Modern.az

Yiyəsiz “uşaq”

Yiyəsiz “uşaq”

22 İyun 2012, 12:48

Bu gün bir çox bələdiyyələr ehtiyat fondu torpaqlarından süni yollarla məhrum olunub. Səbəbi də budur ki, bələdiyyə qurumları yeni fəaliyyətə başladığı dövrdə bəzi adamlar qanundakı boşluqlardan istifadə edərək həmin torpaqları icarə adı ilə ələ keçirib. Ona görə də bağlanmış müqavilələrdə icarə müddəti 40-50 il, bəzən hətta bundan da çox göstərilib. İcarə müddətinin belə fantastik rəqəmlə ifadə olunmasının arxasında yalnız bir məqsəd durub: bələdiyyə torpaqlarına sahiblənmək. Yəni 40-50 ildən sonra ya xan ölər, ya nökər və elə bir şərait yaranar ki, icarəçi həmin torpağı asanlıqla özününküləşdirə bilər. Zaman keçib və bələdiyyələr indi öz xeyir-şərini anlamağa başlayıb. Lakin anlamaqla iş bitmir. Ayrı-ayrı fiziki şəxslərin bağladıqları daşdan keçən müqavilə sənədləri bələdiyyələrin qarşısını Çin səddi kimi kəsib, onlar bu maneəni aşıb pozulmuş hüquqlarını bərpa edə bilmirlər. Məhkəmələr də sənədə baxıb qərar çıxarırlar. Təbii ki, bələdiyyələrin zərərinə. Bu cür problemlə üzləşən yerli özünüidarəetmə qurumlarından biri də Tovuz rayonundakı İbrahimhacılı bələdiyyəsidir. Bələdiyyənin vur-tut 30 hektar su tutan, əkinə yararlı ehtiyat fond torpağı var. Torpağın adı bələdiyyənin olsa da, dadı Yusifova Şöhrət Müstəcəb qızınındır. Bu xanım 2003-cü ildə bağladığı müqavilə ilə bələdiyyənin əkinə yararlı ehtiyat fond torpağının hamısını 45 il müddətinə icarəyə götürüb. İndi xeyrini o görür, bələdiyyə isə qalıb barmağını sora-sora. Şöhrət Yusifova bələdiyyənin ehtiyat fond torpağını uzun müddətə icarəyə götürmək bir yana, dövlətin təyin etdiyi qaydada qanuni rüsumu belə ödəmir. Məlumat üçün deyək ki, Nazirlər Kabinetinin 2000-ci il qərarı ilə torpağın hər sotunun icarə haqqı verginin iki mislindən az olmamalıdır. Bu hesabla, götürdükdə 30 hektar torpağa görə bələdiyyəyə ildə 600 manat pul ödənməlidir. Şöhrət Yusifova isə əvəzində cəmi-cümlətanı 135 manat ödəyir. Ötən il sərfəsiz və ədalətsiz müqavilənin ləğvi barədə bələdiyyə iclasında qərar qəbul edilib. Lakin məhkəmə həmin qərar əsasında irəli sürülən ittihamı qəbul etməyərək, sahibkarın xeyrinə hökm çıxarıb. Bu məsələ ilə əlaqədar İqtisad Məhkəməsinə müraciətin də bir nəticəsi olmayıb.

 Bir sözlə, bələdiyyə hansı qapıya üz tutursa, əli ətəyindən uzun geri qayıdır. Necə deyərlər, bir dəli quyuya daş atıb, yüz ağıllı yığışıb çıxara bilmir. Söhbət zamanı İbrahimhacılı bələdiyyəsinin hazırkı sədri Səyyad Əjdərov bunları dedi:

-Şöhrət Yusifova bələdiyyə torpağından gəlir götürməsəydi, bəlkə də bu boyda dava açmağa ehtiyac qalmazdı. O, haqqında söhbət gedən 30 hektar bələdiyyə torpağında neçə illərdir ki, taxıl, yonca əkir və hər il təxminən 10 min manat həcmində gəlir götürür. Üstəlik də torpağın hər hektarına görə dövlətdən hər il 40 manat subsidiya alınır. Bütün bunların qarşılığında bələdiyyəyə ödənən 135 manat rüsum əslində heç nədir. Halbuki bələdiyyə bu torpaq sahəsində sahibkarlıq fəaliyyətini öz üzərinə götürsə, ildə 15 min manat gəlir əldə edər. Məsələ burasındadır ki, seçkili orqanın fəaliyyətində vaxtilə yol verilmiş səhvi düzəltmək, ədalətsizliyi aradan qaldırmaq bu gün bizim üçün həlli mümkün olmayan müşkülə çevrilib.
Məsələ bir də burasındadır ki, keçmiş səhvin cəzasını hazırkı bələdiyyə çəkir. Əgər qanunda boşluq varsa və bu, bələdiyyənin əl-ayağını çidarlayıb öz hüquqlarını müdafiə etməsinə maneçilik törədirsə, Milli Məclisdə bununla bağlı məsələ qaldırılmalı və qanunda düzəlişlər həyata keçirilməsi gündəmə gəlməlidir. Çünki bu, bir bələdiyyənin məsələsi deyil, bütün ölkəni əhatə edir.

Azərbaycanda bələdiyyə sistemi yaxın tarixdə təsis edilib və qanunda bəzi boşluqların üzə çıxmasına da təbii baxmaq lazımdır. Ona görə də Milli Məclisdə vaxtı çatdıqca bələdiyyə haqqında qanunlara yenidən baxılır, əlavə və düzəlişlər edilir. Qanunların təkmilləşməsi mövcud boşluqları doldurmaqla yanaşı, həm də bələdiyyələrin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə kömək göstərir. Ancaq nədənsə bu gün bələdiyyələrin ehtiyat fond torpaqlarının sahibinə qaytarılması məsələsində Milli Məclis görünməmiş dərəcədə təmkin nümayiş etdirir, bu boşluğu doldurmaq üçün qanunda düzəlişlər etməyə təşəbbüs göstərmir. Yerlərdən verilən siqnallarda torpaqları icarəyə götürənlər arasında deputaların, müxtəlif vəzifə sahiblərinin də olduğu bildirilir. Problemin həllinin dalana dirənməsinin bir səbəbi də, görünür, burada axtarılmalıdır. Bəli, əsas gəlir mənbələrindən sayılan ehtiyat fond torpaqlarının müxtəlif üsullarla zəbt olunması və əvəzində qəpik-quruş ödənilməsi neçə illərdir ki, bələdiyyələrin cibini boş qoyur.

Demokratik islahatlardan doğulan bir qurumun bu gün nə atası var, nə anası. Kimlərsə bu yiyəsiz “uşağ”ın ayağa qalxmasını, yeriməsini istəmirlər. Bu gün-sabah 15 yaşı tamam olacaq, hələ də yerdə sürünür. Belə çıxır ki, bu yerli özünüidarəetmə qurumu görüntü xatirinə yaradılıb. Soruşan yoxdur ki, heç bir səlahiyyət sahibi deyilsə və üstəlik yeri də əlindən alınıbsa, o nəyi idarə edir? İcra strukturlarının yerlərdəki nümayəndələrinin hakimi-mütəq olduqlarını gördükdən sonra bunu soruşmaqdan vaz keçirsən və düşünürsən ki, bələdiyyə məkləməyə yer tapırsa,  buna da şükür eləmək lazımdır.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU