Modern.az

Milli təhlükəsizlik nazirinin sabiq müavini Turqut Özalın ölümündən danışdı

Milli təhlükəsizlik nazirinin sabiq müavini Turqut Özalın ölümündən danışdı

Təhsil

22 İyun 2012, 17:49

Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özalın vəfatından 20 ilə yaxın vaxt keçsə də, mərhumun ölüm səbəbləri barədə yeni iddialar irəli sürülür. Bu yaxınlarda keçmiş prezidentin ailəsi tərəfindən məsələ yenidən gündəmə gətirilib.

Türkiyə mətbuatında eks-prezidentin 1993-cü ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı ölümünə səbəb olan zəhərlənmənin baş verməsi və sabiq ölkə başçısına qarşı Bakıda sui-qəsd edilməsi haqda ciddi ittiham əks olunub. Hətta, cinayəti törədən şəxsin adı çəkilib.

Azərbaycana qarşı yönələn ittihamların ciddiliyini nəzərə alaraq Modern.az-ın əməkdaşı o zaman milli təhlükəsizlik nazirinin müavini işləmiş Sülhəddin Əkbərdən məsələ ilə bağlı münasibət öyrənib.

S.Əkbər Türkiyənin keçmiş prezidenti Turqut Özalın Bakıda zəhərlənməsi barədə iddialara belə münasibət bildirib:

“Qeyd edim ki, hələ o dövrdə də Turqut Özalın öldürülməsinə dair müəyyən şübhələr var idi. Lakin Türkiyə tərəfi bunu araşdırmadığına görə, Azərbaycanda da bu məsələ bağlı olaraq qaldı. Rəsmi olaraq hər hansı fikir söyləmək mümkün deyil. Konkret fakt olmadan kimisə ittiham etmək düzgün olmazdı. Sadəcə bəzi məqamları nəzərə almaq lazımdır ki, Turqut Özalın Azərbaycan hakimiyyətinə dəstək verməsi Ermənistanla yanaşı, Türkiyədə də ciddi narahatlığa səbəb olurdu. Bir çox dairələr bunu qəbul etmək istəmirdilər. T.Özal hətta Ermənistan məsələsində də Azərbaycana çox böyük dəstək olurdu”.

Sabiq nazir müavininin sözlərinə görə, Turqut Özal yeni qurulan Azərbaycan hakimiyyətinə dəstək verdiyi üçün onun Bakıda hökumət tərəfindən öldürülməsi mümkün deyildi.

S.Əkbər Turqut Özalın Azərbaycana səfər etdikdən sonra 17 aprel 1993-cü il tarixində gözlənilmədən ölməsi və bir müddət sonra AXC hakimiyyətinin devrilməsi ilə bağlı məqamları belə şərh edib.

“Düşünürəm ki, konkret cinayəti sübut edən fakt olmadığından kimisə nədəsə ittiham etmək düzgün olmaz. Həmin dövrdə Turqut Özalın Azərbaycan hakimiyyətinə dəstək verməsi, qarşılıqlı münasibətlər bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanırdı. Hətta Türkiyədə də vəziyyət gərgin idi. Turqut Özalla Süleyman Dəmirəl arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Həmin dövrdə Turqut Özal milli hökumətə dəstək verirdi, eyni zamanda Əbülfəz Elçibəy də Özal hakimiyyətini dəstəkləyirdi. Özalın o dövrdə Türkiyədə reytinqi əhəmiyyətli dərəcədə artmışdı. Bunun müqabilində Süleyman Dəmirəl də Azərbaycanda Elçibəyin müxalifətinə dəstək verirdi. Turqut Özalın ölümü Cəbhə hakimiyyətinə dəstəyin azalmasına səbəb oldu. Bundan sonra Türkiyədə Süleyman Dəmirəl hakimiyyətə gəldi”, - deyə keçmiş nazir müavini vurğulayıb.

Türkiyənin eks-prezidenti Turqut Özal 1993-cü ilin aprel ayında Azərbaycana səfər etdikdən sonra həmin ayın 17-də gözlənilmədən dünyasını dəyişib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatında dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində çalışmış Fazil Mustafa keçmiş prezidentin ölümündə Rusiya kəşfiyyatının rolu olduğunu iddia edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu