Azərbaycan Milli Istiqlal Partiyası (AMİP) bəyan edib ki, son bir neçə gündə “Azadlıq” qəzeti səhifələrində AMİP və onun Lideri Etibar Məmmədov haqqında böhtan və həqiqəti əks etdirməyən məlumatlar öz əksini tapıb. Yazılanlarla bağlı AMİP Mərkəzi Şura sədri Rəşad Bayramovun mövqeyini belə açıqlayıb:
“İlk olaraq son iki gündə “Azadlıq” qəzetinin səhifələrində 4 iyun hadisələri ilə bağlı AMİP və onun lideri Etibar Məmmədov haqqında Turqut Ər və İbrahim İbrahimli tərəfindən səslənən iddialara cavab olaraq bildirmək istəyirəm ki, hər iki şəxsin fikirləri böhtan və cəfəngiyyatdan başqa bir şey deyil. Demək olar ki, hər il bu cür sərsəm iddialar səsləndirilib və tərəfimizdən də cavablandırılıb. Adi bir kağız parçasını məxfi sənəd adı ilə cəmiyyətə təqdim edən Turqut Ər cənablarının hadisələrdən 19 il sonra bu cür böhtanla çıxış etməsinin səbələri məlum olmasa da, bunun AMİP və onun Lideri Etibar Məmmədova qarşı növbəti qara piar kampaniyası olduğu gün kimi aydındır. Bu cür yazının hər hansı bir araşdırma aparılmadan, adları çəkilən partiyaların və şəxslərin fikirləri öyrənilmədən ölkənin aparıcı qəzetlərindən birində dərc edilməsi isə təəssüfedicidir və “Azadlıq”qəzetinə başucalığı gətirmir”. R.Bayramov deyib ki, buna bənzər cəfəng fikirlər İbrahim İbrahimli tərəfindən də səsləndirilib.
”Etibar Məmmədovu cılız firqə maraqlarından çıxış etməkdə və vəzifə təmənnası olmaqda günahlandıran İbrahim bəyin hər hansı bir hakimiyyət dönəmində hətta uşaq bağçasını idarə etmək üçün görəvləndirilməməsini qeyd edərək nəzərinə çatdırmaq istəyirəm ki, Etibar Məmmədova istər AXC hakimiyyəti dövründə, istərsə də Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə baş nazir postu təklif olunub. Odur ki, Etibar Məmmədovu vəzifə təmənnası olmaqda günahlandırmaq məsuliyyətsiz çıxışdan başqa bir şey deyil. Son olaraq hər iki şəxsin nəzərinə çatdırmaq istəyirəm ki, iyun hadisələri ilə bağlı ən dolğun və dəqiq məlumat, istər beynəlxalq güclərin təsiri istərsə də hakimiyyət daxilində baş verən oyunlar barədə ən müfəssəl məlumat rəhmətlik Əbülfəz bəydə olub. Və onun Kələkidən qayıtdıqdan sonra atdığı addımlar kimin kim olduğunu sübüt edir. Xatırladıram ki, Əbülfəz bəy Bakıya qayıtdıqdan sonra AXCP sədri olaraq səlahiyətlərinin birbaşa icrasına başladıqdan sonra yalnız AMİP və onun lideri Etibar Məmmədovla ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayıb və bununla da AMİP haqqında səslənən şər və böhtanlara bağlı öz mövqeyini ortaya qoyub”.
Modern.az