İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair Saziş” imzalanıb. Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko Ravazi Mehriban xanım Əliyevaya Romaya bu səfərinə və görüşə görə təşəkkürünü bildirib. Görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd edib. Kardinal Ravazi vurğulayıb ki, bu gün imzalanacaq sənəd dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurubdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu əməkdaşlığın inkişafında daim maraqlıdır. Sonra imzalanma mərasimi oldu. Mərasimdə Mehriban xanım Əliyeva çıxış edib.
Modern.az