Modern.az

Bu deputatlar barədə bilmədikləriniz... - MARAQLI

Bu deputatlar barədə bilmədikləriniz... - MARAQLI

Parlament

21 İyun 2012, 12:37

Aqiyə Naxçıvanlı: “Bu şeirlərimə cızma-qara adı verə bilərəm”

Azərbaycan əsrlərdən bəri yaradıcı, ruh dünyası yüksək olan şair və yazıçılar yetişdirib. Bu ənənə ta qədim dövlərdən başlayıb və bu günə kimi də davam edir. Amma müasir dövrdə poeziyanın əhatə dairəsi bir az da genişlənib və deyərdik ki, indi istənilən peşə sahibi, lap elə vəzifəli şəxslərin özləri belə şeir yazmağa meyl ediblər. Bu fikrə gəlməyimizə səbəb isə son zamanlar kitab dükanlarında olan rəflərdə onların da imzalarının olmasıdır.

Modern.az saytının əməkdaşı Mili Məclis üzvləri ilə əlaqə saxlayıb onların poeziyaya olan münasibətini öyrənməyə çalışdı. Amma nəticədə elə millət vəkillərinin də şeir yazmaq istedadına malik olduğu ortaya çıxdı.

Millət vəkili Aqiyə Naxçıvanlı  daha çox şeir dinləməyi sevdiyini dilə gətirdi:

“Hər birimiz həyatımızın müəyyən anlarında poeziyaya ehtiyac duyuruq. Poeziya, şeir və musiqi insanın ovqatından asılı ola bilər. İnsan bir gün qəmli, kədərli, bir gün isə daha fərqli, daha şən şeirlər oxumaq istəyir. Mən çox yorğun və əsəbi olanda adətən hər şeydən, TV-dən, şeirdən və hətta musiqidən belə uzaq oluram. Elə bir vaxt da olur ki, lirika və poeziyaya meyl edirəm. Yəni bunların hamısı insanın ovqatından və əhvalından asılıdır. Mən də şeir yazmışam nə vaxtsa, amma buna tam olaraq şeir də demək olmaz. Sadəcə, cızma-qara adı verə bilərəm bu şeirlərimə. Onu da qeyd edim ki, bu yazdığım şeirlərin üzərində mütləq bir mütəxəssis işləməlidir. Bəzən də olub ki, bir hadisə mənə təsir edib və qələmi əlimə alıb yazı yazmışam. Bir də onu da deyim ki, nəvələrim dünyaya gələndə təsirlənib şeirlər yazmışam.

Sən dünyaya gələndə
Qış günüm bahar oldu.

Bax belə balaca bir şeirlər qələmimdən süzülüb.

Mənim sevdiyim fəsil payız fəslidir. O aylar ümumiyyətlə insanı çox dərin fikirlərə dalmağa, düşünməyə vadar edir. Bir yandan da payız hesabat fəsli kimi də qələmə verilir. Nədənsə mən payızın o dumanlı, çiskinli günlərini, yağışlı günlərini çox sevirəm. O fəsil insana  şeir yazdırır. Hardasa dörd, ya beş il bundan öncə axırıncı dəfə şeir yazmışam. Və mən onları yazıb bir qırağa atmışam və yenidən qayıdıb oxumamışam. O həvəsim də yoxdur ki, yenidən oxuyum, düzəliş verim. Mən şeir dinləməyi və o zərif duyğuların ahənginin yaşatdığı anı tutmağı da çox sevirəm”.

Millət vəkili Musa Qasımlı poeziyaya, şeirə olan marağından danışdı:

“Bədii ədəbiyyata, poeziyaya maraq göstərirəm, ancaq zaman məhdudiyyəti baxımından yeni çıxan şeirləri və bədii ədəbiyyatı izləyə bilmirəm. Axır zamanlar da yolda, səfərdə, təyyarədə olanda iki kitab oxumuşam. Onlardan biri yəhudi əsilli bir müəllifin “2050” kitabıdır. Bu kitab bədii əsər deyil, daha çox analitik və proqnozlaşdırma yönümündədir. Müəllifin 2050-ci ildə dünya necə ola bilər sualı ilə başlayan mülahizələridir. İkinci kitab isə mənim heç tanımadığım bir müəllifin "İlafa" adlı kitabıdır. Nə zamandı poeziyaya zamanım qalmır, yeni şeirləri oxuya bilmirəm, amma orta məktəbdən bu yana öyrəndiyim bir sıra şeirlər, poemalar var ki, hələ də əzbər bilirəm və yadımdan da çıxmır. Poeziya hər hansı bir şeiri oxumaq bir musiqini dinləmək kimi insanın əhval ruhiyyəsindən asılı olan bir haldır. İnsan əhvalına uyğun olaraq şeirlərin və yaxud da musiqinin dinlənilməsinə təsir eləyir. Mənim hardasa on altı, ya on yeddi yaşım olanda bəzi cızma-qaralarım olub, hətta indiyə qədər də hər birini öz arxivimdə saxlayıram. O şeirlərdən biri tələbə vaxtı Azərbaycan radiosunda oxunmuşdu. Bunlara tam olaraq şeir yox, sadəcə bekarçılıq yazıları demək olar”.

Millət vəkili Əli Məsimli əsgərlik illərində yazdığı şeirlərdən söz açdı:

“Poeziyaya münasibət bir professional olur, bir də həvəskar. Poeziyanı sevməyən insan yoxdur, məncə. Amma son vaxtlar facebook sosial şəbəkəsində seçmə şeirlər olur və mənim də səhifəmə düşdüyü üçün oxuyuram. Bir də şeirin məzmunu məni cəlb edə bilirsə mütləq onu oxuyuram. Vətənpərvərliklə, klassik poeziya ilə və başqa yöndə olanları da oxuyuram. Amma deyim ki, poeziya hər yaşda insana fərqli təsir bağışlaya bilir. Yəni mən indi daha çox yaşıma və fikirlərimə uyğun olan şeirləri daha çox oxuyuram. Cavanlıq da isə fərqli idi hər şey. Deyim ki, zaman etibarilə mən artıq bütün mərhələləri keçmişəm. Cavan vaxtı məcburən hər birimiz şeir yazmışıq. Bu daxili bir tələbatdan irəli gələn bir hiss idi. Təbii ki, mən də şeirlər yazmışam və təxminən on, ya on birinci sinifdə oxuyanda,  bir də hardasa tələbəlik illərində olub. Əsgərlik illərində bir qəza keçirtmişdim və o ağrıları unutmaq üçün nə isə etməliydim. O zaman da dadıma şeir yazmaq çatdı. Mövzu daha çox sevgi ilə bağlı idi, amma vətənlə bağlı məsələlər də var idi”.

Millət vəkili Çingiz Qənizadə şeirə olan sevginin anlamından danışdı:  

“Poeziyanı sevməyən mən belə hesab edirəm ki, insan ola bilməz. Xüsusən də azərbaycanlılar şeirə, poeziyaya çox böyük hörmət və ehtiramla yanaşıblar. Mən orta məktəbi əla qiymətlərlə bitirsəm, amma şeir əzbərləmək  qabiliyyətim o qədər də güclü olmayıb. Təsadüf bir neçə şeir ola birlər ki, yadımda saxlamışam. O da orta məktəb illərində olub. Bir də indi səfərlərə çıxanda orda oxumaq üçün özümlə bir sıra kitablar da aparıram. Bunların içərisində təbii ki, şeirlər kitabı da olur. Əsas da şeir oxumağı bağda istirahət edəndə sevirəm. Yəni deyim ki, bu da az-az olur.  Bir də mən şeir dinləməyi çox sevirəm. Arada dostlarla yığılıb şeir məclisi düzəldirik.  Bu dostlarımın içində vəzifəli insanlar da var, tələbə yoldaşlarım da var. Özləri şeir yazanlar da var. Əslində bu məclislərin əsas qayəsi şeirlə bağlı olur və arada şeir deyişməyə də olur dostlar arasında. Özümün şeir yazmağım ilə bağlı deyə bilərəm ki, universitetdə oxuyanda indiki xanımım  üçün şeirlər yazmışam və o zaman məktubla ona göndərmişəm. Amma indi oturub şeir yazım yox, o qabiliyyət məndə yoxdur. Hardasa bu şeirlər  80-ci illər yazılıb. Indi otuz il keçib o şeirləri yazılma tarixindən”.

Millət vəkili Fəzail Ağamalı hər bir insanın poeziyaya sevgisi ola biləcəyini qeyd etdi:

“Hər bir insanın şeirə, poeziyaya, romana, povestə, eyni zamanda hekayəyə münasibəti normal olmalıdır. Mə elə ağlım kəsəndən poeziya ilə maraqlanmışam, şeirlər oxumuşam. Mən orta məktəbdə oxuyanda Nizami Gəncəvinin “Xəmsə”sini oxumağı çox sevirdim və əzbərləməyə çalışırdım. Daha sonra Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Mikayıl Müşfiqin aludəçisi olmuşam və dönə-dönə oxumuşam. Klassik ədəbiyyatdan Məhəmməd Füzulini, İmadəddin Nəsimini, Molla Pənah Vaqifi və Səməd Vurğunun şeirlərinə isə demək olar ki, valeh olmuşam. Süleyman Rüstəmin “Təbrizim” şeiri isə mənim üçün ayrı bir dünyadır. Poeziyaya mənim hər zaman marağım olub. Unutmadan Ramiz Rövşənin, Salam Sarvanın, Rüstəm Behrudinin,Vahid Əzizin  və Baba Vəziroğlunun da adını çəkim. İndi mütaliədə problemim var, çünki gözümlə bir az narahatlıq yaşayıram. Poeziyanın, bədii ədəbiyyatın insanın formalaşmasında müəyyən rol oynayır. Məndə tam məsuliyyətlə deyirəm ki, xalqımıza və millətimizə bağlılıq, vətən sevgisi və digər duyğuların formalaşmasında ədəbiyyatın, xüsusən poeziyanın  böyük rolu olub. Bir azərbaycanlı kimi mən də şeirlər yazmışam. Təbiət, sevdiyim qadına da məhəbbət də olub. Bunlar nə zamansa yazılan şeirlərdir. İndi şeirlərimdən yadımda qalanı yoxdur, amma peşəkarlıq baxımından da düzgün olduğunu deməzdim”.

Könül Səid

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım