“Bu gün Qarabağ və digər məsələlər ilə əlaqədar danışıqlar aparılacaq və çox əhəmiyyətli qərarlar qəbul ediləcək” Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi Əli Əhmədov deyib. Deputat qeyd edib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı həmişə Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bildirib.
“Bu qurum dəfələrlə bu barədə açıq şəkildə bəyanatını verib. Güman edirəm ki, noyabr ayında Bakıda keçiriləcək növbəti Beynəlxalq Asambleyanın 7-ci konfransında da, bu təçkilat öz qətnaməsində Dağlıq Qarabağla əlaqədar əhəmiyyətli mövqeyini bir daha ortaya qoymuş olacaqdır”.
Həmsədrlərin regiona səfərinə toxunan Ə.Əhmədov onların bu səfərlərinə etiraz etmədiyini bildirib.YAP rəsmisi təəssüf hiss ilə qeyd edib ki, onların regiona çoxlu sayda olan səfərləri münaqişənin nizama salınmasına əhəmiyyətli təsirini göstərə bilməyib:
“Biz münaqişənin tezliklə həll olunmasını, işğal olunmuş torpaqlarımızın geriyə qaytarılmasını və məcburi köçkünlərin öz doğma yurd-yuvasına qaytarılmasını gözləyirik. Xüsusilə qeyd etmək lazımdır ki, həmsədrlər regiona dəfələrlə səfər ediblər. Bu səfərlər say hesabı ilə o qədər çoxdur ki, xalq arasında buna turist səfərləri adı verilməyə başlayıb. Səfərə gəlirlərsə, qarşılarına münaqişənin nizama salınması prosesinin irəliyə aparılması kimi məqsəd qoyublar. Əhəmiyyətli təsir dedik də biz münaqişənin sona yetməsini və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını gözləyirik. Münaqişəni nizama salmaq niyyətində olan həmsədrlərin təcavüzkara açıq şəkildə Azərbaycan torpaqlarında əl çəkmələrini şərt olaraq qarşılarına qoymalıdır. Əgər bu şərtlərə əməl edilməsə, münaqişənin həll olunması üçün həmsədrlərin atdığı addımlar bundan sonra da öz nəticəsini verə bilmiyəcəkdir”.
Modern.az