orada indiki bulvar artıq kifayət etmir. Yəni insanların rahatlığı üçün şəhərdə gəzinti yerləri, parklar, meşə zolaqları tikilməlidir. Biz bunu edəcəyik. Amma yenə də deyirəm ki, özəl qurumlar bu məsələyə diqqətlə yanaşsınlar, özləri könüllü şəkildə təşəbbüs göstərsinlər. Əlbəttə ki, bu məsələlər onsuz da qanun çərçivəsində həll olunacaqdır”.

Bakının simasından danışan Prezident deyib ki, paytaxtın qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakının yeni simasını da yaradılmalıdır.
”Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov qüllələri”, “Bakı Kristal Sarayı”- bunlar Bakımızın yeni simvollarıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi