Ağdaş rayonundakı 1 saylı Uşaq bağçasının ərazisində qazıntı işləri aparılarkən torpağın altından bir küp qızılın tapıldığı barədə xəbər vermişdik. Artıq qızıla iddiaçı da taplılıb. Müstəqil jurnalist İlham Gözəlov Modern.az-a açıqlamasında həmin yerin ata-baba yurdu olduğunu deyib. Onun sözlərinə görə, indi sənədlərin toplanması üzərində iş gedir.
“Çox yerə müraciət etsəm də, arxivlər yandığı üçün heç harda məlumat yoxdur. Həmin yer mənim babam Gözəlov Məhəmməd Hacı oğluna aiddir. Babam o dövrdə riyaziyyatçı və tacir olub. Atam İsmayıl Gözəlov yazıçı olub. Bibim Gözəlova Safura Məhəmməd qızı hazırda sağdır. Dünən onunla ətraflı danışmışam. Bibim dedi ki, o yer babamın olub. Bolşeviklər gələndə babam siyasi səbəblərə görə Bakıya köçüb və paytaxtda yaşayıb. Ondan sonra ev dövlətin mülkiyyətinə keçib. Ağdaş rayonu Üçqala ərazisində hektarlarla ərazi də dövlətə qalıb. Babamın bağında hər cür meyvə olub. Sonradan bu ərazini də hissə-hissə bölüb insanlara veriblər. Orada yaşayanların əksəriyyəti də Gözəlovlar nəslindəndir”.
Jurnalist indi bağça tikilən yerin babasının doğma evi olduğunu iddia edir: “Orada əvvəldən uşaq bağçası yerləşirdi. 10 gün bundan qabaq həmin uşaq bağçasının yerində təzəsini tikmək üçün təməl qazıblar. Qızıl küpə də o zaman ortaya çıxıb”.
Anar Kəlbiyev