Hakim: “Heç kim evindən çıxarılmır”
Artıq bir neçə gündür ki, Dövlət Neft Şirkəti tərəfindən Sabunçu Rayon Məhkəməsinə verilən 6 mindən çox sənədsiz evə bildiriş xarakterli məktublar göndərilib. Bu məktublar da vətəndaşlar arasında təşvişə səbəb olub.
Modern.az məsələyə aydınlıq gətirmək məqsədi ilə Sabunçu Rayon Məhkəməsinin bu işə baxan 9 hakimindən biri Tahir Qubadovla əlaqə saxlayıb. Hakimin sözlərinə görə, 6 minə qədər bildiriş Sabunçu rayonu ərazisində olan sənədsiz evlərə göndərilib. Eyni zamanda Tahir Qubadov onu da bildirib ki, vətəndaşların narahatlığı əsassızdır. “Vətəndaşlar bilməlidir ki, bu bildirişlər onları evlərindən çıxartmaq üçün göndərilməyib. Bu bildiriş məhkəməyə çağırışdır. Bu o deməkdir ki, həmin vətəndaşlar məhkəməyə dəvət edilir ki, məhkəmə iclasında iştirak etsinlər və sənədlərini-sübutlarını, yəni əllərində nələri varsa təqdim etsinlər. Vətəndaşı evindən çıxarmaq üçün məhkəmə qətnaməsi tələb olunur. Qətnamə çıxdıqdan sonra o, icraya göndərilməlidir, icraçılar onun barəsində qərar qəbul etməlidir. Ondan sonra icra hərəkətləri həyata keçirilməlidir. Məhkəmin qərarının nə vaxt veriləcəyi isə dəqiq bəlli deyil. Bu işdən, ekspertizadan, təqdim olunan sübutlardan asılıdır. Çıxarılma o zaman ola bilər ki, məhkəmə icrasının bildirişi olsun. Biri var məhkəmə bildirişi məhkəməyə çağırışla əlaqədar. Biridə var ki, qətnamə çıxıbdır, artıq icraya göndərilibdir. O zaman icraçı bildiriş göndərir ki, könüllü şəkildə icra edilsin. Bunların fərqinə varmaq lazımdır. Bu, o bildirişdən deyil”.
Şahanə Rəhimova