Modern.az

“Turqut Özalın ölümündə Rusiya kəşfiyyatının əli var” - İDDIA

“Turqut Özalın ölümündə Rusiya kəşfiyyatının əli var” - İDDIA

22 İyun 2012, 15:43

1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış, millət vəkili Fazil Mustafa Türkiyənin sabiq prezidenti Turqut Özalın Azərbaycanda zəhərlənib öldürülməsi haqda yayılan məlumatlarla bağlı Modern.az-a açıqlama verib. F.Mustafa uzun illərdir ölüm səbəbi sirr qalan Turqut Özalın Bakıda zəhərlənərək öldürülməsinin mümkün olduğunu deyib.

“Türkiyənin keçmiş prezidenti Turqut Özalın ölümü ilə bağlı Azərbaycanın adı hallanırsa, bu birbaşa Rusiya kəşfiyyatı ilə bağlı ola bilər. Düşünmürəm ki, Azərbaycan tərəfi Turqut Özalın ölümündə  əlaqəli olsun. Ona Bakıda sui-qəsdin olacağına inanmıram. Amma bu mümkün də ola bilər. Əgər Özalın ölümündə Bakının adı çəkilirsə, güman edirəm ki, bu yalnız Rusiya kəşfiyyatı tərəfindən edilə bilərdi. O zaman Turqut Özala Azərbaycanda xilaskar kimi baxırdılar. Özalın ölümünü istəyən elə bir azərbaycanlı ola bilməzdi ki, ona sui-qəsd etsin.

Əgər Turqut Özala Azərbaycanda sui-qəsd edilibsə, belə bir iddia ortaya atılırsa, deyə bilərəm ki, bu cinayət ancaq Rusiya ilə bağlıdır. Məncə yalnız rus kəşfiyyatının bu cinayətdə əli ola bilər”, - deyə F.Mustafa qeyd edib.

F.Mustafa Turqut Özalın sonuncu dəfə Azərbaycana səfəri zamanı o zamanki prezident Əbülfəz Elçibəylə geniş tərkibdə görüşdüyünü bildirib. Deputatın sözlərinə görə, Türkiyənin sabiq prezidentinin Bakıda başqa kiminlə görüşməsi isə məlum deyildi.

“Turqut Özal Azərbaycana səfər edərkən prezidentlə görüşmüşdü. Başqa kimlərlə görüşməsi haqda məlumatım yoxdur. Azərbaycanın o zamanki hakimiyyəti Turqut Özalın ölümü ilə özünün böyük dəstəyini itirdi. Bu baxımdan hakimiyyətin bu cinayətdə rolu ola bilməzdi. Hazırda dəqiq sübuta yetirilməyib ki, Turqut bəyə sui-qəsd Bakıda edilib, yoxsa Türkiyədə. Bu hələ sübut olunmayıb. O zaman Azərbaycanın gücü olmayan kəşfiyyatı bunu edə bilməzdi”.

Qeyd edək ki, Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa 1992-1993-cü illərdə Prezident Aparatı dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-1998-ci illərdə Türkiyədə mərhum eks-prezident Əbülfəz Elçibəyin özəl təmsilçisi olub.

Türkiyənin səkkizinci prezidenti olan T.Özal 1993-cü il aprelin əvvəlində Bakıda səfərdə olub.  

Turqut Özal 1993-cü il aprel ayının 17-də vəfat edib. Ailəsi onun ölümünün səbəblərini aydınlaşdırmaq üçün eks-prezidentin qəbrinin açılmasını istəyir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?