“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 24-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2012-2013-cü il tədris ili üçün ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsini keçirəcək”.
Modern.az xəbər verir ki, bu sözləri TQDK sədri Məleykə Abbaszədə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bakalavrlar imtahanda iştirak etmək üçün iyunun 4-dən öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər. Proqram seçimində 4 mart 2012-cil il tarixində keçirilmiş qəbul imtahanın birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqraımını seçərək təsdiqləyiblər. Onlardan 7418 nəfəri Azərbaycan, 1111 nəfəri isə rus bölməsinin məzunlarıdır.
Bakalavrlardan 3661 oğlanlar, 4868 nəfəri isə qızlardır. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 7612 nəfəri Bakı şəhərində, 221 nəfəri Naxçıvan şəhərində, 656 nəfəri isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulub. İmtahan keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncə şəhərinin hər birində 1 imtahan mərkəzi ayrılıb.
M. Abbaszadə müqayisə üçün qeyd edib ki, 2011-ci ildə 7866 bakalavr imtahanın ikinci mərhələsinə buraxılıb.
Bakalavrlar iyunun 21-dən etibarən öz elektron ərizələrinə daxil olaraq imtahan buraxılış vərəqəsini çap edib götürə bilərlər.
İmtahan iyunun 24-də saat 13:00-da başlanacaq. Sualların cavablandırılması üçün bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. İkinci mərhələnin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
Mail Ağaxanov