“Azərbaycanın 20 faiz torpağı işğal altındadır. İşğal olunmuş ərazilərdə hansısa bir qondarma seçkilərin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”. Bunu jurnalistlərə açıqlamasında deputat Mübariz Qurbanlı deyib. Deputat Dağlıq Qarabağda, işğal olunmuş ərazilərdə keçirilən seçkilərin beynəlxalq təşkilatlar tərəfindən heç zaman qəbul olunmadığını bildirib:
“Dünyada mövcud qanunlar və qaydalar var. Yalnız Azərbaycanın ərazisi deyil, ayrı-ayrı ölkələrində ərazilərində işğal olunmuş bu və ya digər torpaqlar var. BMT-nin, beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və digər sənədlər var. BMT Təhlükəszilik Şurasının bu ərazilərlə bağlı dörd qətnaməsi var, ATƏT-in və Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri var. Buna görə də, işğal olunmuş ərazidə İrəvan rejimi tərəfindən keçirilən bu və ya digər seçki heç kim tərəfindən tanınmır və bundan sonra da tanınmayacaq. Çünki bu ərazi Azərbaycan ərazisidir. Bu ərazi işğal altındadır. Beynəlxalq sənədlərdə bu ərazini işğal olunmuş ərazilər hesab edir. Buna görə də orada hansısa bir qondarma, oyuncaq rejimin yaradılması Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmir. Keçirilən seçkilər beynəlxalq qanuna zidd sayılır. Qondarma və işğalçı rejimin keçirdiyi seçkiləri pisləyirik və bütövlükdə bu cür hərəkətlərin sülh prosesinə mənfi təsir göstərdiyini qeyd edirik”.
Deputat Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsində olduğunu deyib.
“Biz Minsk qrupu tərəfindən də hər dəfə bu oyuncaq rejimdə keçirilən seçkilərlə əlaqədar mənfi rəylər eşidirik. İndi zamanı çatıbdır ki, bütövlükdə ATƏT və BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərində Dağlıq Qarabağda yaradılmış oyuncaq rejim tərəfindən keçirilən seçkilərə çox kəskin reaksiya versin. Bu cür seçkilərin keçirildiyinə görə, Ermənistan siyasi xarakterli sanksiyalar tətbiq etsin. Bu olarsa, gələcəkdə erməni rejimi bu cür seçkilərin həyata keçirilməsinə yol verməz. Bildirilən münasibətlər sanksiya şəklində həyata keçirilməlidir. Hesab edirəm ki, bu seçkilər baş tutmaycaq. Bu seçkilər yalnız erməni təbliğatını həyata keçirmək üçün keçirilir”.
Anar Kəlbiyev