Modern.az

Deputat: “Bu o demək deyil ki, kim-kimi istəsə, döyə bilər”

Deputat: “Bu o demək deyil ki, kim-kimi istəsə, döyə bilər”

Təhsil

22 İyun 2012, 18:28

”Yeni qanunun qəbul olunması döyülməni işgəncədən ayırd etməkdir”. Bu sözləri Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvu Çingiz Qənizadə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsini şərh edərkən deyib.

”Biri var döymək, biri də var işgəncə vermək. Bunlar ayrı-ayrı maddələrdir. İndiyə kimi bunlar Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə tənzimlənirdi. Burada da bəzi qarışıq məqamlar var idi”.

Ç.Qənizadə Ombudsmanın hesabatında işgəncə ilə bağlı məsələyə ayrıca yanaşma tövsiyə olunurdu və Milli Məclisdən də buna müsbət cavab verilib.

Ç.Qənizadə  əvvəllər döyülmə ilə işgəncəni ayırmağın çətin olduğunu deyir: “Misal üçün ailə üzvlərindən kimsə birinə bir sillə vuranda, yaxud da bir neçə dəfə sillə vuranda buna qiymət verilməsi çətin idi. Bunun işgəncə, yaxud da döyülmə olduğunu ayırd etmək çətinlik idi”.

Hüquqşunas onu da bildirib ki, döyülmə olanda da buna qanunla nəzarət olunacaq.
”Bu o demək deyil ki, kim-kimi istəsə, döyə bilər. Əlavə olaraq, hansısa insidentə görə Cinayət Məcəlləsi ilə müəyyən nəzarət tətbiq olunacaq”.

Ç.Qənizadə işgəncənin tamamilə başqa bir şey olduğunu deyib: “Amma işgəncə tamamilə başqa bir şeydi və buna qiymət də ayrı cür veriləcək. Artıq bununla bağlı Cinayət Məcəlləsinin 133-cu maddəsi tərtib olunur”.

İnzibati Xətalar Məcəllənin 38-1 maddəsinə təklif olunan əlavədə qeyd olunur ki, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə nəzərdə tutulur, yaxud, işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqala 15 günədək inzibati həbs tətbiq olunur.

Layihədə göstərilir ki, bu əməl sağlamlığa ağır, az ağır, yüngül zərbə vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Döymə inzibati xəta olduğu halda həmin xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır.

İnzibati xətanın törətmiş şəxs zərərçəkmiş şəxslə barışıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Xatırladaq ki, hazırki Cinayət Məcəlləsində bu əmələ görə xüsusi bir maddə yer alır.
CM-nin 132-ci (döymə) maddəsində qeyd olunur ki, qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi