Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Prezidenti Rövnəq Abdullayevi “İlin idman adamı” elan edilib. Bu barədə Modern.az-a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, dünən ARDNŞ-nin baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev Qafqaz universitetinin rektoru Ahmet Saniç və ''Çağ'' Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərəni qəbul edib.
Qonaqları salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Qafqaz Universiteti qısa müddət ərzində Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri arasında liderlər sırasındadır. Gənclər bu universitetə daha artıq maraq göstərir. ARDNŞ-də son vaxtlar Qafqaz universitetinin məzunları müsabiqə yolu ilə daha tez-tez işə qəbul olunurlar. Universitetin tələbə və məzunları ARDNŞ-nin həyata keçirdiyi təhsil proqramlarında fəal iştirak edir, müsabiqələrdə yüksək nailiyyətlər əldə edirlər. R.Abdullayev bu nailiyyətlərinə görə universitet rəhbərliyini təbrik edib, onlara uğurlar arzulayıb.
Qəbul üçün təşəkkürünü bildirən Qafqaz universitetinin rektoru Ahmet Saniç təmsil etdiyi ali təhsil ocağında görülən işlərdən danışıb, həyata keçirmək istədikləri yeni layihələr haqda ARDNŞ prezidentinə məlumat verib. Bu il universitetdə açılan “Kimya mühəndisliyi” fakültəsi ilə “Azərikimya” İstehsalat Birliyi arasında qurulan sıx əməkdaşlıq münasibətlərini qeyd edən qonaq bildirib ki, növbəti tədris ilində açılması planlaşdırılan “Mexanika mühəndisliyi” fakültəsi, habelə informasiya texnologiyaları sahəsində ARDNŞ ilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. ARDNŞ-nin perspektiv layihələrindən, o cümlədən kadr hazırlığı sahəsində həyata keçirdiyi proqramlardan ətraflı söz açan R.Abdullayev qeyd olunan sahələrdə Qafqaz Universiteti tələbələrinin Şirkətin müvafiq idarə və müəssisələrində təcrübə keçmələri, kurs və diplom işləri hazırlamaları üçün gələcəkdə də hər cür şəraitin yaradılacağını vurğulayıb.
Görüşün sonunda Qafqaz universitetinin rektoru Ahmet Saniç bildirib ki, bu ilin mayında universitetdə keçirilən Tələbə Forumu çərçivəsində 3000-dən çox tələbənin səsverməsi əsasında ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev “İlin idman adamı” seçilib. Səsvermədə iştirak edən tələbələr idman sahəsində keyfiyyətli və nümunəvi xidmətlərinə, həyata keçirdiyi yeniliklərə və qazandığı nailiyyətlərə görə Rövnəq Abdullayevə üstünlük veriblər. A.Saniç “İlin idman adamı” nominasiyası üzrə diplomu Rövnəq Abdullayevə təqdim edib. ARDNŞ prezidenti layiq görüldüyü mükafata görə təşəkkürünü bildirib.
Modern.az