Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Hacettepe Universitetinin nümayəndələri ilə görüş keçirilib. Modern.az xəbər verir ki, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov rəhbəri olduğu ali təhsil ocağı, son illər istifadəyə verilmiş klinikalar haqqında qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, indiyə qədər Azərbaycan Tibb Universiteti Türkiyənin bir sıra universitetləri ilə tələbə mübadiləsi aparıb və bu proses indi də davam edir.
“Respublikamız müstəqillik qazandıqdan sonra ATU-nun işbirliyi yaratdığı ilk Türkiyə universiteti məhz Hacettepe Universiteti olub. Murad bəyin rektor təyin olunması isə münasibətlərimizin daha da genişlənməsinə şərait yaratdı. Bu günə kimi bir çox Türkiyə universitetlərilə müqavilələr imzalamışıq. İstanbul, Samsun və digər universitetlərlə hər il tələbə mübadiləsi aparırırıq”.
ATU-nun keçən il 100-dək tələbə mübadiləsi apardığını deyən Ə.Əmiraslanov gələcəkdə elm və təhsil sahəsində müqavilələrin sayının artırılacağını, müxtəlif tədbirlərin birgə keçiriləcəyini diqqətə çatdırıb.
”Bu gün Türkiyədə təhsil alan tələbələrimiz çoxdur. Hesab edirəm ki, bundan sonra da bizim əlaqələr daha da genişlənəcək. Müqavilələrimizin sayını artıracağıq. Hər zaman Türkiyə ilə əlaqələrimizi genişləndirməyə hazırıq”.