İyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və artıq yeddinci ildir ki, dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.
”Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır”-deyə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib.
Rəsmi məlumata görə, 01.04.2012-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 11 126 nəfər təşkil edir. Onlardan 67,2 faizi yaşa görə, 23,1 faizi əlilliyə görə, 9,7 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 338,2 manatdır.