Nazim Məmmədov: “Qüdsi Osmanov Sankt-Peterburqda diasporumuzu bölməklə məşğuldur”
“Sankt Peterburqa səfərim zamanı bir daha əmin oldum ki, diasporun təşkilatlanmasına dəstək verməli olanlar "bölücülüklə" məşğuldurlar. Orada iki diaspor təşkilatı azmış kimi, bir dənə də Mədəniyyət Mərkəzi açıb konsulumuz. Bölücülük ölkədən kənarda da baş verir”.
Bu sözləri Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Nazim Məmmədov facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən N.Məmmədov bildirib ki, ötən həftə elmi konfransda iştirak etmək üçün Sankt-Peterburqda olarkən Azərbaycan diasporunun rəhbərləri ilə də görüşüb:
“Məlum oldu ki, Sankt-Peterburqda üç diaspor təşkilatı var. Oradakı konsulumuz Qüdsi Osmanovun “fəaliyyəti” nəticəsində diasporumuz nəinki birləşmək, hətta parçalanmaq xətti ilə gedir. Bu azmış kimi yaxın bir qohumunun təşkilatçılığı ilə orada bir Mədəniyyət Mərkəzi yaradır. Azərbaycan diasporu bu prinsiplə təşkilatlansa belə çıxır ki, sabah gədəbəylilər, o biri gün şəkililər, qarabağlılar yığışıb hərə birr təşkilat yaratmalıdır. Bu düşüncə tərzi isə ilk növbədə diaspor anlayışı ilə tamamilə ziddir. Azərbaycan diasporu tək Azərbaycan Respublikasını yox, cənab Prezidentin də dediyi kimi, 50 milyonluq Azərbaycan xalqını əhatə etməlidir”.
Sabiq millət vəkili hesab edir ki, həm Xarici İşlər Nazirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi Sankt-Peterburqdakı vəziyyəti qısa zamanda araşdırmalı və bu arzuolunmaz vəziyyəti yaradanlar işlərindən uzaqlaşdırılmalıdır: “Onsuz da Sankt-Peterburqdakı Konsulluğumuz ətrafında zaman-zaman Rusiya mətbuatında da qalmaqallı mövzular çıxıb. Diasporun nümayəndələri bu vəziyyətdən narahatdırlar. Sankt-Peterburqda Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişovun oradakı fəaliyyətini hər kəs yüksək qiymətləndirir. Ancaq Qüdsi Osmanovun fəaliyyəti görülən işlərə də zərbə vurur. Mənə verilən məlumata görə konsul cənab Prezidentin etibar etdiyi bəzi insanların adından da istifadə etməkdən çəkinmir”.
Modern.az